Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna Rusiya ilə dostluq haqqında müqaviləni qüvvədən saldı

Ukraynanın xalq deputatları Rusiya ilə dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilənin qüvvədən düşməsinə səs veriblər. Ukrayna Prezidenti P.Poroşenkonun təqdim etdiyi qanun layihəsini 277 deputat dəstəkləyib. Məlumatı “İnterfaks.ru” verib.
Beləliklə, dostluq haqqında müqavilə 1 aprel 2019-cu ildən etibarən qüvvədən düşəcək. “Müqavilənin qüvvədən düşməsi Ukraynanı hər cür öhdəlikdən azad edir və bu, Beynəlxalq Müqavilə Hüququ haqqında Vyana Konvensiyasının 70-ci maddəsi ilə ölkənin hüquqi vəziyyətinə heç bir təsir göstərmir”, - deyə qanun layihəsində bildirilir. 
Rusiya və Ukrayna arasında dostluq haqqında müqavilə 1997-ci ilin mayında imzalanmış, Ali Rada isə onu 1998-ci ilin yanvarında ratifikasiya etmişdi. Bu il dekabrın 3-də P.Poroşenko həmin müqavilənin qüvvədən düşməsi haqqında qanun layihəsini parlamentə təqdim edib. 
Sənədin şərh hissəsində qeyd edilir ki, müqavilə 1999-cu il aprelin 1-də qüvvəyə minib, onun ikinci onillik üçün müddəti 31 mart 2019-cu ildə başa çatır. Sənədin maddələrinə əsasən, əgər tərəflərdən heç biri onun qüvvədən düşməsini istəmirsə, müqavilə hər on ildən bir avtomatik olaraq uzadılır. “Hazırda Rusiya özünün təcavüzkar hərəkətləri ilə müqavilənin şərtlərini pozur”. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

7 Dekabr 2018 00:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə