Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son illər AXC haqqında dəyərli filmlər yaradılıb

Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuşdur. Bu münasibətlə həm ölkədə, həm də xaricdə silsilə tədbirlər keçirilmişdir. Bakı Media Mərkəzi də Azərbaycanın bu şanlı tarixinə töhfə vermək məqsədilə “Son iclas” bədii-sənədli filmini ərsəyə gətirmişdir. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.

Ekran əsərində AXC qurucuları­nın müstəqilliyimizin düşmənlərinə– istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizəsi əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixi və faciəli taleyi ön plana çəkilir.

2016-cı ildə çəkilmiş “Əbədi ezamiyyət” sənədli-bədii filmı isə AXC xadimlərinin fəaliyyətinə həsr olunmuşdur. Film 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin taleyindən bəhs edir. Yaradıcı heyət filmin hazırlanması üçün ilyarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdır­malar aparıb, bu şəhərlərdə video və fotoçəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb.

Filmin hazırlanması zama­nı Fransa Ali İctimai Tədqiqatlar Məktəbinin Rusiya, Şərqi Avropa və Qafqaz Araşdırmaları Mərkəzinin Arxivində, Azərbaycan Respubli­kası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Milli Təhlükəsizlik Nazirliyinin Arxivində, Azərbaycan Respublikasının Dövlət Arxivində, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Dövlət Kino-Foto Sənədləri Arxivində, Dövlət Film Fondunda saxlanılan sənəd və materiallardan istifadə edilmişdir.

Bu ekran əsəri 1993-cü ilin dekabrında ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Res­publikasının Prezidenti kimi Fransa­ya ilk rəsmi səfəri zamanı Paris ya­xınlığındakı Sen-Klu qəbiristanlığına gedərək, Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Top­çubaşovun və Ceyhun Hacıbəylinin qərib məzarlarının ziyarəti ilə yekunlaşır.

Filmdə Molla Pənah Vaqifin, Məhəmməd Hadinin, Almas İldırı­mın, Əhməd Cavadın və Səməd Vurğunun şeirlərindən parçalar səsləndirilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş, “Veysəloğlu” Şirkətlər qrupunun maliyyə dəstəyi və təşəbbüsü ilə ərsəyə gələn “Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filmində baş rolu Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayev ifa edib.

Filmin ssenari müəllifi bir insanın taleyində cümhuriyyət dövrünün oynadığı rolu təsvir etməyə ça­lışıb. Burada Azərbaycan kino­sunda ilk dəfə olaraq rəngkarlıq nümunələrinin canlanmasından istifadə edilib. Bu şəkillər vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin doqquz fərqli sahədə əldə etdiyi uğurlar təsvir edilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilir.

Film baba ilə nəvənin tim­salında iki müxtəlif baxış bu­cağının, iki nəslin Azərbaycan Xalq Cümhuriyyətinə olan oxşar münasibətidir. Hər iki nəsil öz tarixinə hörmət edir, baş verən hadisələri yüksək dəyərləndirir. Yalnız belə bir ideoloji mühit Vətənə bağlı əsgər yetişdirə bilər.

AXC-nin 100 illik yubileyinə həsr olunmuş “Birinci dubldan” sənədli filminin əsasında mühüm faktlar dayanır. Filmin rejissoru Oleq Şom­mer müsahibələrinin birində bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti üzük qaşı kimi hər tərəfdən düşmən əhatəsində idi. Lakin buna baxma­yaraq, hökumət xaricə təhsil almağa 102 tələbə göndərib ki, onlar bilik qazanaraq, Vətənə qayıdıb doğ­ma ölkədə tətbiq etsinlər. Məgər ölkənin başqa qayğıları, başqa işləri yox idi? Əlbəttə, var idi. Lakin elə o zaman da dövlət bu gün olduğu kimi gələcək haqqında düşünürdü. Beləliklə, ənənə, nəsillər arasında əlaqələr davam edir.

Oleq Şommer müasir Azərbaycanda dövlət proqramı əsasında xaricdə uğurla təhsil alan tələbələrin də filmdə əks olunduğu­nu diqqətə çatdırıb. Vurğulayıb ki, AXC dövründə xaricə təhsil almağa getmiş gənclərin çox çətin taleyi olub. Onlar geri qayıda bilmədilər, çünki ölkə artıq müstəqil deyildi, Xalq Cümhuriyyəti daha yox idi. Gənclərin çoxu xaricdə qaldı. Re­jissor deyib ki, filmdə bizim başlıca vəzifəmiz zamanların əlaqəsini göstərməkdir. Məsələn, 1918-ci ilin mart ayı və 1990-cı ilin yanvar ayı. Bizim üçün vacib olan əsas məsələ ölkənin taleyini, ilk növbədə, insan­ların taleyi vasitəsilə vermək idi.

Tarixi faktlar və araşdırmalar əsasında çəkilmiş ekran əsərində Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricdə təhsil almağa göndərilən 102 gəncin taleyindən, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əldə olunan nailiyyətlərdən, xalq və dövlət maraqlarının hər şeydən üstün tutulmasından, gənclərin təhsilinə, o cümlədən xaricdə təhsil alma­sına dövlət siyasəti səviyyəsində göstərilən diqqətdən bəhs edilir. “Əsas odur ki, doğru istiqamət müəyyən edilsin”, – deyən müəllif filmin süjet xəttini Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətinin daha da artırılması və insanların rifahının sürətli yüksəliş yolu tutulması fikri ilə tamamlayıb.

Hazırladı: M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

28 May 2022 04:13 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə