Ən son xəbərlər
Professor, Azərbaycan hökuməti son illər ölkəmizdə turizmin sürətli inkişafına böyük diqqət və qayğı göstərir. Bunun hansı faydaları olacaq?
– Azərbaycan hökuməti, həqiqətən turizmin inkişafını təqdir və təşviq edir. Hər şey göz qabağındadır. Ölkəmizdə son illər ərzində çox sayda modern mehmanxanalar, bir-birindən rahat yollar inşa olunub. Üstəlik, gözəl təbiətimiz, zəngin tarixi və mədəni abidələrimiz, qonaqpərvər insanlarımız var. Turistlərə də məhz bunlar lazımdır.
Azərbaycan iqtisadiyyatı üçün turizmin faydaları, əlbəttə, çoxdur. Bundan həm ölkə büdcəsi qazanır, həm də vətəndaşlarımız üçün yeni iş yerləri açılır. Reallıq budur ki, turistlər pul, valyuta xərcləyən, bir sözlə, büdcəmizə fayda verən, necə deyərlər, arzulanan qonaqlardır.
Eyni zamanda, hər birimiz elə etməliyik ki, turistlər onlara göstərdiyimiz xidmətin səviyyəsindən, bütövlükdə, diqqət və münasibətimizdən razı qalsınlar. Axı, bu sahədə bütün dünyada rəqabət güclüdür. Hər bir ölkə arzulayır ki, mümkün qədər daha çox turisti özünə cəlb etsin.
Allaha şükür ki, artıq postpondemiya dönəminə qədəm qoymuşuq. Ölkəmizdə turizmin sürətli inkişafı üçün yenidən geniş imkanlar açılıb. Azərbaycan hazırda regionun ən böyük turizm mərkəzi hesab olunur. Ümid edirəm ki, biz bu sahədə liderliyi qoruyub saxlaya biləcəyik.
– Bakı dünyanın populyar turizm məkanlarından birinə çevrilib, deyilmi?
– Bəli, elədir! Doğma və gözəl Bakımızın dünyanın aparıcı turizm mərkəzlərindən biri kimi şöhrəti və nüfuzu durmadan artır. Paytaxtın tarixi binaları ilə yanaşı, müasir memarlığı da əcnəbi qonaqların nəzər- diqqətini özünə cəlb edir. Məsələn, “Alov qüllələri” adlanan 3 qüllədən ibarət kompleks mehmanxana və biznes mərkəzi kimi fəaliyyət göstərir. LED işıqlarla işıqlandırılmış qüllələr şəhərin ən uzaq tərəflərindən belə görünür.
Heydər Əliyev Mərkəzi məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa olunub. 2014-cü ildə o, dünyada ən yaxşı memarlıq əsəri mükafatına layiq görülüb. Mərkəzdə incəsənət qalereyası, konsert zalı, kitabxana və restoran fəaliyyət göstərir. Burada yerdən tavanadək əsl xəttatlıq sənətinin şahidi olursan.
Müxtəlif beynəlxalq festivalların, müsabiqələrin, forumların, keçirilməsi şəhərimizə daha çox turistin gəlməsinə şərait yaradar. Ölkəmizdə müstəqilliyin bərpasından sonra tarixi abidələrin bərpa olunması, muzeylərimizin yenidən qurulması, eyni zamanda, modern standartlara cavab verən yeni muzeylərin yaradılması fərəh hissi doğurur.
Təqdirəlayiq haldır ki, Bakının tarixi və müasir memarlığı haqqında çox maraqlı reklam çarxları var. Lakin bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirməliyik. Hesab edirəm ki, paytaxtın qədim tarixi və mədəniyyət abidələri, muzeylərimiz haqqında da uğurlu reklam çarxlarının hazırlanması şəhərimizə turistlərin daha çox cəlb olunmasına səbəb olar.
– Bir anlığa təsəvvür edək ki, siz əcnəbi həmkarınızla İçərişəhəri ziyarət edirsiniz, orada, ilk növbədə, qonaqlara hansı məkanları göstərərsiniz?
– İçərişəhər Azərbaycan memarlığının nadir incisidir. Burada olan tarixi abidələr – Qız Qalası, Şirvanşahlar sarayı, Kiçik Karvansaray, Qala divarları turistlərin sevə-sevə ziyarət etdiyi yerlərdir. Xatırladım ki, İçərişəhər Qız Qalası və Şirvanşahlar sarayı ilə birlikdə 2000-ci ildən UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib.
Amma elə nadir yerlər də vardır ki, mən həqiqətən, böyük məmnuniyyətlə xaricdən gələn qonaqlarla oralara baş çəkirəm. Bu, görkəmli rəssam Tahir Salahovun ev muzeyi, eləcə də Miniatür Kitab Mərkəzidir. Qonaqlara rəssam, heykəltaraş Mir Teymur Məmmədovun hazırda yaşadığı evi və unikal emalatxanasını, əlbəttə, məşhur cazmen Vaqif Mustafazadənin ev muzeyini böyük həvəslə göstərirəm.
Ümumiyyətlə, İçərişəhərin elə qeyri-adi, cazibəli aurası var ki, oranı gəzdikcə sanki qeyri-adi nağıllar aləminə, xəyallar dünyasına düşürsən. Bunu təkcə mən demirəm, bu sözləri qonaqların dilindən də dəfələrlə eşitmişəm.
– İndicə vurğuladınız ki, Vaqif Mustafazadənin ev muzeyi ən çox ziyarət olunan məkanlardandır. Bildiyim qədər, sizin oğlunuz – gənc, istedadlı pianoçu Etibar Əsədli mərhum sənətkarın ən layiqli davamçılarındandır.
– Atam mərhum Vaqif Mustafazadə ilə Musiqi məktəbində eyni sinifdə təhsil alıb. Özü iqtisadçı olmasına baxmayaraq, bu gün də pianoda peşəkarcasına ifa edir. Mənim də musiqi təhsilim var. Etibarın atası isə xanəndədir. Demək istəyirəm ki, Etibar gözünü açandan evimizdə klassik musiqi, eyni zamanda muğam eşidib.
Və kiçik yaşlarından müxtəlif mahnıları pianoda çalmağa başladı. Beş yaşından onu fərdi müəllim yanına qoyduq. Əvvəlcə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, sonra Bakı Musiqi Akademiyasını bəstəkarlıq ixtisası üzrə bitirib. Dünya şöhrətli bəstəkar Arif Məlikovun tələbəsi olub.
Etibar magistr təhsilini isə Paris Caz Akademiyasında alıb. Hazırda Paris şəhərində yaşayıb yaradır.
Etibarın Xocalı faciəsinə həsr etdiyi “613”, simli orkestr üçün bəstələdiyi “Exit” kompozisiyaları, simfonik orkestr üçün yazdığı “20 yanvar” uvertürası, 44 günlük şanlı Vətən müharibəsinə həsr etdiyi “Xudayar təsnifi”nin kompozisiyası, H.Z.Tağıyevə həsr etdiyi “1924– İthaf” əsərləri dünyanın bir çox ölkələrinin tamaşa salonlarında uğurla səslənib.
– Professor, yenidən diqqətinizi söhbətimizin əsas mövzusuna yönəltmək istəyirəm. Lütfən deyin, Azərbaycanda daxili turizmin hansı istiqamətləri daha geniş yayılıb?
– Azərbaycan hökuməti haqlı olaraq hesab edir ki, ölkəmizdə regional turizmin, eləcə də kənd turizminin inkişaf etdirilməsi çox vacibdir. Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və digər qurumlar bu istiqamətdə uğurlu layihələr icra edirlər.
Mən deyərdim ki, hazırda kənd turizminə daha çox maraq var. Məsələn, Gəncədə Hacıkənd qəsəbəsi nisbətən çox səfər olunan məkanlardandır. Yeri gəlmişkən onu da qeyd edim ki, bu qəsəbənin əsası vaxtı ilə H.Z.Tağıyevin vəsaiti ilə qoyulub. Ona görə də Hacıkənd adlanır.
İsmayıllının Lahıc qəsəbəsi dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda məhəllə məscidləri, su kəməri, Girdiman qalası mühafizə edilir, sənətkarlıq ənənələri davam etdirilir.
Lahıc qəsəbəsinin ən görkəmli abidəsi Girdiman çayının sahilindəki Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində Lahıcın memarlıq üslubunun əsas komponentləri nəzərə alınaraq inşa olunub. Bu binanı Lahıc camaatı "Hacılar həyəti" də adlandırırlar.
– “Mədəni turizm” deyəndə, ilk növbədə nə nəzərdə tutulur? Bu sahədə vəziyyət necədir?
– Mədəni turizm dedikdə, ilk növbədə turistlərin muzey, teatr, memarlıq abidələri ilə tanışlığı ilə bağlı həyata keçirilən turizm fəaliyyəti nəzərdə tutulur. Avropa İttifaqı ölkələri tərəfindən aparılan tədqiqatlardan məlum olmuşdur ki, mədəni turizm obyektlərini səyahət edən turistlərin əksəriyyəti ali təhsilli və yüksək gəlirli insanlardır və say etibarı ilə digər turistlərdən daha çox səfər edirlər.
Bizdə bu qəbildən olan obyektlər həm paytaxtda, həm də bölgələrimizdə çoxdur. Şəki Xan Sarayı dünya abidələri siyahısına daxil edilmişdir. Böyük türk şairi Nazim Hikmət saraya baxdıqdan sonra belə yazmışdır: "Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək kiifayət edərdi".
Qobustan torpağı da qədim arxeoloji abidələrlə zəngindir. Bu günə qədər burada 30 ədəd kurqan və 20-yə yaxın ibtidai insan düşərgəsi aşkar edilib.
Azərbaycanın qədim yaşayış mərkəzlərindən olan Gəncə şəhərinə gələnlər, ilk növbədə dünya ədəbiyyatının incilərindən sayılan dahi Nizaminin məqbərəsi ilə qarşılaşırlar. Məqbərə 1990-1991-ci illərdə yenidən qurulmuş, qədim arxitektura ənənələri saxlanılmaqla müasirləşdirilmişdir.
Bu məqamda xüsusi minnətdarlıq hissilə vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva UNESCO və İSESCO-nun xoşməramlı səfirləri kimi xalqımızın mədəniyyətini dünya miqyasında tanıda bilmişdir. Ölkəmizin çox sayda maddi-mədəniyyət abidələri bu qurumların mədəni irs siyahılarına daxil edilmişdir.
– Sizcə, yerli turizmi canlandırmaq üçün hansı tədbirlər görülməlidir?
– Ölkədə kənd turizmini canlandırmaq üçün kifayət qədər təbii məkanlar var. Bunun üçün ilk növbədə infrastruktur müasir tələblərə cavab verməlidir. Məsələn Daşkəsəndə Xoşbulaq kəndi rayon mərkəzindən təqribən yeddi kilometr məsafədə yerləşir. Xoşbulaq kəndi və yaxud yaylağı təmiz havası, saf bulaqları ilə tanınır. Xoşbulaqlılar yay mövsümündə evlərini kirayə verməklə, gələn qonaqlara qatıq, pendir, təndir çörəyi satmaqla dolanırlar. Bura Qərb bölgəsinin sakinlərinin ən çox üz tutduğu məkandır.
Şəkinin Kiş kəndi həm Kiş çayı həm də meşə ilə əhatələnib. Burada turistlərin diqqətini cəlb edən qədim Alban məbədi ilə yanaşı çox sayda qədim tikililər də mövcuddur. Qaxda yerləşən İlisu kəndi yaxınlığında zəngin müalicə əhəmiyyətli təbii mineral sular var. Bu məkan turistlərin sevimli istirahət yerlərindəndir. Burada çoxsaylı şirin sulu bulaqlar da mövcuddur. Onlardan ən məşhuru Beşbulaqdır.
Qubanın dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq kəndi turistlərin çox səfər etdiyi məkanlardır. Kənddən 14 kilometr məsafədə isə Şah yaylağı yerləşir. Xınalıq həm də uzunömürlülər məskənidir. Kəndə gələn turistlər təklif olunan kirayə evlərdə qala bilərlər. Lənkəranda zümrüd meşələrin əhatəsində yerləşən Xanbulan, Masallıda isə İlisu kəndləri gözəl təbiəti ilə turistləri özünə cəlb edir.
Kənd turizmini canlandırmaq üçün bu məkanlara vəsait qoyuluşu artırılmalıdır. Yolların təmir edilməsi, kirayə veriləcək kənd evlərinin müasir tələblərə cavab verəcək şəkildə inşa edilməsi, kəndlərdə olan qədim qalaların, tarixi memarlıq abidələrinin bərpası, həmçinin təbliğ olunması bu məkanlara diqqəti daha da artırar.
Azərbaycanın dilbər guşələri haqqında danışmaqla bitməz. Düşünürəm ki, hələ nə qədər kənd turizmi üçün faydalı olan məkanların adını çəkmədim.
– Professor, düşməndən azad edilmiş Qarabağda turizmin gələcəyini necə təsəvvür edirsiniz?
– Qarabağ füsunkar gözəlliyi, tarixi abidələri, müalicəvi suları ilə seçilir. Buranın iqlimi də çox əlverişlidir. Belə ki, ilin bütün fəsillərində burada turizmin təşkili üçün imkanlar var. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası hazırlanıb. Bu mühüm sənədin icrası Qarabağın turizm imkanlarını artıracaq.
Füzulidə inşa edilmiş Beynəlxalq Hava Limanı ən yüksək dünya standartlarına cavab verir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Suvenir İstehsalı Müəssisəsinin yaradılması nəzərdə tutulub. Zəngilan və Laçında da beynəlxalq hava limanları tikilir.
Füzuli-Xocavənd-Şuşa-Laçın, Füzuli-Cəbrayıl-Zəngilan, Zəngilan-Qubadlı-Kəlbəcər-Laçın, Bərdə-Ağdam istiqamətlərində turizm marşrutları təşkil olunacaq. Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda qış və dağ turizm marşrutları açılacaq ki, bunlar ilin bütün fəsillərində yerli və xarici turistlərin diqqətini cəlb edəcək.
Qarabağ turizmi bu gün dünya ictimaiyyətinin diqqətindədir. Təklif edərdim ki, yerlə-yeksan olan tarixi memarlıq abidələrinin maketlərindən ibarət “Kiçik Qarabağ” adlı açıq səma altında muzey təşkil olunsun.
– Eşitdiyimə görə, bu günlərdə tələbələrinizlə birlikdə Şuşanı ziyarət etmisiniz...
– Bəli, bu il may ayının 28-də uzun illlər çalışdığım tələbələrimlə birlikdə bu ecazkar şəhəri görmək nəsib oldu. Tam səmimi deyirəm: Şuşa mənim təsəvvür etdiyimdən də gözəldir. Şuşanı görmək sevincini yaşamaq hissi inanılmaz və təsvirəgəlməz bir hissdir.
Yeri gəlmişkən, bizim tələbələr Cıdır düzündə əl-ələ verib yallı getdilər. Onlar Şuşada özlərini son dərəcə xoşbəxt hiss edirdilər. Bu gün Şuşa azaddır, xoşbəxtdir. Buna görə də xalqımız özünü xoşbəxt sanır. Bu xoşbəxtlik bizə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yüksək qətiyyəti, rəşadətli Ordumuzun igid əsgər və zabitlərinin qeyri-adi şücaətləri sayəsində nəsib olub.
Biz bu gün dövlət və xalq olaraq öz qədim tariximizin ən şərəfli günlərini yaşayırıq. Yolboyu keçirdiyim hissləri sözlə ifadə etmək çətindir. Göz yaşlarımı çətinliklə saxlayırdım. İgid əsgərlərimizin bu ucalıqları dizin-dizin, sürünə-sürünə canları, qanları bahasına azad etmələri bir kino lenti kimi gözlərim önündən keçirdi.
Söhbəti qələmə aldı: Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə