Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müstəqillik uğrunda mübarizənin şanlı səhifəsi

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq, müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq, fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yara­dıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Rusiyada 1917-ci il Oktyabr çevrilişindən sonra Qafqaz regionu – Xəzər hövzəsi beynəlxalq rəqabət meydanına çevrildi. Rusiya imperiyasının müttəfiqləri olan İngiltərə və Fransa artıq Antanta çərçivəsində olmuş üçüncü tərəfdaşlarının ərazilərinə sahiblənmək xətti yeridirdilər. Sovet Rusiyası müharibədən çıxmış, Antanta daxilində parçalanma baş vermiş, Böyük Britaniya ilə Fransa arasında 1917-ci il dekabrın 23-də bağlanmış məxfi razılaşmaya görə, müttəfiqləri olan Rusiya imperiyası ərazisində bölgü aparılmış, Qafqaz regionu Böyük Britaniyanın nüfuz sahəsinə aid edilmişdi. Lakin bu ikitərəfli razılaşma idi. Antantaya qarşı vuruşan tərəflər arasında Qafqaz regionu ilə bağlı fəal siyasət yeridən Osmanlı dövləti və onun müttəfiqi Almaniya imperiyası idi. Bunlardan da Qafqazla daha sıx bağlı tarixi olanı Osmanlı dövləti idi ki, o da Sovet Rusiyasını tanımayan Cənubi Qafqaz Komissarlığı ilə “Ərzincan barışığı”nı imzalamışdı. Region uğrunda ingilis-türk, ingilis-rus, ingilis-alman, alman-rus rəqabəti gedirdi. “Ərzincan” barışığını imzalamaqla Rusiya qoşunları Qafqaz cəbhəsindən geri çəkilməyə başladı. Lakin, bu, Rusiyanın bir əsrdən çox əsarətdə saxladığı Qafqaz bölgəsindən imtina etməsi demək deyildi. Elə həmin ay, dekabrın 16-da Qafqazda sovet hakimiyyətini bərqərar etmək üçün Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar vəzifəsi təsis edildi.

 

Beləliklə, 1918-ci ilin əvvəllərindən sovet Rusiyası, Osmanlı dövləti, həmçinin Britaniya Qafqazla bağlı fəal xarici siyasət yeritməyə başladılar. Bütün bu mübarizənin əsasında regionun geosiyasi, geoiqtisadi əhəmiyyəti dayanırdı. Qafqaz yalnız “xammal, yanacaq, ərzaq mənbəyi” deyil, həm də “Avropa və Asiya, xüsusilə Rusiya və Türkiyə arasındakı mövqeyə və mühüm iqtisadi və strateji yollara” malik idi. Geostrateji əhəmiyyətini İ.Stalinin bu məzmunda şərtləndirdiyi Qafqazın “sovetləşdirilməsi” hədəfinin arxasında sovet Rusiyasının daha geniş planları var idi. Qafqazda sovet hakimiyyətini bərqərar etməli olan S.Şaumyan eyni zamanda daha bir missiyanı yerinə yetirməli idi. “Türkiyə Ermənistanı” haqqında dekretin icrası da ona tapşırılmışdı. Qafqazla bağlı dekret icra edilməyincə, 2-ci dekretitn icrası real deyildi. Bu müstəvidə Qafqazın funksional əhəmiyyətini Azərbaycanın milli istiqlal xadimi M.B.Məmmədzadə belə səciyyələndirmişdi: “Rus çarlarının yolu ilə gedən Lenin Böyük Ermənistan vasitəsilə Aralıq dənizinə və Hind okeanına çıxacaq, Avropa kapitalistlərinin öz müstəmləkələrinə gedən yollarını kəsmək surətilə dünya inqilabı yaradacaqdı. Böyük Ermənistan bu məqsədlə ona çox lazım idi. Ancaq bunun üçün Qafqaz hərəkət bazası halına gəlməli idi. Qafqaz sovetləşdirilməli idi”.

Sovet Rusiyasının qarşısında regionla bağlı rəqabət aparan dövlətlərdən daha ciddi maneə “Qafqazda, xüsusilə Azərbaycanda milli və istiqlal hərəkətləri” hesab edilirdi. Bütün imkanlarını Bakıya sahib olmağa səfərbər edən sovet Rusiyası aktiv əməli tədbirlər görməkdə idi.

Bakı uğrunda diplomatik, siyasi, ideoloji, hərbi mübarizə 1918-ci ilin əvvəllərindən sentyabrın 15-dək intensiv məzmun daşımışdır. “Təcili surətdə hərbi və pulla Bakıya yardım göstərilsin” tapşırığını verən mərkəzi bolşevik hakimiyyəti, “vahid və bölünməz Rusiya” tərəfdarı olan siyasi və hərbi qüvvələr Qafqaz cəbhəsindən dönən və hələ İranda da qalan rus əsgərlərindən faydalanmağa səy göstərirdi.

İran ərazisindən rus qoşunlarının çıxarılması prosesini Britaniya qüvvələri də diqqətlə izləyirdi. Rus qoşunları barədə müfəssəl məlumata malik ingilis kəşfiyyatı hələ 1917-ci ilin sonunda L.Biçeraxovun 1.070 nəfərlik sayda göstərilən hissəsinə xüsusi əhəmiyyət vermişdi. Qafqaza göndərilmək üçün ingilis hərbi hissəsinin təşkili məsələsi hələlik İrandakı rus hərbçilərindən istifadəni ehtiyat variantı kimi saxlayırdı.

Cənubi Qafqaz Komissarlığının yaradılması prosesində ABŞ, Fransa, həmçinin Britaniya nümayəndələri iştirak etmişdilər. İngiltərə, Fransa və İtaliya hökumətlərindən fərqli olaraq ABŞ hökuməti “Rusiyadakı hadisələr aydınlaşmayınca Zaqafqaziya hökumətini tanımaq” istəmədi. Britaniya isə əksinə Qafqaz Federasiyasını bütünlüklə dəstəkləməyi qərara almışdı. Bakı neftinə sahib olmaq onların əsas vəzifələrindən birincisi idi. Böyük Britaniyanın xüsusi xidmət əməkdaşları bölgədə müvafiq missiya yerinə yetirirdilər. Baş nazir Lloyd Corc həmin missiyanın motivini izah etmişdi: “Biz antibolşevik kampaniyasını deyil, antialman cəbhəsini təşkil etdik və maliyyələşdirdik. Əgər almanlar Bakıya soxulsaydılar və bu rayonun tükənməz neft ehtiyatlarını ….ələ keçirsəydilər, müharibə sonsuzadək davam edərdi”. Bu baxımdan ingilislərin Bakıdakı bolşevik hökuməti ilə əməkdaşlıq üçün təkidli səyləri anlaşılır. Brest-Litovsk sülhündən sonra Almaniya ilə müharibə aparmaq üçün Britaniya Rusiyaya pul, silah, təlimatçılar vəd edirdi.

Azərbaycan Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqaz 2 fərqli qanlı proseslərə cəlb olundu. Birincisi, Cənubi Qafqazın müsəlmanlara məxsus torpaqlarında kütləvi şəkildə dinc müsəlman əhalinin qətliamı ilə nəticələnən proseslər idi ki, bolşevik-daşnak hərbi-siyasi müttəfiqliyi nəticəsində baş vermişdir. Region uğrunda rəqabətin beynəlxalq məzmun almasında daxili siyasi qüvvələrin mövqeyi də təsirsiz qalmamışdı. Bolşeviklərin sivil yolla hakimiyyətə yiyələnmək ehtimalı azaldıqca güc vasitələrinə üstünlük verilirdi. Daşnaklarla işbirliyinin əsasını da qüvvələr nisbətini müsəlmanlara qarşı gücləndirmək təşkil edirdi. Müsəlman əhalinin son dərəcə amansızlıqla, qısa müddətdə kütləvi şəkildə məhv edilməsi məhz Azərbaycan xalqını Osmanlı dövlətindən yardım istəmək məcburiyyətində qoydu. “Turançılıq” layihəsini gerçəkləşdirmək istəyən Osmanlı rəsmi xadimlərinin Qafqazla bağlı bir neçə variantda planlarının işləməsinə imkan verən şərait yaranırdı.

Osmanlı dövləti Qafqazda “türklüyün” və “turançılığ”ın əsaslarına söykənən bir siyasətin gerçəkləşdirilməsini planlaşdırmışdı.

Almaniyanın müttəfiqi olan Osmanlı dövlətinin Brest-Litovsk müqaviləsinin şərtlərinə əməl etmək tələbi Zaqafqaziya Seymini seçim qarşısında qoymuşdu: ya müqavilədə təsbit olunmuş ərazilərin Osmanlı dövlətinə verilməsini qəbul etməli, yaxud da Rusiyadan ayrılaraq müstəqil tərəf kimi davranmalı idi.

Osmanlı dövləti ilə danışıqlarda Transqafqaz sülh nümayəndə heyətinin başçısı A.Çxenkeli etiraf edirdi ki, “Türkiyə, obyektiv olaraq Cənubi Qafqazın müstəqilliyinin elan edilməsində maraqlıdır. Cənubi Qafqazın müstəqilliyi şimaldan Türkiyənin təhlükəsizliyini təmin edir”.

Azərbaycan xalqının Osmanlı dövlətinə rəğbəti və yardım istəyi, digər tərəfdən Zaqafqaziya Seyminin Brest-Litovsk müqaviləsinin şərtləri ilə barışmaması və Türkiyə ilə müharibəyə cəlb olunması nəticəsində Osmanlı dövlətinin Qafqazda yeni ərazilər ələ keçirərək irəliləməsi adekvat olaraq regionda marağı olan digər xarici qüvvələrin aktiv reaksiyasına səbəb oldu.

Osmanlı dövlətinin müttəfiqi Almaniya Qafqazda gedən proseslərdən kənarda qalmamaq və öz mənafeyini təmin etmək üçün Batum konfransına qatıldı. Almaniyanın Qafqaz siyasətinin əsas prinsipləri müəyyənləşdirildi. Qafqazın təbii sərvətlərindən maksimum dərəcədə faydalanmaq qərarına gələn almanlar Batumun və Gürcüstanın alman nəzarətində qalmasına çalışırdılar. Osmanlı dövlətinin Qafqaz regionu ilə bağlı planlarına mane olmaq üçün Almaniya Rusiyanın Batum konfransına qatılmasına çalışırdı. Rusiya Zaqafqaziya hökumətini tanımaq istəmədiyindən, Zaqafqaziya nümayəndə heyətlərinin və Osmanlı dövlətinin kəskin müqaviməti Rusiyanın Batum konfransında iştirakına imkan vermədi. Gürcüstan Almaniyanın himayədarlığını istədikdə, Almaniya, Zaqafqaziya Federasiyasının tərkibindən çıxıb müstəqilliyini elan etdiyi təqdirdə Gürcüstanın qəyyumluğunu öz üzərinə götürəcəyini bildirdi. Gürcüstanın öz müstəqilliyini elan etməsi Almaniyanın qəyyumluğunu qəbul etməsini şərtləndirirdi. Almaniyanın Qafqaz siyasəti Gürcüstan miqyasında gerçəkləşdi. Region uğrunda beynəlxalq rəqabətdə Almaniya Gürcüstanı özü üçün mümkün real qənimət bilirdi: “nəyin bahasına olursa olsun, heç olmasa Gürcüstanı əlimizdə saxlamalıyıq. Əks təqdirdə, Qafqazın digər hissələri də tez və ya gec əlimizdən çıxacaqdır”. Artıq mayın 25-də “Poti şəhərinə 3000 alman əsgəri çıxardıldı, mayın 30-da isə alman diplomatik missiyası Tiflis şəhərinə gəldi. Tezliklə Gürcüstanın bütün dəmir yolları və su nəqliyyatı, habelə Çitauriyanın marqans mədənləri almanların nəzarəti altına keçdi”.

Beləliklə, 1918-ci ilin yazından başlayaraq “müharibə və siyasət sahəsində Ənzəlidən ingilislərin, Azərbaycandan Nuru Paşanın (Ənvər paşanın qardaşı) və Gürcüstandan almanların son məqsəd olan Bakı ilə bağlı kəskin yarış və “qovhaqov”u başlamışdı”. Sovet Rusiyası isə regionla bağlı daha ciddi addımlar atmışdı.

Rusiya hərbi-siyasi qüvvələrinin qanlı siyasəti regionun bir hissəsində – Bakı quberniyasında hakimiyyəti ələ keçirmələri ilə nəticələnmişdi. Bakıda bolşevik diktaturasının qurulmasına imkan verən amil kimi Ənzəlinin həmin ərəfədə tamamilə bolşevik nəzarətində olması da sayıla bilər. Belə ki, 1918-ci ilin yanvarında Britaniya hərbi ekspe­disiyası Bağdaddan çıxaraq Ənzəliyə qədər sürətlə irəliləyə bildi. Artıq fevralın ortalarında Qəzvinə çatan Britaniya hərbi heyəti Ənzəlinin tamamilə bolşevik nəzarətində olması səbəbindən Bakıya gələ bilməmişdi. Bakı, Qafqazın siyasi müqəddəratına təsir edəcək həlledici seçim ərəfəsində idi. Osmanlı qoşunla­rını Bakının neft mədənlərindən uzaqda saxlamaq üçün ingilislər türklərə qarşı müharibəyə hazırlaşan bolşeviklərlə iş birliyinə can atırdılar. Bakının müdafiəsi üçün ingilis yardımını qəbul etmək məsələsi Rusiya hakimiyyətinin yerli icraedici qurumu statusunda çıxış edən bolşevik hökumətində kəskin fərqli fikir ayrılığı yaratmışdı.

Britaniya missiyasının rəhbəri general Denstervil Bakıya sahib olmadan hər hansı cəhdin faydasız olduğunu vurğulayırdı: “Mən həmişə Xəzər (dənizi) üzərində nəzarətin necə böyük əhəmiyyətə malik olduğunu (demişəm) və bunun həyata keçməsinə dair bir neçə plan hazırlanmışdı”.

1918-ci ilin yazından etibarən Bakıdakı vəziyyət haqqında ingilis kəşfiyyatının əhatəli məlumatları Britaniya missiyasının Qafqazda əməkdaşlıq edə biləcək siyasi qüvvələri müəyyənləşdirməyə yardım edirdi. Yaranmış şəraitdə ermənilərin təklifindən yararlanmağı məqbul bilməyən ingilis hərbi kəşfiyyatı ehtiyat etsə də, eyni vaxtda Ənzəliyədək gəlib, ermənilərlə, bolşeviklərlə birgə Xəzər donanması üzərində nəzarəti ələ almağı mümkün sayırdı. Bakıdakı bolşevik hakimiyyəti ilə Ənzəli bolşevikləri arasında əlaqədə erməni vasitəçiliyi şirnikləndirici görünsə də, Bakıda vitse-konsul Ronald Mak-Donellin aparıcı rol oynadığı ingilis kəşfiyyat xidməti Denstervil missiyasının gəlişi üçün zəmin hazırlamaqla məşğul idi. Erməni Milli Şurası ingilis yardımını qəbul etməyə hazır olsa da, bolşevik hakimiyyətinin mövqeyi fərqli idi. İngilislərin Cənubi Qafqazda daşnaklarla müttəfiqliyi qarşılıqlı maraqlara əsaslanırdı. Osmanlı ordusuna qarşı çıxan qüvvələrdən eser və menşeviklər Rusiyadan ayrılmağı rədd etdikləri halda, daşnaklar Cənubi Qafqazın Rusiyadan ayrılıb Britaniya nüfuz dairəsinə keçməsini qəbul edə bilərdilər.

Britaniya missiyasının Qafqaza gəlməsinə razılıq verən eserlər Ənzəliyə, L.Biçeraxovun yanına hazırlıq üçün 200 nəfər göndərmişdilər. L.Biçeraxovun gəlişi isə Qafqazda məhsul yetişən vaxta, iyunun əvvəli üçün nəzərdə tutulmuşdu. Lakin Brest-Litovsk sülh müqaviləsinin imzalanması “Qafqaz tarazlığını yenidən pozdu”. Osmanlı hücumundan qorxan Gürcüstan Almaniyanın himayəsini qəbul etdi. Lakin alman-gürcü qoşunları Osmanlı qüvvələrinin Azərbaycana doğru hərəkətini dayandıra bilmədi. Alman qoşunlarının əlinə keçməmək üçün Britaniya missiyası Tiflisdən Vladiqafqaza köçdü. Vəziyyətin dəyişilməsi ilə Britaniya hökuməti Denstervil missiyasının, o cümlədən Biçeraxovun Qafqaza getməsini təxirə saldı. Osmanlı ordusunun Azərbaycandan keçməsinin qarşısını almaq üçün Britaniyanın hərbi naziri türkləri Həmədanda saxlayıb, Xəzər istiqamətində irəliləməsinə əngəlləmək göstərişi verdi. Hökumət 1918-ci ilin yayı üçün heç olmasa kiçik dəstə ilə belə ingilislərin Xəzər hövzəsinə daxil olmasına hədsiz əhəmiyyət verirdi. Hətta bir-iki ingilis zabitinin Bakıya göndərilməsi, neft mədənlərinin məhv edilməsi, Xəzər donanmasının ələ keçirilməsi, türklərə qarşı yerli hökumətə yardım göstərilməsi və s. nəzərdə tutulurdu. Denstervil isə bu fikirdə idi ki, 2 ingilis zabitinin Bakıya göndərilməsi heç bir nəticə verməyəcəkdir. Bakı şəhəri “effektli kömək almaq ümidindədir və neft mədənlərini dağıtmağa ehtiyac yoxdur”.

Bu mövqe reallığa əsaslanırdı. Londondan göstərişlər verildiyi iyun günlərində Osmanlı dövləti ilə Cənubi Qafqaz respublikaları arasında “sülh və dostluq” müqavilələri imzalanmışdı. Azərbaycan hökuməti müqavilənin dördüncü bəndinə istinadən Osmanlı hökumətindən yardım istəmişdi. Bakı XKS isə Gəncə üzərinə yürüş haqqında əmr vermişdi. Məğlubiyyət anında düşmənə qalmasın deyə, neft mədənlərinə od vurmaq əmri bolşeviklərin planına da daxil idi.

Qafqaz regionu – Xəzər hövzəsi uğrunda beynəlxalq və daxili siyasi qüvvələrin rəqabətinin nəticələrindən zərər çəkən əsasən Azərbaycan xalqı, Azərbaycan torpaqları olmuşdur. Daxili siyasi qüvvələrin mövqeyindən məharətlə faydalanan sovet Rusiyası mahiyyətcə soyqırım aktı olan kütləvi qırğınlar törətməklə Bakı quberniyasında hakimiyyətini qura bildi. Bolşevik dəstəyinə güvənən erməni yaraqlıları Bakı quberniyasından geniş coğrafiyada, o cümlədən Yelizavetpol (Gəncə) quberniyasında, xüsusən İrəvan quberniyasında müsəlman əhalini qətliama düçar etdilər. 1917-ci ilin fevralından 1918-ci ilin martına qədərki dövrdə İrəvan quberniyasında 200 azərbaycanlı kəndi dağıdılmış, 135 min nəfərdən çox əhali doğma torpaqlarından qovulmuş və ya məhv edilmişdi. Bu qanlı proseslə paralel Zaqafqaziya Seyminin Osmanlı dövləti ilə danışıqları və hərbi əməliyyatları gedirdi. Həmin prosesdə də İrəvan quberniyasının ərazilərinin müqəddəratı həll olunurdu. Quberniyanın 7 qəzasından 5-i – (Sürməli qəzası, Aleksandropol, Şərur, Eçmiədzin və İrəvan qəzalarının böyük bir hissəsi) artıq Osmanlı qoşunlarının nəzarəti altına keçmişdi, 2 qəzadan ibarət ərazidə isə erməni dövlətinin yaradılması planlaşdırılırdı. Ermənilərin “ingilis-rus siyasəti naminə türklərə qarşı fitnə-fəsadlara son qoyacaqları” şərtilə müstəqil dövlət yaratmalarına Osmanlı dövlətinin razılıq verməsini Azərbaycan təmsilçiləri də məqbul bilmişdi.

Beləliklə, yaradılması razılaşdırılmış erməni federasiyası üçün siyasi mərkəz lazım idi. Aleksandropolun Türkiyəyə keçməsindən sonra belə mərkəz kimi İrəvan şəhəri nəzərdə tutulmuşdu. Birinci dünya müharibəsinin son mərhələsində hərbi əməliyyatların gedişatı Osmanlı dövlətinin məğlubiyyəti ilə müşayiət olunanda, artıq türk qoşunlarının nəzarət altında saxladığı əraziləri tərk etməsi, erməni nizamı qüvvələrinin həmin əraziləri zəbt etməsi ilə əvəzləndi. Həmin ərazilər Osmanlı dövlətinin Batum konfransında Azərbaycan nümayəndələrinə güzəştə getmədiyi torpaqlar idi. Osmanlı tərəfinin üzərində israrla dayandığı həmin ərazilər nə özünə, nə də Azərbaycan Cümhuriyyətinə qaldı. Naxçıvan, Şərur, Sürməli istisna olmaqla (onların müqəddəratı da çox keşməkeşli oldu və sovet hakimiyyəti illərində həllini tapdı. İrəvan, Vedibasar, Gumrü ermənilər tərəfindən tutuldu.

Nəticədə İrəvan quberniyasının Osmanlı nəzarəti altında olan əraziləri və Azərbaycan Cümhuriyyətinə aid hissələri Ararat (erməni) Respublikasının hakimiyyəti altına keçdi. Cənubi Qafqazın azərbaycanlıların kompakt yaşadığı tarixi yurdu olmuş İrəvan quberniyasının əksər ərazisi Azərbaycan dövləti üçün itirildi.

Azərbaycan Cümhuriyyəti mövcud­luğunun sonunadək İrəvan quberni­yasına aid hüquqlarını reallaşdırmağa səy göstərdi. Cümhuriyyətin yaranması ərəfəsində yad hakimiyyət altında olan Bakı quberniyası, Bakı şəhəri uğrunda mübarizə artıq beynəlxalq məzmun aldı. Beynəlxalq münasibətlərdə “Bakı məsələsi”nin meydana gəlməsi Qaf­qaz–Xəzər regionu uğrunda rəqabətin kəskinləşməsinin yaratdığı problem oldu. Azərbaycan Cümhuriyyətinin bəyan edilməsindən sonra hakimiyyətin qarşısına qoyduğu bir nömrəli vəzifə paytaxt elan etdiyi Bakı şəhərini düşmən qüvvələrdən azad edib geri qaytarmaq idi. Müvəqqəti yerləşdiyi Gəncədə Azərbaycan hökuməti Bakı uğrunda qətiyyətli mücadilə apardı. Britaniya hərbi qüvvələrinin Azərbaycan milli mənafeyinə düşmən qüvvələrlə birlikdə rəqib düşərgədə savaşdığı, Rusiya–Almaniya məxfi sövdələşməsi Bakı üzərinə yürüşə ləngitsə də, dayandı­ra bilmədi. Osmanlı dövlətinə qarşı təzyiqlər müstəvisində Azərbaycan–Os­manlı birgə əməliyyatları Bakının azad olunması ilə nəticələndi. Beynəlxalq vəziyyətin Antantanın xeyrinə dəyişməsi Rusiyanın Almaniya və onun müttəfiqləri ilə bağladığı sazişə marağını zəiflətdi. Digər tərəfdən, Türkiyə və Azərbaycanın təzyiqi Almaniyanın Rusiya ilə avqust sazişindən imtina etməsində az rol oynamadı.

Cümhuriyyətin bəyan edilməsi ərəfəsində regionda əsas aktorlar kimi fəaliyyət göstərmiş dövlətlərdən Böyük Britaniya, Rusiya və Türkiyə Azərbaycan dövlətinin müqəddəratına sonadək təsir göstərdilər. Almaniya və Osmanlı imperiyaları dünya müharibəsində məğlub olduqlarından regionla bağlı proseslərə müdaxilə etmək iqtidarında deyildilər. “Böyük müharibənin bütün çətinliklərində müttəfiq olan Almaniya və Türkiyə Cənubi Qafqaz siyasətində bir-birinə qarşı durmalı olmuşdu”. Qalib Antantanın parçalamaq istədiyi Osmanlı dövlətində başlanan milli-istiqlal savaşı artıq yeni bir Türkiyənin təmsilçiliyi idi. Türkiyə milli-istiqlal hərəkatı ilə Sovet Rusiyasının regionda uzlaşan maraqları və Antanta qüvvələrinin əməli (hərbi) yardım göstərməməsi Azərbaycan Cümhuriyyətinin süqutunda həlledici rol oynadı.

Firdovsiyyə ƏHMƏDOVA,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri,

tarix üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, dosent

28 May 2022 03:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə