Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Təbrizdə nəşr olunub

Xalq şairi Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Güney Azərbaycanın mədəni mərkəzi Təbriz şəhərinin “Əxtar” nəşriyyatında əski əlifba ilə işıq üzü görüb. Təbriz səfərindən yenicə qayıtmış Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi, Zəlimxan Yaqub irsinin araşdırıcısı,  Musa Nəbioğlu bu barədə redaksiyamıza məlumat verərək bildirdi:
– Nəfis tərtibatlı kitabı nəşrə Təbriz şəhəri üzrə Hünəri-hövzənin dəstəyi ilə İran Aşıqlar Birliyinin sədri, aşıq Səlcuq Şahbazi  hazırlayıb. Bu il noyabrın 24-dən 27-dək Təbrizdə Azərbaycan, Türkiyə və Gürcüstan aşıqlarının da iştirak etdiyi I Beynəlxalq Aşıqlar Festivalının birinci günü məhz bu kitabın təqdimatına həsr olundu. Təbrizin mərkəzindəki böyük mədəniyyət ocaqlarından birində keçirilən təntənəli mərasimdə İranın Güney Azərbaycan Vilayətinin və Təbriz Şəhər Bələdiyyəsinin rəhbərliyi, İran Parlamentinin üzvləri ilə yanaşı, Azərbaycandan dəvət olunmuş qonaqlar da iştirak edirdilər. 
Təqdimatda Güney Azərbaycan Vilayəti valisinin  müavini Bədri Şükuhi, Təbriz Bələdiyyəsinin sədri İrəc Şahin Baher, İran Parlamentinin üzvü Rza Beygi və digər çıxış edənlər Zəlimxan Yaqub yaradıcılığının İslam Şərqi aləmi üçün doğmalaşdıran mövzu və ideyalardan, şairin yüksək mənəvi dəyərlərə sıx bağlılığından və bütün bunlara görə Arazın o tayında da çox sevildiyindən söz açdılar.  Natiqlər Zəlimxan yaradığılığının zirvələrindən biri olan “Peyğəmbər” poemasının Təbrizdə çap olunmasını ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıran,insanları  yüksək inanca və mənəvi həmrəyliyə yönləndirən hadisə adlandırdılar, belə tədbirlərin davamlı olmasını arzu etdilər.
Kitabın nəşrində və onun yüksək səviyyəli təqdimatının keçirilməsində böyük zəhməti olan Təbriz şəhəri üzrə Hünəri-hövzənin rəisi Seyyid Bəlaği “Peyğəmbər”in GüneyAzərbaycanda nəşrinin dini bir, dili bir qardaş-bacılar, ortaq ədəbiyyatımızın oxucuları üçün qiymətli töhfə olduğunu vurğuladı və ümumi maraq doğuran belə əsərlərin nəşrinin gələcəkdə də davam etdiriləcəyini söylədi.
Heyətimizin üzvləri və Zəlimxan Yaqubun qardaşı unudulmaz xalq şairinin irsinə olan diqqətə, onun xatirəsinə göstərilən ehtirama görə təbrizli soydaşlara minnətdarlıqlarını bildirdilər. 

Tahir AYDINOĞLU, 
“Xalq qəzeti”

7 Dekabr 2018 01:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə