Ən son xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 28 May Müstəqillik Günü münasibətilə keçirilən bayram mərasimində qurumun rəhbər işçiləri, üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.
Azərbaycanın müstəqillik tarixindən bəhs edən videoçarxın nümayişindən sonra AHİK sədrinin birinci müavini İlyas Əliyev 1918-ci il mayın 28-də xalqımız tərəfindən qurulan müsəlman Şərqinin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, gördüyü işlərdən, xalqımızın həyatında oynadığı rolundan bəhs edib.
Bildirilib ki, xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Xalq Cümhuriyyətinin bütün ölkə vətəndaşlarına eyni hüquqlar verməsi ilə Azərbaycan irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldıran ilk ölkələrdən biri olub. Azərbaycanın ilk Parlamenti və Hökuməti, milli dövlət aparatını təşkil edb, ölkənin sərhədlərini müəyyənləşdirib. Dövlətin əsas atributları – bayraq, himn və gerb yaradılıb, ana dili dövlət dili elan edilib, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib.
Azərbaycan Xalq Cümhuriyyəti hərbi müdaxilə səbəbindən süqut etdiyi üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilməsə də, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmayıb. 70 il keçəndən sonra - 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə ilk dəfə Naxçıvan parlamenti Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi təsdiq edib.
Mərasimdə daha sonra qeyd edilib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqının müstəqillik arzusu həyata keçib. Ölkə müstəqilliyin ilk illərində onu itirmək təhlükəsi ilə üz-üzə qalanda ümummilli lider Heydər Əliyevin xalqın köməyinə yetişməsi Azərbaycanı bu fəlakətdən xilas edib. Müstəqilliyimiz xalqımızı azadlığa və xoşbəxliyə qovuşdurub. Bu gün xalqımız öz dövlətinin və onun başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük zirvələrə doğru inamla irəliləyir. Bu birliyimiz sayəsində müstəqilliyimiz əbədi olacaq, dövlətimiz daha da güclənəcək.
R.TAHİR, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə