Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hakan Yavuz: Ermənilərin başlarına gələn hadisələrin əsas günahkarları onlar özləridir

Bugünlərdə ABŞ-da Qarabağla bağlı müxtəlif araşdırmaçıların məqalələrinin toplandığı sanballı nəşr işıq üzü gör­dü. Kitabın adı belədir: “Dağlıq Qa­rabağ münaqişəsi – tarixi və siyasi perspektivdə” ( The Nagorno-Kara­bakh Conflict: Historical and Political Perspectives)”. Hazırda bu politoloji nəşr dünyanın ən nüfuzlu kitab portalı sayılan amazon.com-da satışa çıxarılıb. Kitab ABŞ-ın nüfuzlu politoloq alimləri– Yuta Universitetinin siyasi elmlər üzrə doktoru, professor Hakan Yavuz və Ten­nesi Texnologiya Universitetinin siyasi elmlər üzrə doktoru, professor Maykl Günterin redaktəsi ilə çap olunub. Oxu­cular və tədqiqatçılar üçün əhəmiyyət kəsb edən kitabın məziyyətləri, məzmunu, verə biləcəyi faydalar barədə professor Hakan Yavuzla söhbətləşdik.

Hakan bəy, ilk sualımızı bugünlərdə Bakıya etdiyiniz işgüzar səfərlə bağlı vermək istəyirik. Bildi­yimiz qədərilə Şuşada da oldunuz. Xahiş edirik, bu barədə danışasınız.

–Azərbaycana səfərimdən çox məmnun qaldım. Xüsusilə Qarabağ ziyarətim son dərəcə gözəl alındı. Amma, eyni zamanda, mənim üçün çox üzücü idi. Çünki ermənilər hər tərəfi dağıtmış, daş üstündə daş qoy­mamışdılar. Böyük xəndəklər qazıb hər yerə minalar basdırmışdılar. Əlbəttə, düşünəndə ki, Azərbaycan Ordusu bütün bunlara rəğmən Vətən torpaq­larını onlardan qurtardı, bax onda qəlbimiz fərəhlə dolurdu. Bu, tamamilə Prezident İlham Əliyev və ordusunun bacarıq və qabiliyyətinin nəticəsidir. Qarabağ bu gün bərpa edilir, bəlkə də bu proses müəyyən zaman alacaq. Lakin Qarabağın yenidən tam inşa ediləcəyi gün uzaqda deyil.

–“Dağlıq Qarabağ münaqişəsi – tarixi və siyasi perspektivdə”. Niyə bu adda olan kitabı redaktə etmək ehtiyacı hiss etdiniz? Məqsəd nə idi?

–Redaktə etdiyimiz kitabın adı “Dağlıq Qarabağ münaqişəsi: tarixi və siyasi perspektivdə” (Routledge Contemporary Russia and Eastern Europe, 2022) idi. Biz bunu professor Maykl Günterlə müəyyənləşdirdik. Qarabağla bağlı akademik araş­dırmaların 99,9 faizini yazanlar ya ermənilər, ya da erməni tezislərini müdafiə edən Qərb tədqiqatçılarıdır. Azərbaycanla bağlı fikirlərin yer aldığı yeganə araşdırma Svante Kornel­lin 1989-cu ildə çap olunmuş “Kiçik millətlər və böyük dövlətlər” əsəridir. İkinci və mənim fikrimcə, ən mühüm tədqiqat işi Qarabağ probleminin sosioloji kökləri barədə doktor Fərid Şəfiyevin “Sərhədlərin köçürülməsi: Cənubi Qafqazda dövlət köçürmələri və etnik münaqişə” adlı klassik əsəri Kanadanın ən mühüm nəşriyyatında çap olunub. Doktor Şəfiyev öz arxiv sənədləri ilə rus ekspansionizminin əhali balansını necə pozduğunu və bugünkü etnik münaqişələrin toxum­larını necə səpdiyini ortaya qoyur. Bu iki araşdırmadan başqa səliqəli işimiz yoxdur. Baxmayaq ki, Azərbaycanın özündə və Türkiyədə bu mövzuda türkcə çox yaxşı araşdırmalar dərc olu­nub. Lakin bu araşdırmalar beynəlxalq akademik ictimaiyyətə çatdırıla bilmir. Nəticədə Azərbaycanın haqlı tezisləri beynəlxalq akademik çevrələrdə özünə yer tapmadı və ya çox zəif qaldı. Biz bu məsələdəki boşluğu aradan qaldırmaq üçün bu araşdırmaya baş­ladıq. Deyə bilərəm ki, Azərbaycanın tezislərini akademik ictimaiyyətə çatdır­mağı qarşımıza məqsəd qoymuşuq. Düşünürəm ki, bu, Qarabağla bağlı ABŞ mühüm nəşriyyatının çap etdiyi ilk səliqəli araşdırma idi.

–Bir az kitabın məzmunundan danışa bilərsinizmi?

– Kitabda çoxölçülü Qarabağ məsələsi üç istiqamətdə: tarixi, siyasi və beynəlxalq hüquqdan bəhs edir. Birinci hissədə Qarabağ məsələsinin tarixi ölçüsündən bəhs edən 3 məqalə var. Bu məqalələrə kontekst verən və hadisənin siyasi ölçüsünü ortaya qoyan doktor Fərid Şəfiyev fikirlərini “Azərbaycanlıların özgələşməsi və şərqşünaslığı” adlı çox gözəl məqaləsi ilə yekunlaşdırır. Bu məqalə avropalıla­rın nəyə görə hadisəyə ədalət oxundan baxmaması ilə bağlı ipucları verir. Avropa akademiyasının və politoloqla­rının Şərq cəmiyyətlərinə baxışları irq­çilik çərçivəsində formalaşır. Ermənilər Qarabağ münaqişəsini İslam-xristian münaqişəsi kimi təqdim edirdilər. Qərblilərin hadisəyə baxışı da daha çox bu prizmadan idi. Bu, Qərbin niyə 26 ildir Azərbaycan mədəniyyətinin işğalı və dağıdılması ilə bağlı susqun­luğunun arxasında duran perspektivi ortaya qoyur.

Kitabın ikinci hissəsində Birinci Qarabağ müharibəsinin səbəb və nəticələri, eləcə də erməni tərəfinin “öz müqəddəratını təyinetmə” hüququ ilə bağlı tezisləri araşdırılır. Bu hissədə bütün erməni tezisləri bir-bir işlənir və araşdırılır. Bununla yanaşı, tarixi və hüquqi məlumatlar ilə Azərbaycanın tezisləri irəli sürülüb.

–Birinci Qarabağ müharibəsinin sizin üçün ən böyük nəticəsi nə oldu?

–Birinci Qarabağ müharibəsinin, məncə, üç böyük təsiri oldu. Birincisi, Azərbaycanın milli kimliyinin yenidən və daha möhkəm çiçəklənməsinə şərait yaradıb. Azərbaycan müharibədə kifayət qədər böyük bir torpaqlarını o cümlədən mədəniyyət mərkəzi olan Şuşa, Ağdam kimi şəhərlərini də itirdi. 25 minə yaxın azərbaycanlı öldü­rüldü. Ən böyük fəlakət o idi ki, 700 mindən çox insan məhz azərbaycanlı olduqlarına görə ermənilər tərəfindən öz ata-baba yurdlarından didərgin salınıb. Qaçmağa məcbur olan bu insanlar öz hekayələrini cəmiyyətin müharibəni görməyən digər təbəqələri ilə bölüşürdülər. Bu hekayələr əsasən anti-erməni idi və yeni azərbaycanlı kimliyinin qurulmasına kömək etdi. Bu yeni kimlik ümumi “ağrı və itki” üzərində qurulmağa başladı. Bura­da, təbii ki, Azərbaycan dövlətinin və xüsusən də Prezident İlham Əliyevin həyata keçirdiyi təhsil siyasətinin son dərəcə mühüm rolu olmuşdur. Müharibənin ikinci nəticəsi o idi ki, Azərbaycan 1994-cü ildən sonra real mənada institutlaşmaya, yəni dövləti təşkil edən qurumların yenidən qurul­masına başladı. Ordusu, demək olar ki, yox idi və qarışıqlıq içində idi. Heydər Əliyev də, İlham Əliyev də gördülər ki, dövlət institutlardan ibarətdir və institut­lar dövlətçiliyin əvəzsiz elementləridir. Məncə, Azərbaycan dövləti Qarabağ məğlubiyyətinin yaratdığı təcrübələri nəzərə alaraq, özünü yenidən qurub yaratdı. Üçüncü nəticə isə məğlub və dağınıqlığa sürüklənmiş Azərbaycan cəmiyyətində həmrəylik və məsuliyyət hisslərinin inkişafı oldu. Təbii ki, o, həm də müharibənin nəticəsini nəzərə alan yeni xarici siyasət və müdafiə siyasəti hazırladı. Burada keçmiş Azərbaycan lideri Heydər Əliyevin böyük əməyi olub. Məncə, Heydər Əliyev bugünkü müasir Azərbaycan dövlətinin institusional qurucusu­dur. Onun yeritdiyi siyasətin əsas məqsədi Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq idi. Bu istiqamətdə xaricdən deyil, öz resurs­larına əsaslanan siyasət yeridirdi. O, Qərbə yaxınlaşmaq, Azərbaycan neftini Qərbə daşımaq üçün çox strateji hərəkət etdi. Heydər Əliyev Qarabağ məsələsində möhkəm dayandı. Onu zamanın öhdəsinə buraxdı və vaxt­dan səmərəli istifadə etdilər. Zamanın Azərbaycanın tərəfində olduğunu görüb, tələsik hərəkət etmədi. İndi əsas iş Azərbaycanın müstəqilliyi üçün ölkəni gücləndirmək və Qərblə Rusiya arasında balans siyasəti yaratmaq idi. Türkiyə Elçibəydən çox Heydər Əliyevlə işləməyə üstünlük verdi. Elçibəyin xəyalları Türkiyəni idarə edən kadrları, başda Prezident Süley­man Dəmirəli çəkindirmişdi. Elçibəy siyasətdə o qədər realist deyildi.

–Kitaba qayıdaq: Başqa hansı məsələlər var?

–Kitabın ən böyük hissəsi İkinci Qarabağ müharibəsinə həsr olunub. O, səbəbləri, nəticələri, hərbi strategiya və diplomatik əlaqələri əhatə edir.

–Sizcə, İkinci Qarabağ müharibəsinin səbəbləri nə oldu ?

–Həqiqətən burda bir sıra səbəblər var. Amma Azərbaycan Ordusu bu müharibəyə yaxşı hazır olduğunu sübut etdi. Ermənilər müharibəyə başladılar. Müharibənin əsas səbəbi Ermənistan tərəfinin, xüsusən də Paşinyanın diplomatik həll ümidlərini sıfıra endirən bəyanatları olub. Azərbaycan diplomatiyaya inanırdı. Amma zamanla problemin diplomatiya ilə həll oluna bilməyəcəyini görərək, ağırlığını hərbi hazırlıqlara yönəltdi. Məncə, İkinci Qarabağ müharibəsinin əsas səbəbi Paşinyanın və Ermənistan tərəfinin real olmayan siyasəti olub. Azərbaycan Ermənistanın qalib ritori­kasını və qarşı tərəfə sayqısızlığını heç cür qəbul edə bilmirdi. Ermənistanın müdafiə naziri Amerikadakı çıxışlarının birində “yeni müharibələr bizə yeni torpaqlar gətirəcək” demişdi. Paşinyan Şuşaya getdi və dedi” – “Qarabağ Ermənistandır”. Onlar hətta Şuşaya hakim olmaq cəhdlərinə də başladılar. Bununla da qalmayıb, Türkiyə üçün ölüm hökmü olan Serv müqaviləsini Türkiyəni təhdid edəcək şəkildə gündəmə gətirib, torpaq tələb etdilər. Paşinyan verdiyi bəyanatlar və yürüt­düyü siyasətlə Prezident İlham Əliyevə diplomatik manevr imkanı buraxmadı. Ermənistan müharibəyə yol açdı və heç vaxt belə nəticə gözləməzdi.

–Ermənistan tərəfinin bu istiqamətdə yanaşmalarını necə izah edirsiniz?

–Bu kitabda olmasa da, Maykl Günterlə birlikdə yazdığımız ikinci kitab erməni tərəfini anlamağa və izah etməyə çalışır. Ermənilərin əsas prob­lemi və başlarına gələn hadisələrin əsas səbəbi onların milli kimliyidir. Miflər üzərində qurulmuş erməni kimliyini ən yaxşı anlayanlardan biri də doktor Rauf Qaragözovdur. Özünün də dediyi kimi, erməni kimliyi onların ya­ratdığı ağrılar üzərində qurulub. Onlar özlərini ilk xristian xalqı kimi görürlər və İsa Məsih kimi əzab çəkdiklərini deyirlər. Erməni tarixçilərinin fikrincə, erməni kimliyi yaralı və problemli bir kimlikdir. Onlar həmişə hücuma məruz qaldıqlarına inanırlar. Onlar əvvəlcə iranlılar, sonra müsəlman ərəblər, mon­qollar, daha sonra türklər tərəfindən məhv edilmə təhlükəsini təsvir edirlər. Təbii ki, müasir erməni kimliyinin gizləndiyi əsas struktur “soyqırımı”dır. 1915-ci ildə onlara edilənləri “soyqı­rımı” kimi görürlər. Bir sözlə, onların biz türklərə qarşı çox ciddi və dərin nifrətləri var. Bu nifrət ermənilərin rasional düşünməsinə mane olur. Təbii ki, bu kimlik çərçivəsində Rusiya həmişə ermənilərə xilaskar kimi görü­nüb və bu dövlətin Qafqazda könüllü himayədarlığını dini bir vəzifə kimi qəbul edirlər. Bunu ən yaxşı şəkildə erməni filosofu Rafael İşxanyan izah edir. İrəvanda yaşayan Rafael İş­xanyanın bütün yazılarını türk dilinə çevirməliyik. O, mövzunu çox gözəl dərk edən bir yazar olub.

– İşxanyan nələri qeyd edir ?

–Rafael İşxanyanın 1989-cu ildə yazdığı “Üçüncü qüvvənin xaric edilməsi metodu” adlı məqaləsi mü­hüm əhəmiyyət kəsb edir. Professor Gerard Libaridian bu məqaləni ingilis dilinə tərcümə etdi və oradan oxuduq­larımdan, o, bunu demək istəyirdi. O, erməniləri əsir götürənlərin kimliyini tənqid edir və xüsusilə türklərin hakim qorxusunu şübhə altına alır və bunun məntiqsiz olduğunu bildirir. O deyir ki, bu qorxu məntiqsizdir. Üstəlik, deyir ki, biz ermənilər həmişə xəyalpərəst olmuşuq və böyük dövlətlərə arxala­naraq arzularımızı həyata keçirməyə çalışmışıq. Buna görə də qonşula­rımız bizə Rusiyanın, bir sıra Qərb ölkələrinin sosial-siyasi bazası kimi baxırlar. Rusiya imperiyası həmişə bizdən istifadə edib, öz maraqları­na xidmət etməyə məcbur edib. Bir sözlə, o deyir ki, başımıza gələn hər şey bizim təxəyyülümüzdən və xarici qüvvələrə əsaslanaraq arzularımızı həyata keçirməkdən qaynaqlanır. Mən onun yazdığı bütün digər məqalələri topladım və indi onları tərcümə edirəm. Bundan əlavə, o, ermənilərin Böyük Erməni İşi (Hai Dat) adlandırdıqları hədəfləri tənqid edir. Bildiyiniz kimi, onlar Hai Datın ambisiyasını 1991-ci il Konstitusiyasının preambulasında qeyd ediblər. Hai Dat nə deməkdir? 1915-ci il hadisələrini soyqırımı kimi təqdim etmək; Ermənistanın bugünkü Türkiyə və Azərbaycanda olan tarixi torpaqlarını xilas etmək; Qarabağı Ermənistana birləşdirmək; Türkiyə təhlükəsinə qarşı Rusiya ilə strateji əməkdaşlıq etmək. Bu məqsədlər Ermənistan Konstitusiyasının pream­bulasında yer alıb.

–Sizcə, bu necə bir dövlətdir ?

–Hazırda sağlam düşüncəli erməni ziyalılarının əsas müzakirəsi budur. Bir çoxları üçün Ermənistan heç vaxt nor­mal dövlət olmayacaq. Bu bir missiya dövlətidir və onun missiyası Hai Datın baş tutmasıdır. Digər tərəfdən, bir qrup erməni ziyalısı “Bizim keçmişdəki mif və xəyallarımız Ermənistanın gələcəyini istiqamətləndirə bilməz. Biz keçmişdə deyil, gələcəkdə yaşa­maq istəyirik. Ermənistan “normal” dövlətə çevrilməsi üçün Hai Dat kimi xəyallardan əl çəkməlidir. Bu, son dərəcə vacib müzakirədir.

–Erməni diasporunda bu mürtəce fikirləri tənqid edən erməni alimlər varmı?

–Məsələn, Libaridyan və ya Armen Qriqoryan kimi ziyalılar var, amma çox azdır. Onlar “missioner dövlət” tezisinə qarşı çıxır və Ermənistanın qonşuları ilə sülh şəraitində yaşaması tezislərini müdafiə edirlər. Diaspor ermənilərinin əksəriyyəti Daşnaksütyun partiyasının təsiri altındadır. Daşnaklar xaricdə Ermənistandan daha güclüdür. “Ar­menian Weekly” jurnalı daşnakların nəzarəti altında çap olunur. Onların yeganə məqsədi türklərə düşmənçilik etməkdir. Bunlara görə azərbaycanlılar türk və osmanlı nəsilləridir. Bu, onların baxışıdır.

–Nə etməli ?

–Azərbaycan güclü olmalı, ağıllı hərəkət etməlidir. Biz öz fikirlərimizi akademik çevrələrdə yaymalıyıq. Biz ən tanınmış nəşriyyatlardan tezislərimizi çıxarmalı və bu mövzu­da akademik müzakirələrdə iştirak etməliyik. Amma biz ermənilərin düşmənçiliyinə heç vaxt düşmənçiliklə cavab verməməliyik. Biz ağlı başında olan ermənilərlə daha çox işləməliyik. Biz hamımız o bölgədə yaşayırıq və ermənilər düşməni görməmiş onla­rı qorxularından xilas etmək üçün addımlar atmalıyıq. Kitabımızın əsas məqsədi də budur.

–Kitabın üçüncü hissəsində hansı məqalə və mövzular işıqlan­dırılıb?

–Üçüncü hissədə ABŞ, Rusiya, İran, Türkiyə, İsrail, Kanada və ərəb ölkələrinin Qarabağ məsələsi ilə bağlı qiymətləndirmələri araşdırılır. Ümumi nəticə ondan ibarətdir ki, Azərbaycan çox uğurlu siyasət yürüdür. Azərbaycan bu illər ərzində yalanlarla dünyanın ictimai rəyini və özünü aldat­mağa cəhd etməyib. O, faktları olduğu kimi xalqı ilə bölüşdü. Müharibə zama­nı və müharibədən sonra Azərbaycan Prezidenti çox uğurlu siyasət apardı, dünyanın təqdirini qazandı. Rusiya­nın müharibəyə qarışmaması əsasən İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Prezident İlham Əliyev son dərəcə uğurlu siyasət apardı. Həm Rusiya, həm də Türkiyə ilə sıx əlaqələr qurdu. Türkiyədəki administrasiya Azərbaycan Ordusunun uğur qazanacağına tam əmin idi və lazım olan siyasi və mənəvi dəstəyi də göstərdi. Bundan əlavə, Türkiyə Prezident İlham Əliyevin Rusiya ilə qurduğu sıx dostluq münasibətlərinə də böyük əhəmiyyət verdi. Belə bir şəraitdə Türkiyə Prezidenti Ərdoğan heç vaxt olmadığı kimi, hər şeylə Azərbaycanın haqq işinin yanında oldu. Bu uğur Azərbaycan Ordusuna və onun komandirlərinə məxsusdur. Döyüşdə onlar qalib gəldilər. Növbəti mübarizələrdə də Azərbaycan ancaq qələbə qazanacaq.

Müsahibəni qələmə aldı: Anar TURAN,

“Xalq qəzeti”

21 İyun 2022 00:06 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Köhnə versiyamızdan xəbərləri izlə