Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələ

Mən Şavkat Miromonoviçin apardığı islahatları – Özbəkistanın investisiya baxımından cəlbediciliyinin, sənaye potensialının artırılması, sosial məsələlərin həlli üzrə apardığı islahatları çox yüksək qiymətləndirirəm. Biz müxtəlif beynəlxalq tədbirlər çərçivəsində, o cümlədən Bakıda da dəfələrlə görüşmüşük, fikir mübadiləsi aparmışıq. Əlbəttə, Özbəkistan kimi müsbət demoqrafik dinamikaya malik olan ölkə bu təhdidlərin öhdəsindən gəlir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Bu gün biz tarixin dərslərini nəzərə almaqla Heydər Əlirza oğlu Əliyevin nadir şəxsiyyətinə bir daha dərin ehtiramımızı bildiririk. Bir an və əbədiyyət öz aralarında ayrılmaz şəkildə bağlı olduğu kimi, Heydər Əliyevi də Azərbaycan xalqının tarixindən və onun həyatından ayırmaq olmaz.

Şavkat MİRZİYOYEV

 Özbəkistan Respublikasının Prezidenti

 

Özbəkistanın o zamankı Prezi­denti İslam Kərimovun Azərbaycana ilk səfəri 1996-cı ildə reallaşıb. Səfər çərçivəsində iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər pa­keti, o cümlədən, “Azərbaycan Res­publikası və Özbəkistan Respublika­sı arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb.

Onu da qeyd edək ki, ümum­milli lider Heydər Əliyev 1996-cı il oktyabrın 21-22-də Türkdilli Dövlətlər Başçılarının IV Foru­munda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. Ulu öndərin 1997-ci ildə Özbəkistanın paytaxtı Daşkəndə səfəri isə iki ölkə arasında münasibətlərin daha da inkişafına təkan verib. Başqa sözlə, həmin səfər çərçivəsində rəsmi Bakı və Daşkənd arasında imzalanan 19 sənədin icrası ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan ara­sında əlaqələrin yeni mərhələyə yüksəlməsini şərtləndirib.

Bu sənədlər içərisində “Azərbaycanla Özbəkistan ara­sında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə” böyük əhəmiyyət kəsb edib. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm fundamental hüquq-müqavilə bazası yaradıb. Sənədlərin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev deyib: “Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inki­şaf edib möhkəmlənsin”. Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov isə bildirib: “İki ölkə ara­sındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır”.

Ölkələrimiz arasında cari münasibətlərin strateji istiqamətləri məhz yuxarıda qeyd etdiyimiz iki səfər (Özbəkistan Prezidenti İslam Kərimovun 1996-cı ildə Azərbaycana və ümummilli lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfərləri) zamanı müəyyənləşdirilib.

Prezident İlham Əliyev iyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışında çıxış edərkən ulu öndərin Azərbaycan–Özbəkistan münasibətlərinin dərinləşməsindəki fəaliyyətini yüksək dəyərləndirərək, deyib: “Şavkat Miromonoviçin düzgün olaraq qeyd etdiyi kimi, Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. Onun oğlu kimi, canlı şahid kimi təsdiq edə bilərəm ki, 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi. Şavkat Miro­monoviç ilə biz də bu şanlı estafeti davam etdiririk. Biz xalqlarımızı inki­şaf yolu ilə və sıx qarşılıqlı fəaliyyət yolu ilə aparırıq”.

Dövlətimizin başçısı daha sonra vurğulayıb ki, bugünkü dövlət səfəri təkcə iki ölkə rəhbərinin niyyətlərinin sübutu deyil, həm də qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir. Özbəkistan xalqı Heydər Əliyevin özbəklərə, Özbəkistana münasibətini çox yaxşı bilir. Azərbaycan Şavkat Miromo­noviçin rəhbərliyi ilə Özbəkistanı müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlət kimi görməyə sevinir. Bunun üçün Özbəkistanın müstəqilliyinin, müdafiə qabiliyyətinin, iqtisadi potensialının möhkəmlənməsi, sosial məsələlərin həlli, şəhərsalma sahələrində necə böyük uğurlar qazandığını görmək üçün son 5-6 ilə aid statistik rəqəmlərə baxmaq kifayətdir. Azərbaycan bu uğurları görür və dostlar, qardaşlar kimi bü­tün bunlara görə sevinir.

Özbəkistan Prezidenti Şav­kat Mirziyoyev də Daşkənddə Heydər Əliyev Meydanının açı­lış mərasimindəki çıxışında ulu öndərimiz dahi şəxsiyyət kimi yüksək dəyərləndirib: “Biz ha­mımız tarixə XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi daxil olmuş Heydər Əliyevi yaxşı tanı­yırıq. O, bütün həyatını doğma Azərbaycana həsr edib. Ölkə üçün ən ağır illərdə onun taleyinə görə çox böyük məsuliyyəti cəsarətlə öz üzərinə götürüb, müasir dövlətçiliyin əsaslarını yaradıb, Azərbaycanda bütün sahələrdə genişmiqyaslı dəyişiklikləri uğurla həyata keçirib”.

Özbəkistan Prezidenti daha son­ra deyib ki, Heydər Əliyev həqiqətən müstəqil Azərbaycanın memarı idi. Onun qətiyyəti və siyasi iradəsi, zəngin rəhbərlik təcrübəsi və müstəsna liderlik keyfiyyətləri gənc, müstəqil dövləti xilas etdi. Dərin məna daşıyan faktdır ki, iyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edilir. Məhz həmin gün Heydər Əliyev ölkə rəhbərliyinə qayıdıb və Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib.

Xalqlarımız çətin, bəzən faciəli dövrlər yaşadığını xatırladan Prezi­dent Şavkat Mirziyoyev vurğulayıb ki, bununla belə, həm özbək, həm də Azərbaycan xalqları öz mənəvi dəyərlərini, milli qürur və mənliyini qoruyub saxlayıb, öz gələcəklərini özlərinin qurması hüququnu saxla­yıblar.

Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə də Azərbaycan-Özbəkistan münasibətləri dinamik inkişaf edib. Ölkə rəhbəri 2004-cü il martın 23-24-də Özbəkistanda dövlət səfərində olub. Səfər çərçivəsində “Azərbaycan Respub­likası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə hər iki ölkə tərəfindən keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə dəstək ifadə olunub.

Burada bir mühüm məqamı da xatırlatmaq yerinə düşər ki, Özbəkistan BMT Baş Assamble­yasında 2008-ci il martın 14-də səsverməyə çıxarılan “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub.

Ümumiyyətlə, Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Xatırladaq ki, 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qaraba­ğın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrın­da İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şura­sının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlərə başlanılıb.

Yeri gəlmişkən, Azərbaycanla Özbəkistan tarixən bir-birinə bağlı olub. Ötən əsrin 30-cu illərindəki “Qırmızı terror” zamanı on minlərlə azərbaycanlı Mərkəzi Asiya ölkəsinə sığınıb. Həmin əsrin 66-cı ilində baş verən şiddətli zəlzələdən sonra isə Azərbaycan paytaxt Daşkəndin bərpasında da fəal iştirak edib.

Azərbaycan və Özbəkistanı birləşdirən bir məqam isə Mixa­il Qorbaçovun keçmiş SSRİ-yə rəhbərliyi dövründə hər iki xalqın müxtəlif sahələrdə ayrı-seçkiliklə qarşılaşması olub. Özbəkistanda törədilən Fərqanə hadisələri, həmçinin Azərbaycanda 20 Yanvar qırğını və Sumqayıt hadisələri Krem­lin bu iki xalqa qarşı eyni dəsti-xətti üzrə apardığı siyasətin nümunəsi kimi tarixə yazılıb.

Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən son­ra ölkəmizin regionda və dünyada nüfuzu daha da artıb. Azərbaycan regionda söz sahibinə çevrilib və Cənubi Qafqazda vəziyyətə özü diktə etməyə başlayıb.

Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Bu isə Azərbaycanın müxtəlif ölkələrlə əlaqələrinə də müsbət təsirini göstərir.

Son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqda­dır. Prezident İlham Əliyevin iyunun 21-də Özbəkistan Respublikası­na dövlət səfəri də bunun parlaq ifadəsidir.

“Xalq qəzeti”

22 İyun 2022 08:27 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə