Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan İkinci Qarabağ müharibəsinin nəticələrindən dərs almalıdır

Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda dünyaya ciddi mesajlar verdi

Müsahibimiz Milli Məclisin depuatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elman Nəsirovdur

– Elman müəllim, dünyanın nəzər–diqqəti yenidən Azərbaycana yönəldi. Ölkəmiz yenə də nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi məkan oduğunu təsdiqlədi. Bakıda keçirilən IX Qlobal Bakı Forumunun əhəmiyyəti dövlət başçısı İlham Əliyevin tədbirdə ver­diyi mesajlar əsasında təhlil olun­maqdadır. Sizin də fikirlərinizi bilmək maraqlı olardı.

– Son illər ölkəmizin dünya birliyindəki reytinqi yüksəlməkdədir. İstər müharibəyə qədər, istərsə də postmüharibə dövründə Azərbaycan mötəbər beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi məkan kimi tanınıb. Bu, ölkəmizə dünyada olan inam və etimadın nümunəsidir. Bu inam respublikamızın sabitlik diyarı kimi tanınmasından qaynaqlanır. Xatırla­dım ki, bir neçə il əvvəl NATO, ABŞ və Rusiyanın yüksək rütbəli hərbçiləri də bir sıra məsələlərin müzakirəsi zamanı Azərbaycanı seçmişdilər. Ölkəmizin Ermənistan üzərində qazandığı tarixi qələbədən sonra işğaldan azad edilmiş Şuşa şəhərinin və Suqovuşan qəsəbəsinin beynəlxalq konfranslar, musiqi festivalları və idman yarışlarıının mərkəzinə çevrilməsi ölkəmizin nüfuzu­nu daha da artırıb.

Eləcə də, Bakıda keçirilən beynəlxalq tədbirlərin iştirakçılarının işğaldan azad edilmiş ərazilərimizə səfər etmələri, erməni vəhşiliklərinin, o cümlədən həmin ərazilərdə postmüharibə dövründə geniş vüsət almış yenidənqurma, tikinti-bərpa işlərinin şahidi olmaları respublikamı­zın güclü, güdrətli olduğunu bir daha təsdiqləyir. Ötən həftə keçirilmiş IX Qlobal Bakı Forumunun iştirakçıları da işğaldan azad edilmiş ərazilərimizə səfər etdilər. Hətta “Azərbaycanın Qara­bağ və Şərqi Zəngəzur iqtisadi rayon­larının yenidənqurulması və inkışafına baxış” mövzusunda keçırılən IX Qlobal Bakı Forumunun panel iclası öz işini mədəniyyət paytaxtı Şuşada davam etdirdi. Panel iclasında azad olunmuş ərazilərin minalardan təmizlənməsi, aparılan quruculuq işləri geniş müzakirə olundu.

Səfər çərçivəsində qonaqlar Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanına eniş etdilər və tədbir iştirakçılarına Füzu­li Beynəlxalq Hava Limanı barədə məlumat verildi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin jurnalistlərə açıq­lamasında panel iclasının Şuşada keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi. Panel iclasının Şuşada keçirilməsi olduqca vacib idi. Çünki qonaqlar hər şeyi öz gözləri ilə gördülər. Eyni zamanda, qonaqlara məlumat verildi ki, bu ilin sentyabrında Zəngilan aeroportunun tikintisi başa çatdırılacaq. Rayonun Günəş enerjisi və ekoturizm üçün böyük potensiala malik olduğu da diqqətə çatdırıldı. Qürurverici haldır ki, qlobal forumun iştirakçıları Şuşa­nın işğaldan azad ediləndən sonra burada bərpa-yenidənqurma işlərinin aparılmasını Azərbaycanın uğuru kimi qiymətləndirdilər.

– Dövlət başçımız forum­dakı nitqində ciddi mesajlar da səsləndirdi...

– Prezident İlham Əliyev həmişə beynəlxalq tədbirlərdəki çıxışların­da ermənilərə, dünya erməniliyinə, ümumiyyətlə, ölkəmizə qarşı qərəzli olan bəzi beynəlxalq təşkilatlara, ikili standartdan əl çəkə bilməyən dövlətlərə ciddi mesajlar verir. Bu dəfə də elə oldu. Məsələn, dövlət başçımızın “Ermənistan statusdan danışırsa, biz də Qərbi Zəngəzur statusunu qaldıra bilərik” – deməsi çox mühüm mesaj­lardan biridir. Ermənistan rəhbərliyi bu məsələ barəsində ətraflı düşünməli və ciddi nəticə çıxarmalıdır.

Ölkə başçısı bu gün təhlükəsizlik məsələlərinin prioritet sahələrdən birinə çevrildiyini bildirdi. Çünki artıq yeni real­lıqlar formalaşıb. Cənubi Qafqazda baş verən hadisələr, həm də təhlükəsizlik baxımından yeni reallıqları ortaya qoyur. Cənab Prezidentin çıxışında yeni reallıqlar fonunda ərzaq təhlükəsizliyi, ərzaq planı ilə bağlı məsələlər də ön plana çəkildi.

– Yeri gəlmişkən, ərzaq təhlükəsizliyi barədə səsləndirilən fikirlər barədə siz nə deyə bilərsiniz?

– Bu gün dünyada baş verən hadisələr bir sıra ərzaq məhsullarının qıtlığını qaçılmaz edib. Dünyada baş verən münaqişələr, qarşıdurmalar, müharibələr ərzaq təminatında ciddi problemlər yaradıb. Dövlət başçımız da bu məsələyə münasibət bildirdi. Xüsusi vurğulandı ki, Rusiya–Ukrayna müharibəsi fonunda ərzaq böhranı məsələsi müasir dünyamız üçün əsas təhdidlərdən birinə çevrilib. Buna görə də böyük dövlətlər bu məsələnin həllində olduqca operativ addımlar atmalıdır və bu, artıq qaçılmazdır. Dövlət başçımız, eyni zamanda, gündəlikdə duran məsələlərdən birinin aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədə rolunun nədən ibarət olması məsələsi olacağını da vurğula­dı. Çünki bu məsələ labüddür və artıq bizə yaxınlaşır. Beynəlxalq təşkilatlar və aparıcı ölkələr, həmçinin miqrantla­rın potensial artımı ilə bağlı vəziyyətin öhdəsindən gəlməlidirlər. Bu, ərzaq böhranı nəticəsində baş verəcəkdir. Bununla yanaşı, Prezident İlham Əliyev enerji təhlükəsizliyi məsələlərinə də toxundu. Qeyd etdi ki, hansı ölkələr neftin, qazın qiymətinin qalxmasından sevinirsə, bu, yanlış yanaşmadır. Çünki bu istehsalçı və istehlakçılar arasında qeyri-bərabərliyin yaranmasına gətirib çıxarır. Ona görə də bizə sabit və təhlükəsiz bazar lazımdır.

– Prezident Cənubi Qafqazda mövcud durum və təhlükəsizliklə bağlı məsələlərdən də danışdı...

– Dövlət başçısı nitqində Cənubi Qafqazdakı vəziyyətdən, postmüharibə dövründə həllini gözləyən məsələlərdən də söhbət açdı. Bir daha diqqətə çat­dırdı ki, Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə la­büd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Hesab edirəm ki, belə uzunmüddətli qarşı­durmadan sonra ədaləti bərqərar və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dün­yada nadir hallardandır. Dövlət başçı­mız dedi: “Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, daya­nıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır”.

Dövlət başçımız, həmçinin üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsinin zəruriliyini, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbin yerinə yetirilməsinin sülh və sabitliyin təmin olunmasının təməl sütunu olmasını, bu tələblərin icra olunmadığı təqdirdə atıla biləcək anoloji addımları diqqətə çatdırdı. Prezidentin bir fikrini xüsusilə vurğulamaq istərdim. Ölkə başçısı dedi ki, əgər Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları davam edəcəksə, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü şübhə altına almağa tam əsası olacaq. Bunun üçün siyasi, tarixi, hüquqi və digər əsasların olduğunu tarixi faktlarla qeyd etdi.

Prezident bir daha diqqətə çatdırdı ki, Azərbaycan sülh müqaviləsini im­zalamağa hazırdır və biz mövqeyimizi ifadə etmişik. Dövlət başçımız dünyaya bir daha mesaj verərək, Azərbaycanın sabit, dayanıqlı və inkişaf regionuna çevrilməsi üçün Qarabağ münaqişəsinin həllinin buna unikal imkan yaratmasını qeyd etdi.

– Münaqişənin tənzimlənməsində vasitəçilik missiyasını üzərinə götürən, lakin 28 il ərzində heç nəyə nail ola bilməyən bəzi beynəlxalq təşkilatlar da kəskin tənqid hədəfi oldu...

– Dövlət başçımız bütün çıxış­larında ikili standartlardan əl çəkə bilməyən, Ermənistanın işğalçı ölkə olduğunu etiraf etməyən, ayrı-seçkilik edən işğalçı ölkəyə sanksiyalar tətbiq etməyən beynəlxalq təşkilatları həmişə kəskin tənqid edib. Xüsusilə, bu işlərdə vasitəçilik missiyasını üzərinə götür­müş ATƏT-in Minsk qrupunun 28 il ərzində fəaliyyətsizliyini açıq şəkildə bəyan edib. Dövlət başçımız forumda­kı nitqində də bu məsələyə bir daha münasibət bildirdi. Diqqətə çatdırdı ki, Minsk qrupu 1992-ci ildə təsis edilib və onun mandatı münaqişənin həllinə yardım etməkdən ibarət olub. Lakin faktiki olaraq onun fəaliyyəti sıfırla nəticələnib. Təsəvvür edin ki, ATƏT-dən mandat almış bu qrup 28 il ərzində heç bir nəticə əldə etməyib. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur: “Xüsusilə Rusiya-Uk­rayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz və biz bunun­la bağlı artıq mesajlar almışıq – bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək. Yəni, Minsk qru­pu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir. Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Təşəkkür edirik və əlvida deyil, yalnız əlvida demək olar. Yəni, 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır”.

Bir daha bəyan edildi ki, Ermənistan İkinci Qarabağ müharibəsinin nəticələrindən dərs almalıdır. Bu çox mühüm mesajlardan biridir ki, Ermənistan rəhbərliyi mütləq bunu nəzərə almalıdır.

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

21 İyun 2022 00:55 - MÜSAHİBƏ
MÜSAHİBƏ
20 Oktyabr 2022 | 00:17
Daha az fəsadlı anesteziya

Köhnə versiyamızdan xəbərləri izlə