Ən son xəbərlər
Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.
Heydər ƏLİYEV
Ümummilli lider
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və inkişafında bütün bölgələrdən, o cümlədən Göyçay qəzasından olan ictimai–siyasi xadimlərin, ziyalıların da mühüm rolu olub. Cümhuriyyətin parlamentində təmsilçilik üçün ayrılmış kvotaya görə Göyçay qəzasından biri şəhərdən, biri isə kəndlərdən olmaqla iki deputatın təmsilçiliyi nəzərdə tutulmuşdu. Lakin araşdırmalar nəticəsində məlum olmuşdur ki, AXC parlamentində Göyçay qəzasını dörd deputat təmsil etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları kimi tarixə düşmüş həmin şəxsiyyətlər Sadıq bəy Hacı İsmayıl oğlu Ağabəyzadə, Mustafa Mahmudov, Rza bəy Həzrət bəy oğlu Ağabəyov və Hacı Hüseyn Əfəndiyevdir.
Parlamentdə Göyçay qəzasında iki əvəzinə dörd deputatın təmsil olunmasının səbəbini aydınlaşdırmaq üçün kiçik izahata ehtiyac var. Göyçay şəhərindən Sadıq bəy Hacı İsmayıl oğlu Ağabəyzadə parlamentə seçilib, İttihad fraksiyasının üzvü kimi 1918-ci il dekabrın 15-dən– 1919-cu il fevralın 4-ə kimi deputat olub. Sonradan o, daxili işlər nazirinin müavini vəzifəsi daşıdığına görə deputatlıqdan istefa verib. Onun yerinə Rza bəy Ağabəyov parlamentdə Müsavat və bitərəflər fraksiyasının üzvü kimi 7 aprel 1919-cu il aprelin 7-dən 1920-ci il aprelin 27-si tarixlərində Göyçay şəhərini təmsil edib. Qeyd edək ki, Sadıq bəy Ağabəyzadə və Rza bəy Ağabəyovun eyni – qədim Ağabəylilər soyadından olduğu bildirilir.
Hacı Hüseyn Əfəndiyev isə parlamentdə Əhrar fraksiyasının üzvü kimi 15 dekabr 1918 – 27 aprel 1920-ci il tarixlərində Göyçay qəzasını təmsil edib. Bu deputatların hər üçü Göyçay qəzasından parlamentə seçiliblər. Mustafa Mahmudov isə Zaqafqaziya Seymində Azərbaycanı təmsil etmiş 44 deputatdan biri kimi AXC yaranarkən parlamentin üzvü olub.
1917-ci ilin fevral burjua inqilabından sonra Müvəqqəti hökümətin Müəssislər Məclisinə (parlamentinə) seçkilər keçirilmiş və parlament formalaşdırılmışdır. Bolşeviklər Müəssislər Məclisini (parlamenti) tanımasalar da, azərbaycanlı, gürcü və erməni deputatlar Tiflisdə yaradılmış Zaqafqaziya komissarlığında fəaliyyət göstərirdilər. 1918-ci il fevralın 22-də keçirilən yığıncaqda Zaqafqaziya komissarlığının buraxılması, yeni qanunvericilik orqanı kimi Zaqafqaziya Seyminin yaradılması və yerli hakimiyyətin bu orqana verilməsi haqda qərar qəbul edilir.
1918-ci il fevralın 28-də Seymin Mandat komissiyası fraksiyalar üzrə Seym üzvlərinin ən son siyahısını təsdiqləyib. Həmin siyahıya “Müsavat və Zaqafqaziya Mərkəzi Müsəlman Komitəsindən olan partiyasızlar qrupu fraksiyası”ndan cəmi 30 nəfər üzv düşüb: Cəfərov Məhəmmədyusif, Topçubaşov Əlimərdan bəy, Rəsulzadə Məhəmmədəmin, Yusifbəyov Nəsib bəy, Ağayev Həsən bəy, Sultanov Xosrov bəy, Məhəmmədbəyov Qazıəhməd, Mahmudov Mustafa, Seyidov Mirhidayət, Qardaşov Aslan bəy, Rüstəmbəyov Şəfi bəy, Xoyski Fətəli xan, Xasməhəmmədov Xəlil bəy, Hacınski Məhəmmədhəsən, Məlikyeqanov Cavad bəy, Hacıbababəyov Mehdi bəy, Axundzadə Hacı Mirzə Səlim, Axicanov Müseyib bəy, Məlikaslanov Xudadad bəy, Behbudov Lütfəli bəy, Hacınski Mehdi bəy, Köçərli Firidun bəy, Mahmudbəyov Əliəsgər bəy, Mikayılov Kərbəlayı Vəli, Vəkilov İbrahim ağa, Şahtaxtinski Həmid ağa, Qulubəyov Əli bəy, Vəkilov Rəhim bəy, Əfəndizadə Yusif əfəndi, Yusifzadə Mirzə Cəlal.
Zaqafqaziya Seymində Azərbaycanı təmsil etmiş 44 deputat isə kooptasiya (müvafiq orqanın qərarı ilə əlavə seçkilər keçirilmədən hər partiyanın aldığı səsin sayına müvafiq olaraq nümayəndələrin sayının artırılması) üsulu ilə formalaşdırılmışdır.
Göyçay qəzasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan dörd deputat üç partiyanı təmsil etmişdir. Bunlardan ikisi Müsavat, biri İttihad, biri isə Əhrar partiyalarının üzvü olmuşdur. Bu fakt Azərbaycan Xalq Cümhuriyyəti dövründə çoxpartiyalılığın, demokratiyanın nəinki paytaxtda, həm də regionlarda, o cümlədən Göyçayda inkişaf etdiyini sübut edir.
Məhəmməd Sadıq bəy Hacı İsmayıl oğlu Ağabəyzadə 1865-ci ildə Göycayda anadan olub. Orta təhsilini Bakıda realnı məktəbdə alıb. 1886-ci ildə Peterburq Hərbi–Piyada və Artilleriya məktəbini bitirən Sadıq bəy Ağabəyzadə həmin ildə Mixaylovski artilleriya məktəbinin üçüncü kursuna dinləyici kimi daxil olur. Podporuçik rütbəsi alan S.Ağabəyzadə 1899–1913-cü illərdə Türküstan diyarının Aşqabad qarnizonunda hərbi xidmət keçmişdir.
Sankt–Peterburqda Şərq dilləri İnstitutunu bitirən M.S.Ağabəyzadəyə 1913-cü ildə general–mayor rütbəsi verilib. I Dünya müharibəsi başlayanda Sadıq bəy Qafqaz döyüşlərində iştirak edib. 1916-cı ildə Ukrayna cəbhəsinə yollanıb. Dörd il orduda xidmət etdikdən sonra 1918-ci ildə Göyçaya qayıdıb.
S.Ağabəyzadə İttihad fraksiyasının üzvü kimi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində 1918-ci il dekabrın 15-dən 1919-cu il fevralın 4-ə kimi deputat olub. Daxili işlər nazirinin müavini təyin olunduqdan sonra parlamentin 4 fevral 1919-cu il tarixli sayca on ikinci iclasında parlamentdən istefa verib.
Şərqşünas alim, pedaqoq, hərbçi general–mayor Məhəmməd Sadıq bəy İsmayıl oğlu Ağabəyzadə Azərbaycan Xalq Cümhuriyyəti dövründə 21 döyüş generalından biri olmuş, 1918-ci il noyabrın 1-dən 1918-ci il dekabrın 26-dək, 1919-cu il martın 14-dən 1919-cu il aprelin 16-dək Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər naziri vəzifəsini icra edib. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti süqut etdikdən və bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra Ağabəyzadə Turkiyəyə mühacirət edir və bir müddət İstanbulda yaşayır. O, İstanbulda əmisi oğlu, görkəmli ictimai–siyasi xadim Əlibəy Hüseynzadə ilə görüşür. Sadıq bəy 1921-ci ildə Fransaya köçür və iki il Sorbonna şəhərində fars və türk dillərindən (Şərq dilləri) dərs deməyə başlayır. 1927-ci ilin fevralında Ziqmunt Smoqjevskinin dəvəti ilə Ukraynanın Lvov universitetinə Şərq dilləri fakültəsinə professor kimi dəvət edilir və orada 17 il işləyir.
Ukraynada şərqşünaslıq elminin inkişafında xüsusi xidmətləri olmuş Sadıq bəy Ağabəyzadə Böyük Vətən müharibəsi zamanı alman–faşist işğalçıları tərəfindən evindən çıxarılaraq heç bir şəraiti olmayan zirzəmi tipli evdə yerləşdirilir. Yaşının ahıl çağında soyuq yerdə saxlanan Sadıq bəy ağır xəstələnir və 9 oktyabr 1944-cü ildə Lvov şəhəri alman işğalçılarından azad edildikdən sonra gözlərini əbədi yumur. Onun qəbirüstü daşında türk və polyak dillərində bu sözlər yazılıb: “Burada general və professor Məhəmməd Sadıq bəy Ağabəyzadə (Ağabəyov) dəfn olunub”.
Rza bəy Həzrət bəy oğlu Ağabəyov 1894-cü il fevralın 14-də Göyçay şəhərində anadan olub. Aşqabad gimnaziyasını və Moskva İmperator Universitetini bitirib. AXC parlamentinə Göyçay şəhərindən seçilib. 1919-cu ilin oktyabrında Bitərəflər fraksiyasında parçalanma baş verir. Səkkiz nəfərdən ibarət böyük əksəriyyət (Fətəli xan Xoyski, Mirzə Əsədullayev, Əsədulla Əhmədov, Cəmil bəy Sultanov, Yusif Əhmədov, Baxış bəy Rüstəmbəyov, Abuzər bəy Rzayev, Ağa Aşurov) Müsavat fraksiyası ilə birləşərək parlamentdə həlledici səsə malik olan Müsavat və bitərəflər fraksiyasını yaradırlar. Müsavat fraksiyası ilə birləşən bitərəflər, eyni zamanda, müstəqil səsvermə hüquqlarını özlərində saxlayırlar. Rza bəy Həzrət bəy oğlu Ağabəyov Müsavat və bitərəflər fraksiyasının nümayəndəsi olaraq parlamentdə (7 aprel 1919 – 27 aprel 1920) Maliyyə və Təftiş komissiyalarının üzvü kimi fəaliyyət göstərib.
Rza bəy Həzrət bəy oğlu Ağabəyovun parlamentdə təmsil olunduğu “Müsavat və bitərəflər Fraksiysına” 40 parlament üzvü daxil idi. Rza bəyin “Türk ocağı” cəmiyyətinin fəaliyyətində də mühüm rolu olub. 1918-ci il senytabrın 24-də Əhməd Cavad Axundzadə, Abdulla Şaiq, Abbasqulu Kazımzadə, Kərbalayi Vəli Mikayılzadə və Tağı Nağızadə Cümhuriyyətin Daxili İşlər Nazirliyinə müraciət edərək Azərbaycanda “Türk ocağı” cəmiyyətinin qurulmasına icazə istəyirlər. 1918-c il oktyabrın 7-də cəmiyyətin yaradılmasına icazə verilir. (Qeyd edək ki, onun fotosu əldə edilməyib –Z.B.)
Mustafa Hacı Musa oğlu Mahmudov 1878-ci ildə Bakı quberniyasının Göyçay qəzasının (uezdinin) Kürdəmir kəndində (indiki Köhnəbazar kəndi) anadan olmuşdur. Mustafa Mahmudov ilk təhsilini, əsası 1881-ci il fevralın 9-da qoyulmuş Kürdəmir kənd məktəbində almış, sonra bir necə il Göyçay qəza məktəbində oxumuşdur. O, sonrakı təhsilini Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasında davam etdirmiş,1899-cu ildə seminariyanın müsəlman şöbəsini bitirmişdir. Gənc müəllimin təyinatını Elizavetpol quberniyası Nuxa qəzasının Vəndam kəndinə versələr də, o, kənd məktəbinə verilən təyinatını şəhər məktəbinə dəyişdirə bilmişdir.
Qori Müəllimlər Seminariyasının 1899-cu il məzunu, 1605 nömrəli attestatın sahibi M.Mahmudovu illik əmək haqqı 675 manat olmaqla, Bakıdakı 3-cü rus –tatar məktəbinə müəllim vəzifəsinə təyin edirlər. 1904-cü il sentyabrın 15-də M.Mahmudovun öz xahişi ilə onu S.M.Qəniyevin başçılıq etdiyi 2-ci rus–tatar məktəbində işə qəbul edirlər. Burada oxuyan şagirdlərin sonralar ölkənin ictimai siyasi həyatında şərəfli yer tutmalarında bu məktəbin direktoru S.M.Qəniyevin və aparıcı müəllimlərin böyük rolu danılmazdır. Belə şagirdlərdən biri də M.Ə.Rəsulzadə idi.
1907-ci il fevralın 6-da M.Mahmudov II Dövlət Dumasına deputat seçilir. M.Mahmudov II Dövlət Dumasının rus dilini öz ana dili kimi yaxşı bilən ən fəal türkdilli deputatlarından biri olaraq, taleyüklü məsələlərlə bağlı çıxışlar etmişdir. M.Mahmudov Rusiya II Dövlət Dumasının 9 şöbəsinin, 4 komissiyasının üzvü olmuşdur. Rusiya II Dövlət Duması 1907-ci il iyunun 3-də çar manifesti ilə buraxıldığına görə, onun fəaliyyəti cəmi 103 gün davam edib.
M.Mahmudov bir aydan sonra – 14 iyul 1907-ci ildə yenidən 1-ci rus – tatar məktəbində əvvəki işini davam etdirsə də, II Dövlət Dumasındakı fəaliyyəti ilə bağlı 1908-ci ilin sentyabrında Mustafa Mahmudov 1-ci rus – tatar məktəbinin direktoru vəzifəsindən azad edilir. O, pedaqoji fəaliyyətə 1910-cu il avqustun 4-də bərpa oluna bilir. M.Mahmudov 1918-ci il fevralın 9-da Müəllimlər Komissiyasının sədrinə yazdığı məktubda Zaqafqaziya Seyminə üzv seçildiyini bildirir. Azərbaycan Milli Şurasının üzvü olan M.Mahmudov Milli Şuranın “Azərbaycan Məclisi – Məbusanının təsisi haqqında qanun”una (1918-ci il 19 noyabr) əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı seçilmişdir.
Mustafa Mahmudovun özündən başqa yaxın qohumlarının və ailə üzvlərinin bir çoxu sovet rejimi repressiyasının qurbanı olmuşdur. 1937-ci il noyabrın 23-də həbs edilən Mustafa Mahmudov, həmin il dekabr ayının 20-də güllələnmişdir. Hazırda Kürdəmir rayonunda adına küçə var.
Hacı Hüseyn Əfəndiyev Göyçay qəzasından AXC parlamentinə seçilib. 15 dekabr 1918-ci il – 27 aprel 1920-ci il tarixlərində parlamentin deputatı olub. Parlamentdə Əhrar fraksiyasının deputatı kimi Etibarnamə, eləcə də Maliyyə və büdcə komissiyalarının üzvü olub. Əhrar partiyası 1918-ci ilin payızında Bakıda yaradılmışdı. Sədri Aslan bəy Qardaşov idi.
Əhrar aqrar islahatlarla bağlı mülkədar torpaqlarının kəndlilər arasında bölüşdürülməsi, fəhlələr üçün 8 saatlıq iş günü, əməyin mühafizəsi tələblərinin tərəfdarı idi. Xarici siyasət sahəsində qonşu respublikalarla dostluq münasibətlərinin qurulmasına və inkişaf etdirilməsinə üstünlük verən partiya, Azərbaycan xalqı ilə yanaşı, bütün Qafqaz xalqlarının müstəqilliyinin və onların hüquqlarının müdafiə edilməsinin vacibliyinə xüsusi diqqət yetirirdi.
Məhərrəm ZÜLFÜQARLI,
Azərbaycan Turizm və Menecment Universitetinın ictimai fənlər kafedrasının professoru,
tarix elmləri doktoru
Köhnə versiyamızdan xəbərləri izlə