Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yubileyə mühüm nailiyyətlərlə

2018-ci ildə Azərbaycanda vəkilliyin yaranmasının 100 illik yubileyi tamam olur.  Bu bir əsr ərzində vəkillərin peşəkarlıq səviyyəsi artmış, vəkillik fəaliyyətini tənzimləyən qanunlar qəbul olunmuşdur. Lakin indiyədək gəlib çatmış və həll olunmamış bəzi problemlər də mövcuddur ki, onlar vəkilliyin yükünü, görüləcək işlərin həcmini artırmışdı. Vaxtında lazımi islahatların aparılmaması vəkillik fəaliyyətini durğunluq vəziyyətinə salmışdı.
Müstəqil dövlətimizin ilk milli Konstitusiyasının qəbul olunması və milli dövlətçilik tariximizdə ilk dəfə parlament seçkilərinin keçirilməsi ilə Azərbaycan tarixinin yeni inkişaf mərhələsi başlayıb.
Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində – referendumda qəbul edilib. Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə müasir dövrlə səsləşən məhkəmə-hüquq islahatlarının əsası qoyulub. Mühüm tarixi əhəmiyyətə malik olan bu Əsas qanun ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulmasının möhkəm təməlini formalaşdırdı. 
Bundan başqa, ölkəmizdə hüquqi islahatların həyata keçirilməsinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradılıb. Həyata keçirilən islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm məsələləri ehtiva edib.
Bu mənada, 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun qəbul olunması insanların hüquqlarının peşəkar müdafiəsinə nə qədər önəm verilməsinin bariz nümunəsi və islahatların hansı istiqamətdə aparılmasının sübutu idi.
İstənilən ölkədə səmərəli islahatlar müəyyən vaxt tələb edən ardıcıl prosesdir. Heydər Əliyev siyasətinin davamçısı kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hüquqi islahatlarının dinamik inkişafı sahəsində işləri uğurla davam etdirməkdədir.
Dövlət başçımız hüquq siyasətinin varisliyini təmin edərək və müasir dövrün inkişaf perspektivlərini nəzərə alaraq, məhkəmə hakimiyyətinin, ədliyyə, prokurorluq və digər hüquq-mühafizə orqanlarının, eləcə də, vəkilliyin fəaliyyətinin təkmilləşdirilməsi təşəbbüsü ilə çıxış edib.
Qeyd olunan islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2005-ci ildə “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə” sərəncam imzalayıb, Sərəncamda Vəkillər Kollegiyasının fəaliyyətinin təşkili üçün müvafiq bina və maddi-texniki təminatı, nəqliyyat vasitələrinin alınması və vəkillərin xüsusi geyim formasının hazırlanması üçün vəsait ayrılması, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş dövlət hesabına ödənilən hüquqi yardımın məbləğinin artırılması məsələlərinin həlli nəzərdə tutulub, bundan başqa, vəkillərin peşə səviyyəsinin və onların göstərdikləri hüquqi yardımın keyfiyyətinin artırılması üçün müvafiq tədris prosesinin təşkili və digər zəruri tədbirlərin görülməsi Vəkillər Kollegiyasına tövsiyə edilib.
Məhz qeyd olunan sərəncamın qəbulundan sonra ölkəmizdə vəkillərin sayının kəskin artımı müşahidə olunub, vəkilliyin sıralarında gənc hüquqşünasların sayı artıb.
Sözügedən vəzifələrin icrası, o cümlədən qeyd olunan qanun dəyişiklikləri sonrasında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi istiqamətində işlər görülüb, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı namizədlərin sənədlərinin qəbulu prosesi yenidən bərpa olunub və yanvar ayının sonunda Azərbaycan hüquq peşəsinə qəbul tarixində ilk dəfə iki minə yaxın namizədlə ixtisas imtahanlarının yazılı mərhələsi keçirilib.
2017-ci il dekabrın 7-də Vəkillər Kollegiyasının konfransında yeni sədr seçilmiş və həmçinin “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə qəbul olunmuşdur. Əsasnamənin qəbul edilməsində əsas məqsəd vəkillərin nüfuzunu və ona etimadı artırmaq fiziki və hüquqi şəxslərə göstərilən hüquqi yardımın keyfiyyətini yüksəltmək, vəkil qurumları və vəkillərin fəaliyyətində səmərəliliyə nail olmaqdır. Bu istiqamətdə işlər başlanmış və hazırda da uğurla davam etdirilir. 
Yeni seçilmiş sədr tərəfindən Vəkillər Kollegiyasının aparatı təşkil olunmuşdur. Aparat əməkdaşları səmərəli işləmişlər. Yerlərdə vəkil qurumlarındaki vəziyyət sədrin bilavasitə nəzarəti altında öyrənilmiş, təhlil edilmiş, operativ islahatlara, yeniliklərə, dəyişikliyə start verilmişdir. İlk növbədə vəkillərin sayının artırılması məqsədi ilə lazımi işlər görülmüş, qəbul qaydaları daha da sadələşdirilmişdir. Nəticədə vəkillərin sayı 1500 nəfəri ötmüşdür. 
Ölkə ərazisində hüquqi yardımı təmin etmək məqsədilə bütün vəkil qurumlarında qabaqcadan növbətçilik cədvəlləri hazırlanaraq təsdiq edilmiş, keyfiyyətli hüquqi yardımın təmin edilməsi istiqamətində ciddi addımlar atılmışdır. Bəzən qeyri-prosesual münasibət halları yarandığından, bundan vətəndaşlar əziyyət çəkirdilər. Növbətçilik cədvəlləri hazırlandıqdan sonra və yerlərdə qanunun icrasına nəzarət istiqamətində aparılan monitorinqlər şəraiti xeyli normallaşdırır.  
Ölkədə məhkəmə-hüquq islahatlarının yeni müstəvidə aparılması məqsədilə Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixdə imzaladığı “Azərbaycanda Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 100 illik tarixində ən mütərəqqi addımlardan biridir. Sərəncam ölkədə vəkilliyin daha da inkişafına, onun nüfuzunun, sosial rifahının yüksəldilməsinə, hüquqi yardımın səmərəliliyinin artırılmasına, aztəminatlı ailələrə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardımların göstərilməsinə, insan hüquq və azadlıqlarının qorunmasında peşəkarlığın artırılmasına, nəzakətli davranış sərgilənməsinə hesablanmış və uzunmüddətli dövrləri əhatə edəcək lazımi sənəddir. Bu sənəd Vəkillər Kollegiyasında aparılan işlərə yeni ruh, yeni nəfəs vermişdir.
İllərdən bu günə miras qalan problemlərin həlli istiqamətində başlanılmış və davam edən köklü dəyişikliklər nəticəsində respublikada vəkil qurumların sayı 48-ə çatmışdır. Vəkil qurumlarında normal iş şəraitləri təmin etmək məqsədilə lazımi işlər görülmüş, ayrı-ayrı vəkil qurumlarının maddi-texniki bazası möhkəmlənmiş, yeni avadanlıqlarla təchiz olunmuşdur. Vəkillərin dövlət büdcəsi vəsaiti hesabına hər saata görə aldıqları 2 manat məvacib 6 manata qaldırılmışdır. Vəkillər üçün güzəştli tibbi müayinələr təşkil olunmuşdur. Yeni vəkil qurumları yaradılmış, “ASAN xidmət”də hüquqi yardım işi təşkil olunmuş, vəkillər müxtəlif seminarlara, tədris kurslarına, beynəlxalq tədbirlərə cəlb olunmuşlar. Azərbaycan Respulikası Vəkillər Kollegiyası ilə ayrı-ayrı ölkələrin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələri qurulmuş, beynəlxalq təcrübələr öyrənilmiş, vəkilliyin inkişafı üçün yeni dəyərlər əxz olunmuşdur. Biz bilirik ki, hər beynəlxalq tədbir, həm də Azərbaycanın tanınması istiqamətində görülən işlərə köməkdir. 
Aztəminatlı ailələrə pulsuz hüquqi yardımın göstərilməsi kampaniyasına 30 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 100 illiyi münasibətilə keçirilən tədbirlərlə başlamışdır. Bu işlər mütəmadi olaraq bütün ölkə ərazisində aparılır. Hazırda bu məqsədlə səyyar briqadalar fəaliyyət göstərir. 
Həmçinin 2018-ci ildə iyulun 30-u vəkillərin peşə bayramı günü kimi qəbul olunmuş, işçilərin sayı artırılmış, yeni saytlar yaradılmış, kargüzarlıq işinin təkmilləşdirilməsi istiqamətində müxtəlif işlər görülmüş, yeni müqavilə, blank və s. sənədləri hazırlanmış, vəkillərin ümumi reyestri aparılmış, hər bir vəkilin peşə bacarığı, biliyi, onunla əlaqə üsulu göstərilmişdir. Sorğu-sual bölməsi, “Azərbaycan vəkili” jurnalı, qaynar xətt daimi fəaliyyət göstərməkdədir. Yeni saytlarda Vəkillər Kollegiyasının fəaliyyəti daimi  olaraq işıqlandırılır, digər qanunsuz hallara qarşı mübarizə təbliğ edilir.
Ayrı-ayrı vəkil qurumlarında illərdən qalmış qanunsuz fəaliyyət halları yeni kollegiya rəhbərliyi tərəfindən davamlı və hərtərəfli formada araşdırılır, müvafiq qanuni tədbirlər görülür və bu istiqamətdəki işlər prioritet məsələ olaraq davam etdirilir. Atılan hər bir addımda məqsəd vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsini yüksəltmək, vəkillik institutunun inkişafına, nüfuzunun daha da artırılmasına kömək etməkdir.
Vəkillərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə vəkillərdən ibarət futbol klubu, musiqi üzrə peşəkar ansambl təşkil edilmişdir. Qeyd etmək istərdim ki, futbol klubu MDB çərçivəsində keçirilən idman yarışlarında qalib gəlmiş, kubokun sahibi olmuşdur. 
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni inzibati binasına daxil olarkən səmimi, işgüzar, yüksək əhval-ruhiyyənin şahidi olursan. Bu, hər bir vəkilə mənəvi stimul verir. Qaynar həyatı xatırladan bu əhval-ruhiyyəni hiss etməmək mümkün deyildir.
Sonda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm cənab Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi, gələcəyə hesablanmış, ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına istiqamətlənmiş mütərəqqi məhkəmə-hüquq islahatlarının sütunlarından birini məhz vəkillik institutu təşkil edir. Bu təməlin daha da etibarlı olmasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qanunla öz üzərinə düşən öhdəlikləri yüksək səviyyədə icra etməkdədir.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkillik tarixinin 100 illik yubileyini təşəbbüskar və təcrübəli hüquqşünas Anar Bağırovun rəhbərliyi ilə qazanılmış uğurlarla qeyd edirlər. Son bir ildə görülən işlər belə deməyə əsas verir ki,  Azərbaycan Vəkillər Kollegiyası düzgün yoldadır və öz fəaliyyətində şəffaflığın artırılması,  ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və hüquqi xodmətlərin elektron formada göstərilməsi sahəsində çox böyük uğurlar qazanır.

Məzahir ŞAHMAROV, 
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 1 saylı vəkil bürosunun vəkili 

7 Dekabr 2018 01:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə