Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

On bir radio kanalında aparılmış monitorinqin nəticələri ictimaiyyətə açıqlanıb

İyunun 16-da Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Radioların dili monitorinq aynasında” adlı tədbir keçirilib.

 11 radio kanalında aparılmış monitorinqin nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə keçirilən tədbirdə mərkəzin əməkdaşları, radioyayım şirkətlərinin rəhbər və məsul şəxsləri, tanınmış diktorlar iştirak ediblər.

Tədbiri Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva açaraq kütləvi informasiya vasitələrinin aparıcı qollarından olan radionun zəngin tarixi və özünəməxsus dəst-xəti olmasını vurğulamaqla, ictimai şüurun formalaşmasında, estetik və mənəvi dəyərlərin aşılanmasında, maarifçilik işində də xüsusi əhəmiyyətindən bəhs edib. O bildirib ki, milli radioda çalışan peşəkar diktorlar məktəb yaradaraq Azərbaycan dilini ən gözəl surətdə təqdim edərək ədəbi dil normalarının qorunması, leksik tərkibinin zənginləşməsi üçün əsl vətəndaş təəssübü göstərib, hər bir söz və ifadənin işlənmə məqamına, səsləndirilməsinə böyük məsuliyyətlə yanaşıblar. Mərkəzin kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarəti həyata keçirdiyini diqqətə çatdıran S.Əliyeva indiyədək 60 sayt, 12 televiziya və 11 radio kanalı, eləcə də televiziyalarda nümayiş olunan dublyaj filmlərinin monitorinqi nəticəsində 15 minə yaxın dil faktının geniş təhlil edilməklə ictimaiyyətə açıqlandığını bildirib. Vurğulanıb ki, radiolarda ədəbi dil normalarına riayət olunma səviyyəsi, Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlı real vəziyyəti əks etdirən dil faktları və statistik göstəricilər bu sahədə ciddi nöqsanların olduğunu deməyə əsas verir.

Sevinc Əliyeva Monitorinq Mərkəzinin fəaliyyəti barədə də məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Prezident İlham Əliyevin 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanından irəli gələn məsələlərin həlli üçün yaradılıb. Bu məsələlər, ilk növbədə, kütləvi informasiya vasitələrində, reklam daşıyıcılarında və internet məkanında Azərbaycan dilinin saflığının qorunması, onun düzgün tətbiqi istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirir. Monitorinq Mərkəzi şifahi və yazılı kütləvi informasiya vasitələrində, eləcə də xarici filmlərin dublyajı zamanı yol verilən yanlışlıqların aradan qaldırılmasına nəzarət edir. Burada məqsəd dilin inkişafının və ədəbi dil normalarının qorunmasını və dövlət dilinin düzgün tətbiqinə nəzarəti təmin etməkdir.

Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova “Radioların dili monitorinq aynasında” adlı məruzəsində qeydə alınmış 4500 dil faktından 3484-nün hesabata daxil edildiyini, monitorinq nəticəsində 897 orfoepik, 790 leksik, 554 qrammatik, 1243 üslub və ifadə səhvinin müəyyənləşdirildiyini nəzərə çatdırıb. O, radio aparıcılarının nitqində vurğunun düzgün işlədilməməsini, ayrı-ayrı səslərin, söz və ifadələrin, qrammatik formaların, abreviaturların yanlış tələffüzünü, qarşılığı olduğu halda əcnəbi sözlərdən istifadəni, söz sırasının pozulmasını, üslub və ifadə səhvlərini ciddi nitq nöqsanları kimi qeyd edib.

Tədbirdə peşəkar diktorluq məktəbinin tanınmış nümayəndələri Eldost Bayram, Şəfəq Sultan, Əli Məhəmmədoğlu və digər qonaqlar Mərkəzin apardığı monitorinqləri təqdir edərək təqdim olunan nümunələrin radio əməkdaşları tərəfindən təhlil edilməsinin əhəmiyyətini vurğulayıb, bu sahədə nöqsanların aradan qaldırılması istiqamətində əməli tədbirlərin görülməsinin, təlimlərin keçirilməsinin zəruriliyini vurğulayıblar. Şəxsi müşahidələrini və qənaətlərini bölüşən qonaqlar son zamanlar aparıcıların nitqində leksik vahidlərin aid olmadığı mənada işlədilməsinin, dilimizə yad intonasiyanın tətbiqinin adi hala çevrildiyini təəssüf hissi ilə qeyd ediblər.

Müzakirələrdə kütləvi informasiya vasitələrində Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlı tövsiyə və təkliflər səsləndirilib.

16 İyun 2022 14:19 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə