Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan: “Qafqazın ulduzu”, Türk dünyasının Zəfər ünvanı

Müsahibimiz Türkiyənin Turan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elnur Həsən Mikayıldır

Dost Türkiyədə fəaliyyət göstərən Turan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, beynəlxalq əlaqələr üzrə mütəxəssis olan soydaşımız Elnur Mikayılı (Elnur Həsən Mikayıl) Azərbaycanda tanıyanların sayı çox olmasa da, qardaş ölkənin elm və siyasət dairələrində bu insan kifayət qədər məşhurdur. MHP lideri Dövlət Baxçalı, xarici işlər naziri Mövlud Çavuşoğlu kimi görkəmli siyasət və dövlət adamları ilə görüşləri, Türkiyə mediasında geniş əks-səda doğuran çıxışları Elnur bəyi bu ölkədə çox populyarlaşdırmışdır.

Elnur Mikayıl 2012-ci ilin oktyabr ayından 2013-cü ilin noyabr ayına qədər Türkiyənin məşhur təhsil oçaqlarından olan Qafqaz Universitetinin (Qars) iqtisadiyyat və inzibati elmlər fakültəsinin beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışmışdır. 2014-cü ildə o, bu ali məktəbin politologiya və beynəlxalq münasibətlər kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir, eyni zamanda, fakültənin beynəlxalq əlaqələrinə rəhbərlik edir.

Haqqında ilk dəfə Egey Universiteti Türk Dünyası Araşdırmaları İnistitutunun qurucu müdiri Fikrət Türkməndən eşitmişdim. Elnurun yaratdığı və uzun illərdən bəri rəhbərlik etdiyi Turan Strateji Araşdırmalar Mərkəzi haqqında danışan böyük alimin fikirləri Azərbaycan ünvanlı tədqiqatçı ilə tezliklə tanış olmaq marağı yaratmışdı. Fikrət bəyin türk dünyası üçün dəyərli bir ziyalı kimi təqdim etdiyi Elnur Mikayıl, doğrudan da, bu etimadı əməlləri və ideyaları ilə doğrultmağa layiq olan bir alimdir. Gənc olmasına baxmayaraq, qazandığı elmi, ictimai-mədəni uğurları, xüsusən, Türk dünyasının birliyi ideyasına verdiyi töhfələri ilə diqqəti cəlb etmişdir.

Elnur Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2 saylı Həbib bəy Mahmudbəyov adına Bakı Elm Liseyinin məzunudur. Orta məktəb illərində Azərbaycanda keçirilən riyaziyyat olimpiadalarında qazandığı uğurları ilə ölkədə öz gələcəyinə böyük ümidlər doğurmuşdur. 1994-cü ildə dünya şöhrətli azərbaycanlı alim, akademik Azad Mirzəcanzadənin seçimi ilə Hindistanın paytaxtı Dehlidə keçirilən Dünya İnformasiya və Riyaziyyat Olimpiadasına göndərilən 6 şagirddən biri də Elnur olmuşdur.

1995-ci ildə orta təhsilini başa vurduqdan sonra qəbul imtahanınlarından uğurla keçmiş Elnur Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin təqaüdü ilə bu ölkədə ali təhsil almaq hüququ qazanmış 40 tələbədən biri olmuş, Bolu şəhərində TÖMER – Türkçə Öyrənmə Mərkəzində oxumağa başlamışdır. Sonra yüsək göstəricilər ilə İstanbul Universitetinin iqtisadiyyat fakültəsinin beynəlxalq münasibətlər şöbəsinə qəbul edilmiş, 1 ildən sonra ali təhsilini Səlcuq Universitetində davam etdirmiş və 2001-ci ildə iqtisadiyyat və inzibati elmlər fakültəsini bitirmişdir. Magistratura və doktorantura təhsilini də bu universitetdə davam etdirmiş Elnur “Vladimir Putin dövründə Rusiyanın xarici siyasəti (2000–2003)” və “Atatürk dövründə Türkiyə–Azərbaycan münasibətləri (1919–1938)” mövzusunda magistr və doktorluq işini tamamlamışdır.

Tarix elmləri üzrə alimlik dərəcəsi alan Elnur Mikayıl Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə tədqiqatlarını 6 ay müddətində Azərbaycanda, daha sonra Türkiyə Ali Təhsil Şurasının (YÖK) layihəsi əsasında 3 ay müddətində ABŞ-ın Kanzas Universitetində, Türkiyənin Qafqaz Universitetinin xarici əlaqələr bölməsinin dəstəyi ilə 1 il müddətində Böyük Britaniyanın London Kral İnstitutunda davam etdirmişdir. Eləcə də Erasmus Proqramı çərçivəsində tədqiqatçı alim kimi Gürcüstanda və Çexiyada da araşdırmalar aparmışdır.

Elnur Mikayıl “Yeni çarlar və rus xarici siyasəti” (İstanbul, 2007), “Türk birliyi layihəsi” (İstanbul, 2008), (Professor Səlim Başar ilə birgə), “Yeni Rusiya: Putinin Medvedyevə qoyduğu miras” (London, 2009) kitablarının, “Türkiyə – Rusiya siyasi və iqtisadi münasibətləri: Ərdoğan–Putin dövrü (2003–2013)”, “Atatürk çağında Türkiyə–Azərbaycan əlaqələri (1919–1938)”, “Qafqaz və Mərkəzi Asiya ölkələri ilə siyasi-iqtisadi-mədəni əlaqələr” adlı araşdırmaların da müəllifidir. Ümumilikdə, onun 85 elmi məqaləsi və beynəlxalq statuslu könfraslardakı məruzələri dünyanın nüfuzlu milli və beynəlxalq jurnallarında dərc olunub.

Soydaşımızın yaratmış olduğu Türan Strateji Araşdırmaları Mərkəzi və nəşr etdiyi “Turan SAM” dərgisi təkcə Türk dünyasının deyil, eləcə də dünyanın bir çox elm adamlarının yaxşı tanıdığı və rəğbətlə yanaşdığı nəşrlərdəndir. Bu barədə danışan Elnur bəy dedi:

– 2008-ci ildə yaratdığımız Türan Strateji Araşdırmaları Mərkəzini çox keçmədi ki, Türkiyədə, eləcə də bütün Türk dünyasında tanıda bildik. Az bir zamanda həm elmi araşdırma imkanlarına görə, həm də xarici ölkələrdəki populyarlığına görə Türkiyənin ən güclü strateji mərkəzlərindən biri kimi tanındıq. Mərkəzin Qazaxıstan, Qırgızıstan, Şimali Kipr, İran, Almaniya, Şərqi Türküstan (Çin), Gürcüstan, Əfqanıstan, Avstriya, Kosova, Makedoniya, Tacikistan, Ukrayna, Norveç, Bolqarıstan, Litva və başqa ölkələr daxil olmaqla 20-dən çox dövlətdə nümayəndəliyi var. Türkiyənin isə 30-dan çox bölgəsində və 20 şəhərində şöbələrimiz fəaliyyətdədir.

– Turan Strateji Araşdırmaları Mərkəzini yaratmaq ideyası haradan yaranmışdı və məqsəd nə idi?

– Əslində, məqsəd mərkəzin adından aydın görünür: Strateji Araşdırmalar Mərkəzi və adı da Turan: Türk xalqlarının birliyinin və Türk təfəkkürünün ifadəsi olan müqəddəs bir ad. Dil ümumiliyi, tarixi-coğrafi məkan, şifahi xalq ədəbiyyatı, adət-ənənələr, oxşar toponimlər Türk xalqlarını birləşdirən ümumi və oxşar dəyərlər Turan adında çox aydın görünür. Məqsəd dünyanın hər tərəfinə yayılmış türklər və türk xalqları arasında strateji, mədəni, fikir və düşüncə birliyi yaratmaq, onların əlaqələrinin genişlənməsinə töhfələr verməkdir.

Bu ideya yeni olmasa da, onun məqsəd-məramları uğrunda mübarizə də yeni deyil və bu gün davam etməkdədir. Dərk etdik ki, bu böyük missiyanın həyata keçirilməsi üçün böyük potensiallar var və bu böyük birlik yaradılana kimi mübarizə davam etməlidir. Strateji mərkəzdə Türk dünyasında tanınan 100-ə qədər elm adamını – professor, dosent, elmlər doktoru və öz sahəsində tanınmış ziyalıları birlədirmişik. Fəaliyyətimizi də elmi əsaslar üzəndə qurmuşuq. Çağdaş siyasi reallıqlar təkqütblü dünyanın və burada hakim olan Amerika Birləşmiş Ştatlarının diktəsini təsdiqləyir. Dünyada baş verənlər də bu böyük gücün təsiri altındadır.

– Türk dünyasının gücü beynəlxalq siyasət və diplomatiyada necə görünür?

– Baş verənlər heç kəsə gizli deyil və Yeni Dünya anlamını təsdiqləyir. Heç tərəddüd etmədən, demək olar ki, burada Türk dünyasının xüsusi yerini və önəmini danmaq, ya da görməmək mümkünsüzdür. Bu gücü xəyal hesab etmək olmaz. Bu siyasi gerçəkliyi həm elmi, həm də dini baxımdan dəyərləndirəndə onun nə qədər böyük həqiqət olduğuna şahidlik edirik. Digər tərəfdən, XXI əsr Türk əsri adlandırılır və bunun da güclü kökləri var.

– Bəs Azərbaycanın bu çevrədə rolu və mövqeyi neçədir?

– Azərbaycan Türk dünyasının önəmli bir parçasıdır, onun strateji mövqeyi bu önəmi təsdiq edir. Dünya xəritəsinə baxanda belə bu strateji mövqeyi görürük. Eyni zamanda, Azərbaycan Türkiyənin Türk dünyasına açılan önəmli bir qapısıdır. Zəngəzur dəhlizinin reallaşması isə Şərq–Qərb inteqrasiyasında onun rolunu daha da artırmış olacaq. İnsan potensialı baxımından da Azərbaycan diqqəti cəlb edir: ölkənin böyük elmi potensialı var, əhali tam təhsillidir. Daha bir önəmli fakt isə ölkənın zəngin təbii sərvətlərə sahib olmasıdır. Ölkənin təbii kapitalı ilə insan kapitalının vəhdəti isə dövlətin siyasi xəttinin əsasını təşkil edir və deməliyəm ki, bu qazanılan uğurların da təminatçısıdır.

– Son illər Azərbaycanda baş verənlər xaricdən necə görünür, bu haqda nə deyərdiniz?

– İstər son illərdəki quruculuq işləri, istərsə də mənəvi, iqtisadi və sosial sahədə qazanılanlar günümüzün ən böyük uğurlarıdır. Amma bütün bunların fonunda dayanan daha mühüm bir fakt var: tarixi zəfər– böyük qələbə! Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız, müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu, torpaqlarımızı 30 illik işğaldan qurtarmaqla böyük qələbəyə imza atdı. Bunun siyasi və mənəvi anlamda nə qədər qürurverici bir fakt olduğunu duymamaq mümkün deyil.

Uzun illərdir ki, xaricdə yaşayan bir azərbaycanlı kimi bu fakt mənim, ailəmin, əhatəsində olduğum adamların həyatından qızıl xətt kimi keçdi, xalqımızın, dövlətimizin nə qədər böyük ideallara sahibləndiyinin sübutu oldu. Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, “Azər-baycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə, öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ qorudu. Bütün dünya gördü ki, biz böyük xalqıq və heç vaxt Azərbaycan xalqı işğalla barışmaq fikrində deyildi”.

– Yeri gəlmişkən, bir məsələyə də toxunaq, tarixi qələbədə ölkəmizdən kənarda yaşayan həmvətənlərimizin fəaliyyətini necə dəyərləndirərdiniz?

– Maraqlı sualdır, xüsusən də Azərbaycandan kənarda yaşayan bir adam üçün çox aktualdır. Hər şeydən əvvəl, onu deyim ki, bütün türklər, eləcə də azərbaycanlılar torpağa, Vətənə canı-qanı ilə bağlıdırlar. Müharibə başlayanda ölkəyə dönmək istəyənlərin, hətta yaşadığım Türkiyədə bizə qoşulub, vuruşmağa can atan, Qarabağa gəlmək istəyən Türkiyə vətəndaşlarının sayı-hesabı yox idi. Bu, məsələnin önəmli olan bir tərəfidir. Digər tərtəfdən, xaricdəlki azərbaycanlılar, eləcə də türk diaspor qurumları fəaliyyətləri ilə ölkəmizin lehinə üstün fikir mühiti yaratdılar. Onlar Qarabağ müharibəsi ərzində Vətəndən uzaqlarda necə qürur mənbəyinə çevrildiklərini dünyaya nümayiş etdirdilər.

Erməni təcazüvü ilə üzləşən ölkəmizin diaspor üzvləri azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək, Prezident İlham Əliyevin yürütdüyü siyasi xətti, Azərbaycanın ədalətli mövqeyini bütün dünyaya çatdırırlar. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi isə qalib xalqın tarixi və siyasi qələbəsinin bir daha təsdiqi oldu. Beynəlxalq ictimaiyyət də şahid oldu ki, azərbaycanlılar dünyanın harasında olmasına baxmayaraq, Vətənə, torpağa bağlı insanlardırlar və hər bir kəs müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”unun canlı və ayrılmaz bir parçasıdır.

– Maraqlı və qürurverici fikirləriniz üçün çox sağ olun. Bir az da bugünkü işlərinizdən, məsələn, nəşr etdiyiniz jurnaldan danışın...

– Turan Strateji Araşdırmaları Mərkəzinin elmi nəşri olan “Turan SAM” jurnalı bütün dünyanın çeşidli coğrafiyalarında məskunlaşan, çox qədim və köklü bir tarixə, mədəniyyətə sahib olan türklərin birliyini təmin etmək, adət-ənənələri ilə bir-birilərinə bağlı olan xalqlarımızı həm dünyaya, həm də bir-birilərinə yaxından tanıtmaqdır. Bu yöndə fəaliyyətimizə və haqq işimizə çox inanırıq, amma bir iş görə biliriksə və ya fəaliyyətimizin kiçicik də olsa bir bəhrəsi varsa, demək nəyəsə nail ola bilmişik. Təvazökərlıqdan uzaq olmasın, nəşrimiz təkcə Türkiyənin elmi və siyasi həyatında deyil, eləcə də dünyanın çoxsaylı elm adamlarının yaxşı tanıdığı və rəğbətlə yanaşdığı nəşrlərdəndir. Türk dilində və bütün türk ləhcələrində, eləcə də dünyanın populyar dillərində yazılmış elmi məqalələri dərc edirik və bu gün də dərc etməyə hazırıq. Dövri elmi nəşrlərin daxil olduğu 10-dan çox beynəlxalq xülasələndirmə və indeksləmə bazalarının sertifikatlarını almışıq. Bu fakt özü də nəsrin populyarlığını və elmi dairələrdəki sanbalını təsdiqləyir.

– Sonda oxucularımızla bölüşmək istədiyiniz hansısa bir fikir varmı?

– Hesab edirəm ki, Azərbaycanın uğurları, eləcə də böyük qələbə hər bir azərbaycanlı üçün qurur mənbəyidir. Vətən müharibəsindəki möhtəşəm Qələbə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılaraq, hər bir azərbaycanlının yaddaşında silinməz izlər buraxmış milli birlik, rəşadət və qəhrəmanlıq salnaməsidir. Azərbaycan xalqı Zəfər gününə 30 illik bir yol gəldi və ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, Ermənistanın 30 il davam etmiş işğalına son qoyulması ilə tariximizdə yeni bir səhifə yazdı. 44 gün ərzində Ermənistan ordusunun 4–5 milyard dollarlıq hərbi texnikası məhv edildi, ermənilərin quldur silahlı bandalar haqqında uydurduqları mif dağıdıldı.

Bu qələbə yalnız Ermənistan silahlı qüvvələri üzərində deyil, eyni zamanda, dünyanın ikili standatları üzərində, erməni təcavüzünü dəstəkləyən dövlətlər üzərində də misilsiz bir qələbə idi. Azərbaycan bu illər ərzində və sonda Vətən müharibəsində təkcə Ermənistanla, dünya erməniliyi ilə yox, onun himayədarları ilə də müharibə apardı. İndi dünya Azərbaycanın reallıqlarını qəbul edir. Azərbaycan beynəlxalq aləmə “Qafqazın ulduzu” kimi təqdim edilir. İnanırıq ki, “Qafqazın ulduzu” gələcəkdə bütün Turanın–Türk dünyasının, eləcə də sivil dünyanın tanıdığı qüdrətli bir məkan olacaq. Xaricdə yaşayan hər bir azərbaycanlı əmindir və qürurludur ki, arxalarında güclü, qüdrətli, qalib Azərbaycan dövləti dayanır.

Namiq QƏDİMOĞLU,

“Xalq qəzeti”

3 İyun 2022 08:26 - MÜSAHİBƏ
MÜSAHİBƏ
20 Oktyabr 2022 | 00:17
Daha az fəsadlı anesteziya

Köhnə versiyamızdan xəbərləri izlə