Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir

IX Qlobal Bakı Forumunda Prezident İlham Əliyev Bakıda və iyunun 19-da Şuşada müzakirə olunan məsələlərin qərar qəbul edən şəxslər üçün vacib olacağını bildirdi. Həmçinin yeni yanaşmaların işlənib hazırlanmasına ehtiyac olduğunu vurğuladı: “Yeni yanaşmalar haqqında danışarkən görürük ki, ötən ilin noyabrına təsadüf edən, burada – “Gülüstan” sarayında keçirilən görüşümüzdən bəri dünyanın dəyişməsi aydındır. Dəyişiklik fundamentaldır. Hələ ki, proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur, lakin dünyanın fərqli olacağı aydındır və o, artıq fərqlidir”.

Təhlükəsizlik məsələlərinin beynəlxalq arenada və beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çev­rildiyi üçün hər bir ölkənin bu prosesə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı töhfə verməli olduğunu vurğulayan dövlət başçısı, Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılmasının vacibliyinə əminliyini bildirdi. Dedi ki, Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir forumdur və hesab edirəm ki, bu, belə də olmalı­dır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq. Dövlət başçımız dedi: “Əlbəttə, Azərbaycanın Prezidenti olaraq mən ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışıram və Qarabağ münaqişəsinin həlli, zənnimcə, regionda təhlükəsizlik və sülh üçün bir fürsətdir. Keçən dəfə görüşəndə mən iş­ğal, dağıntı və xalqımızın, demək olar ki, otuz il əziyyət çəkdiyi humanitar böhranla bağlı məsələyə geniş şəkildə toxundum. Bunları təkrarlamaq istəmirəm, bunlar artıq məlumdur. Çünki işğaldan azad edilmiş ərazilərdə o qədər ziyarətçilər – siyasətçilər, ictimai xadimlər, jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri olublar, onlar hər şeyi, erməni işğalından sonra hansı dağıntıların qaldığını öz gözləri ilə görüblər”.

Müharibədən sonrakı vəziyyət, Qafqazda regional təhlükəsizliklə bağlı yanaşmalarımızı ifadə edən dövlət başçı­sı qeyd etdi ki, Azərbaycan müharibədə qalib gəldi. Vətən müharibəsi, beynəlxalq hüququn və Azərbaycan xalqının mil­li ləyaqətinin bərqərar olunması ilə nəticələndi: “İndi biz sülh haqqında danı­şırıq. Hesab edirəm ki, belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Müharibələr tarixinə baxsanız, bir çox hal­larda bu mənzərə müşahidə edilmir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmış­dır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır”.

Forum iştirakçılarına çatdırıldı ki, Ermənistanla münasibətlərin normal­laşması prosesində Azərbaycan tərəfi sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edib. Ermənistan cavab verməyib. Sonra daha bir addım atılıb. Hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipi və Azərbaycan tərəfin təklifinin əsasını təşkil edən başqa prinsiplər də irəli sürülüb. Beş prinsipin Ermənistan hökuməti tərəfindən qəbul edilməsi, müsbət dinami­kadır. Prezident bu məsələ ilə bağlı dedi: “Lakin indi biz praktiki icraya keçməliyik. Çünki işğal vaxtının tarixindən bildiyimizə əsaslanaraq danışıqlar apararkən bəzən Ermənistan rəsmiləri tərəfindən hətta yüksək səviyyədə ifadə edilmiş sözlərin o qədər də böyük məna daşımadığını bilirik. Çünki bizə addımların atılması lazımdır. Azərbaycan artıq öz tərəfindən sülh razılaşması üzrə komissiyasını yaradıb və biz eyni addımın Ermənistan tərəfindən atılmasını da gözləyirik. Bu addım atılan kimi və ya atılan təqdirdə danışıqlar başlayacaqdır”.

Prezidentin çıxışında Üçtərəfli Bəyanata əsasən, Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə öhdəlik götürdüyü, artıq il yarım­dır ki, ermənilərin Laçın yolundan istifadə etdikləri və maneəsiz əlaqəyə malik olduqları forum iştirakçılarının diqqətinə çatdırıldı. Vurğulandı ki, azərbaycanlılar isə Ermənistan ərazisindən keçən, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Dəhlizin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindən biri hesab edilir. Dövlət başçısı əlavə etdi ki, əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqın­da danışmaq çətin olacaq: “Bir daha qeyd etmək istəyirəm ki, bu, vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi, Ermənistan hökuməti müvafiq bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var”.

Forum iştirakçılarının diqqətinə çat­dırıldi ki, Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Yəni, bizim Konstitusiyamıza görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən illər boyu Azərbaycanda yaşayan ermənilər. Bütün hüquqlar və təhlükəsizlik məsələləri Azərbaycan tərəfindən təmin ediləcək. Dövlət baş­çımızın bildirdiyi kimi, Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb.

Rasim QƏHRƏMANOV,

“Medikal Plaza” klinikasının şöbə müdiri

 

22 İyun 2022 08:42 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə