Ən son xəbərlər
Tanrı Yer üzünün ali varlığı olan insanı azad yaşamaq, dünyanı daha da gözəlləşdirmək üçün yaradıb. İnsan oğlu isə bəzən nəfsinin və üstün iddialarının təhriki ilə sonradan bu ilahi qaydanı pozub. Zaman-zaman köləliyin çeşidli formalarından zülm çəkən əcdadlarımızın canlarında-ruhlarında yaşayan azadlıq duyğusu onları daxili və xarici ağaların zəncirlərini qırmağa səsləyib. Ona görə azadlıq bizim üçün də bu qədər əzəli bir tələbatdır.
Fikir dühası Volter özünə ünvanladığı “Azadlıq nədən bu qədər şirindir?” sualını özünəməxsus bir mükəmməlliklə cavablandırıb: “O, nemətlərin ən dadlısıdır”. Şübhəsiz ki, başqa zəruri nemətlərin də tükənməz qaynağıdır. Azadlıq insan duyğularının ən yüksəyi, ən alisi və ən müqəddəsidir. Azad, müstəqil bir ölkənin azad vətəndaşı olmaq qürurvericidir.
Çoxminillik tariximizdə yeni azadlıq erasına qapı açmış mütərəqqi fikirli aydınlarımızın bu ali istəyi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi. Müsəlman Şərqinin ilk demokratik respublikası olan xalq cümhuriyyətimiz milli şüur və özünüdərkin qarşısıalınmaz tələbi idi. 1918-ci il 28 May şanlı tariximizin, milli təqvimimizin ən əziz günü, Vətən sevdalılarımızın azadlığa qovuşması məqamıdır.28 May Azərbaycan Demokratik Xalq Cümhuriyyətinin yarandığı gün qədimdən-qədim dövlətçiliyimizin dirçəldildiyi gündür. Bir əsrdən artıq müddətdə dövlətçiliyini itirib müstəmləkə taleyi yaşamış xalqımızın öz taleyinə sahib çıxdığı gün idi 28 May. Bu, müstəqil cümhuriyyətini qurmaq azadlıq eşqi ilə yaşayan mübariz Vətən övladlarının gerçəkləşdiyi arzusu idi. Bu, “Türkləşmək, islamlaşmaq, müasirləşmək!” amalını istiqlal məfkurəsinə çevirmiş Əli bəy Hüseynzadənin, Turan sevdalısı, “Turana qılıncdan da ulu qüvvət– mədəniyyət, mədəniyyət, mədəniyyət!” hayqıran Hüseyn Cavidin, nəhayət, fırtınalara sinə gərib əzəmətli bayrağımızın təlatümlü Qara dəniz üzərində dalğalanmasına heyranlıqla baxan Əhməd Cavadın arzusu idi. Bu, o istək idi ki, sonralar yeni bir istiqbal arzusuyla yaşayan Müşfiqin inlədiyi kimi, üstünə qara yellər əsmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin tarix səhnəsinə qədəm qoyduğu gündən başlayan ikiillik bir müstəqillik dövründə həyatın əksər sahələrində irəliləyiş, dirçəliş hökm sürməyə başladı. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət idarəçiliyi təşkil olundu. Ölkənin sərhədləri, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi. Ordu quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilərək, elm və mədəniyyətin təmin olunması, dirçəldilməsinə xüsusi diqqət yetirildi. Bir sözlə yadların özgə bir şəkil, yabançı bir məzmun verdiyi anamız Azərbaycan başdan-başa milliləşdi.
Bu yeniləşmənin və doğmalaşmanın fonunda Azərbaycanın ilk universiteti yaradıldı. Gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində böyük işlərə imza atıldı. Bundan əlavə, əsas qayəsi demokratiya, insan azadlığı olan xalq cümhuriyyəti, təbii ki, bu istiqamətdə də fəaliyyətlərini genişləndirdi. Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlara bərabər hüquqlar verdi və bu yöndə milli, dini, irqi, sinfi bərabərsizliyə son qoydu. Beləliklə, milli dövlətimiz o vaxtadək yad boyunduruğu altında əzilmiş xalqımızın sevgisini qazandı, ictimai-mədəni qürur mənbəyinə çevrildi.Lakin xalqımızı azadlıq kimi ulu bir nemətdən ayrı salmış daxili və xarici düşmənlər ciddi-cəhlə bu müstəqilliyə mane olmağa, onu yox etməyə çalışırdılar. 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti daxili xəyanətkarların vasitəçiliyi, qanlı bolşevik Rusiyanın açıq hərbi müdaxilsi ilə süquta uğradı. Xalqın azadlıq arzusu süngü ilə boğuldu, Cümhuriyyət qurucularına qanlı divan tutuldu...
Bütün bunlara baxmayaraq, azadlığın şirinliyini dadmış xalqımız 70 il canında və ruhunda azadlıq eşqini yaşatdı. Bu İlahi gücün – azad yaşamaq, öz taleyinin sahibi olmaq təşnəliyinin qarşısında sovet imperiyasının buz nəfəsi tab gətirə bilmədi. Böyük xalqımızın əyilməzliyi yad olan hər şeyi süpürüb atdı. Bu itirilmiz müstəqilliyimizi yenidən qanımız, canımız bahasına qazandıq. 1990-cı ilin 20 Yanvar gecəsində gerçəkləşmiş qəhrəmanlığın əbədiyyət ünvanı olan müqəddəs Şəhidlər xiyabanı buna şahiddir. Həmin gecədən başlayan yol “Bir kərə yüksəlmiş bayrağın bir daha enmədiyini” – ürəklərdə yaşadığını, diləklərdə dalğalandığını sübut etdi.
Anamız Azərbaycanın ikinci dəfə müstəqillik qazanması Vətənimizə düşmən kəsilən xarici ölkələrin, daxili düşmənlərinin ürəyincə deyildi. Onlar, nəyin bahasına olursa-olsun, daxilimizdə qarışıqlıq salmaq, respublikamızı parçalamaq kimi xain planlarını həyata keçirmək istəyirdilər. Milli varlığımıza yenidən qənim kəsilənlər Azərbaycanı fəlakətə sürükləmək üçün açıq-gizli qəsdlərini işə salmışdılar. Yalnız xalqın sönməz azadlıq eşqini, zəka və dəyanətini tarixi xilaskarlıq missiyası ilə təcəssüm etdirən ümummilli lider Heydər Əliyevin Vətən naminə şanlı mübarizəsi bu xain qəsdləri alt-üst etdi. Müstəqilliyimizin itirilmə anında ulu öndər Heydər Əliyev xalqına və ölkəsinə sahib çıxdı.
Azərbaycan tarixinin yetirdiyi ən böyük lider olan Prezident Heydər Əliyev ikinci dəfə qazanılmış müstəqilliyimizi qorudu, ölkənin daxili və xarici siyasətini yeni dövrün ruhuna və tələbinə uyğun qurdu, bizə müstəqilliyi əbədiləşdirilmiş bir ölkə miras qoydu. Dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyev müstəqilliyimizin gələcək taleyini ən sədaqətli varisi, yeni lider İlham Əliyevə etibar edib əbədiyyətə qovuşdu. Dahi Heydər Əliyevin dövlətçilik kursuna sadiq Prezident İlham Əliyevin rəhbərliyi altında isə müstəqil Azərbaycan tarixin bütün zamanlarında bugünkü kimi heç vaxt güclü və yenilməz olmayıb.
Bu gün biz 104 il əvvəl tariximizə yazılmış şanlı 28 Mayı 31 il əvvəl bərpa edilmiş müstəqilliyimizin ən ali milli bayramı – Respublika Günü kimi hədsiz bir sevinclə və haqlı bir öyünclə dünya miqyasında qeyd edir, qanımız və canımız bahasına qazandığımız azadlıqdan doğan məmnunluq təntənəsi yaşayırıq. Müstəqilliyimiz isə, şübhəsiz ki, əbədidir!
Rəşad MAHMUDOV,
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü
Köhnə versiyamızdan xəbərləri izlə