Ən son xəbərlər
Baş katibin bəyanatı
BMT-nin Baş katibi Antonio Quterreş Əfqanıstandakı son terror hücumlarını pisləyib. Bu barədə A.Quterreş “Twitter” səhifə-sində yazıb: “Mən Əfqanıstanda şiə icmasının üzvlərinin və ən azı 16 uşağın həlak olduğu son terror hücumunu şiddətlə qınayıram. Mülki şəxslərə qarşı hücumlar beynəlxalq humanitar hüquq müstəvisində qəti qadağandır. Mülki insanlar hədəf deyil”.
Məlumatı BBC yayıb.
İrihəcmli sövdələşmə
Birləşmiş Ştatların və dünyanın ən böyük yarımkeçirici istehsalçılarından biri olan “Broadcom” şirkəti korporativ proqram təminatının tərtibatçısı “Vmware” kompaniyasını 61 milyard dollara alır. Bu barədə “Broadcom” şirkətinin açıqlamasında deyilir: “Vmware”in bütün dövriyyədə olan səhmlərinin alışı ilə bağlı müqavilə bağladıq. Sövdələşmənin dəyəri təxminən 61 milyard dollardır”. Bundan başqa, “Broadcom” şirkəti “Vmware”in 8 milyard dollarlıq borcunu da öz üzərinə götürüb.
Xəbəri “Bloomberg” verib.
Yaponiya
Baş nazirin bəyanatı
Gələn ayın 10-dan Yaponiya son iki ildə ilk dəfə olaraq əcnəbi turistlərin ölkəyə gəlişi üçün sərhədləri açacaq. Bu bəyanatla Yaponiyanın Baş naziri Fumio Kişida çıxış edib. Eyni zamanda, hökumət başçısı yumşalmaların mərhələlərlə və müəyyən şərtlərlə tətbiq olunacağını bildirib.
Xəbəri “Kyodo” verib.
Misir
Yeni helikopterlər alınır
Misir hökuməti ABŞ-dan 23 ədəd “Boeing CH-47 Chinook” markalı hərbi-nəqliyyat helikopteri və müvafiq avadanlıqlar alır. Bildirilir ki, artıq ABŞ Dövlət Departamenti sözügedən helikopterlərin və avadanlıqların Misirə satışını təsdiqləyib. Qeyd edilir ki, müqavilənin dəyəri 2,6 milyard dollar təşkil edir.
Məlumatı “Defence Daily” yayıb.
Fransa
“Qızıl top”un təqdimat tarixi açıqlanıb
Növbəti “Qızıl top” mərasimi 2022-ci il oktyabrın 17-də Parisdəki “Teatr dü Şatle” salonunda keçiriləcək. Cari ildə kişilər və qadınlar üçün nominasiyalar, həmçinin ən yaxşı gənc oyunçu və ən yaxşı qapıçı mükafatlarına namizədlərin siyahıları isə avqustun 12-də açıqlanacaq. Qeyd edilir ki, ötən il əsas mükafatları PSJ-nin hücumçusu Lionel Messi, “Barselona”nın futbolçusu Aleksiya Putellas, “Barselona”nın yarımmüdafiəçisi Pedri və PSJ-nin qapıçısı Canluici Donnarumma alıb.
Xəbəri “Eurosport” verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə