Ən son xəbərlər
Rusiya imperiyasının süqutundan sonra müsəlman Şərqində yaranan ilk Avropa tipli dövlətin – Azərbaycan Cümhuriyyətinin mövcudluğu və gələcək taleyi təkcə xalqın tarixi seçiminə bağlı deyildi. Bu, həmin dövrdə daha çox böyük dövlətlərin plan və niyyətlərindən, yeni dünya xəritəsini cızan siyasətçilərin istək və iradəsindən asılı idi. Xalq öz sözünü demişdi. Azərbaycan vətəndaşları böyük məhrumiyyətlər və şəhid qanları bahasına imperiya asılılığından xilas olaraq azadlıq əldə etmiş, müstəqil, demokratik dövlət qurmağa başlamışdılar.
Lakin xalqın tarixi seçiminin dünya birliyi tərəfindən vaxtında tanınmaması yeni təhlükələr doğururdu. Azərbaycan dövləti mövcudluğunun ilk günlərindən “vahid və bölünməz Rusiyanı” keçmiş sərhədləri daxilində bərpa etmək istəyən sovet imperializminin müstəmləkəsinə çevrilmək qorxusu ilə üz-üzə qalmışdı. Azərbaycan Cümhuriyyətinin qurucuları bu təhlükəni aydın şəkildə hiss edirdilər. Buna görə də hər vasitə ilə gənc cümhuriyyətinin üzləşdiyi ciddi problemləri dünya birliyinin diqqətinə çatdırmağa, beynəlxalq hüququn subyekti olan müstəqil dövlət kimi tanınaraq zəruri siyasi təminatlar və təhlükəsizlik qarantiyaları əldə etməyə çalışırdılar.
Rusiya, Osmanlı və Avstriya–Macarıstan imperiyalarının süquta uğradığı, yeni milli dövlətlərin meydana çıxdığı, dünya miqyasında tamamilə fərqli siyasi mənzərənin yarandığı 1918-ci ildə bu xüsusi ilə vacib idi. Belə bir tarixi məqamda dünya birliyi, ilk növbədə isə Avropa ilə qarşılıqlı maraqlara əsaslanan intensiv siyasi-diplomatik münasibətlərin qurulmasına, xalqın və ölkənin Avropada tanıdılmasına ciddi ehtiyac vardı.
Azərbaycandan Avropaya orta əsrlərdə də diplomatik heyətlər göndərilmişdi. Lakin belə elçilər bir qayda olaraq öz hökmdarlarının iradəsini Avropa monarxlarına, Avropa saraylarına çatdırmaq üçün illərə davam edən ağır və üzücü səfərlərə çıxırdılar. 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan Parlamentinin qərarı ilə Parisə – Versal Sülh Konfransına göndərilən nümayəndə heyəti isə xalqın iradəsini, onun müstəqillik əzmini ifadə etmək, bu müstəqilliyi dünyaya tanıtmaq və qəbul etdirmək missiyasını öz üzərinə götürmüşdü.
XX yüziliyin görkəmli Azərbaycan şairi Məhəmməd Hadinin dərin kədər və təəssüf dolu “Qoymuş miləl imzasını övraqi-həyata, Yox millətimin xətti bu imzalar içində” – misralarının yazıldığı vaxtdan cəmi bir neçə il keçirdi. Və bu bir neçə ilin içərisində sürətlə dəyişən, inkişaf edən, mövcud siyasi reallıqdan yararlanaraq milli dövlətini quran Azərbaycan xalqı tarixin və həyatın səhifələrində layiqli yerini tutmaq üçün yeni dünyanın taleyinin həll olunduğu Parisə – Versal Sülh Konfransına öz nümayəndə heyətini göndərirdi.
Azərbaycan Cümhuriyyəti XI Qırmızı ordunun işğalına uğrayana qədər (əslində, bundan sonra da) Nümayəndə heyəti öz ölkəsini, onun qədim tarix və mədəniyyətini, geniş iqtisadi imkanlarını, bu xalqın doğma torpaqlarında azad və müstəqil yaşamaq haqqını tanıtmaq üçün mühüm işlər görmüşdü. Heyət üzvləri Azərbaycan, ingilis, fransız, rus və b. dillərdə kitab və broşüralar yazıb çap etdirmiş, Sülh Konfransında təmsil olunan ölkələrin siyasi və diplomatik elitası ilə əlaqələr qurmuş, Qərbi Avropa mətbuatının imkanlarından yararlanmağa çalışmışdılar.
Nümayəndə heyəti üzvləri, eyni zamanda, Versal konfransında cərəyan edən proseslər, aparılan danışıqlar, keçirilən görüş və müzakirələr barəsində öz hökumətlərini ardıcıl məlumatlandırmış, çağdaş Avropa siyasi reallığından çıxış edərək bir sıra qiymətli tövsiyyələr vermişdilər. Təəssüf ki, ilk Cümhuriyyətimizin şərəfli siyasi və diplomatik mübarizə salnaməsini əks etdirən bütün bu sənədlər onilliklər boyu hamıdan, hətta tarixşünas alim və mütəxəssislərdən də gizli saxlanmışdır. Lakin bəşəriyyətin ən qədim kitablarından biri olan Bibliyada deyildiyi kimi, “elə gizlin yoxdur ki, axırda aşkar olmasın”.
Yalnız Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra görkəmli dövlət xadimi və diplomat, Azərbaycan Cümhuriyyətinin qurucularından biri Əli Mərdan bəy Topçubaşovun rəhbərliyi ilə 1918–20-ci illərdə İstanbulda və Parisdə fəaliyyət göstərən Azərbaycan diplomatik missiyası haqqında bir sıra mənbələr aşkara çıxarılmış və ictimaiyyətə çatdırılmışdır. Həsən Həsənovun rəhbərliyi altında hazırlanan “İstanbulda diplomatik söhbətlər” (Bakı, 1995, rus dilində), Vilayət Quliyevin Azərbaycan və rus dillərində geniş müqəddimə ilə çap etdirdiyi “Parisdən məktublar” və “Письма из Парижа” (Bakı, 1998) kitabları bu baxımdan ilk addımlar idi. Həmin kitablarda diplomatik missiyanın Azərbaycanın dövlət müstəqilliyinin tanıdılması ilə bağlı mərkəzi hökumətlə apardığı yazışmalar öz əksini tapmışdır.
Paris Sülh Konfransındakı Azərbaycan Nümayəndə heyətinin fəaliyyətinin başqa bir sahəsini isə sırf elmi tədqiqatçılıq və siyasi təbliğat təşkil edirdi. Azərbaycanın Avropada çox az tanıdığı XX yüzilliyin əvvəllərində belə təbliğatı fəaliyyətə böyük ehtiyac vardı. Heyət üzvlərinin bu məqsədlə 1919-cu ildə Parisdə ingilis və fransız dillərində çap etdirdikləri və indi də əhəmiyyətini itirməyən “Qafqaz Azərbaycanı Nümayəndə heyətinin Paris Sülh Konfransından tələbləri” kitabı orijinal mətnlər və Azərbaycan dilinə tərcümədə oxuculara təqdim olunur. Paris Sülh Konfransındakı Azərbaycan nümayəndə heyətinin öz hökumətinə göndərdiyi hesabatlara və Avropa ölkələrində müxtəlif Qərb dillərində çap etdirdiyi tanıtma xarakterli məlumatlara keçməmişdən əvvəl, ürəkləri vətənə və xalqa məhəbbətlə dolu olan, milli dövlət qurmanın qürurunu birincilər sırasında yaşayan missiya üzvləri haqqında qısa bioqrafik məlumatları açıqlamaq yerinə düşərdi.
Nümayəndə heyətinin tərkibi
Azərbaycan Cümhuriyyətini Paris Sülh Konfransında təmsil edən Nümayəndə heyətinin tərkibinə ölkənin tanınmış ictimai-siyasi xadimləri və görkəmli ziyalılar daxil idilər. Onlar Azərbaycanın müstəqilliyi ideyasına qəlbən bağlı olduqlarını, milli istiqlal uğrunda əzmlə mübarizə apardıqlarını fəaliyyət və bioqrafiyaları ilə dönə-dönə sübut etmişdilər.
Nümayəndə heyətinin başçısı, XX əsrin əvvəllərində yalnız azərbaycanlıların deyil, çar Rusiyasındakı türklərin və müsəlmanların sınanmış lideri kimi tanınan Əli Mərdan bəy Topçubaşov (1861- 1934) Tiflisdə zadəgan ailəsində doğulmuş, Sankt-Peterburq universitetinin hüquq fakültəsini bitirmişdi. Bir müddət vəkillik fəaliyyəti ilə məşğul olmuşdu. 1897-ci ildə məşhur neft milyonçusu və metsenat H. Z. Tağıyevin maddi vəsaiti hesabına nəşr olunan “Kaspi” qəzetinin redaktoru kimi geniş ictimai-siyasi və ədəbi-publisistik fəaliyyətə başlamışdı. Onun redaktorluğu dövründə qəzet çarizm istibdadı şəraitində ən elementar hüquqları tapdanan Azərbaycan xalqının ruporuna çevrilmiş, demokratik ruhlu və milli əqidəli ziyalıları öz ətrafına toplamışdı.
1905-ci il Birinci rus inqilabından sonra Ə. M. Topçubaşov bütün Rusiya türklərinin və müsəlmanlarının lideri kimi daha ardıcıl və prinsipial siyasi fəaliyyəti ilə tanınmışdı. O, Rusiya müsəlmanlarının 1904-07-ci illərdə keçirilən I–III qurultaylarının əsas təşkilatçılarından və rəhbərlərindən biri olmuş, Üçüncü qurultayın qərarı ilə yaradılan Ümumrusiya Müsəlmanları partiyasının- “İttifaqiMüslüm”in (“Musulmanskiy soyuz”) Məramnamə və Nizamnaməsini hazırlamış, onun Mərkəzi Komitəsinin üzvü seçilmişdi. 1906-cı ildə Bakı quberniyasından Birinci Dövlət Dumasına deputat seçilən Ə. M. Topçubaşov Müsəlman fraksiyasını yaratmış və ona rəhbərlik etmişdi. Çar İkinci Nikolay tərəfindən Dumanın qovulmasına etiraz bildirən məşhur “Vıborq Bəyannaməsi”ni imzalayan 200 deputat içərisində azərbaycanlı siyasi xadim də var idi.
Çarizmin süqutundan sonra 1917-ci ilin mayında Rusiya müsəlmanlarının Moskva qurultayının keçirilməsində və burada türk-müsəlman əhalinin Rusiya ilə gələcək münasibətləri barəsində bir sıra prinsipial qərarların qəbul edilməsində Ə. M. Topçubaşovun böyük rolu olmuşdu. Həmin dövrdə o, eyni zamanda Bakıda Transqafqaz Müsəlman ictimai-siyasi təşkilatlarının koordinasiya mərkəzi olan İcraiyyə Komitəsinin işinə də rəhbərlik edirdi.
1918-ci il iyunun 17-də baş nazir Fətəli xan Xoyskinin rəhbərliyi ilə təşkil olunan ikinci hökumət kabinəsində Ə. M. Topçubaşov portfelsiz nazir vəzifəsini tutmuş, həmin il avqustun 22-də isə Azərbaycan Cümhuriyyətinin Fövqəladə və Səlahiyyətli Naziri kimi Osmanlı imperiyasının paytaxtı İstanbula göndərilmişdi. 1918-ci ilin dekabrında Azərbaycan Parlamenti özünün ilk iclasında onu sədr seçmişdi. Həmin il dekabrın 28-də Parlamentin yekdil qərarı ilə Paris Sülh Konfransında Azərbaycan Nümayəndə heyətinin başçısı təyin olunmuşdu.
Diplomatik missiyada Ə.M. Topçubaşovun müavini olan Məmməd Həsən Hacınski (1875-1931) Bakı real məktəbində və Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almış, uzun müddət Bakı Dumasında şəhər tikintisi idarəsinə başçılıq etmişdi. O, həm də Ə. M. Topçubaşovla birlikdə Müsəlman ictimai-siyasi təşkilatları İcraiyyə Komitəsinin rəhbərlərindən biri idi. Sonralar “Müsavat” sıralarına keçən M.H. Hacınski bu partiyanın I qurultayında Mərkəzi Komitə üzvü seçilmişdi. F. xan Xoyskinin qurduğu birinci hökumətdə xarici işlər, ikinci hökumətdə isə maliyyə naziri vəzifələrini tutmuşdu. Azərbaycan Parlamentinin üzvü idi.
Nümayəndə heyətinin üzvü Əkbərağa Şeyxülislamov (1881–1961) İrəvan gimnaziyasının və Peterburq Yol Mühəndisləri İnstitutunu bitirmişdi. Transqafqaz Seyminin üzvü, Transqafqaz hökumətində daxili işlər nazirinin müavini olmuşdu. Siyasi fəaliyyətini menşevik istiqamətli “Hümmət” partiyasında davam etdirirdi. Azərbaycan Cümhuriyyətinin qurulmasını elan edən İstiqlal Bəyannaməsini imzalayanlar içərisində Ə. Şeyxülislamov da var idi. O, Fətəli xan Xoyskinin ilk hökumətində torpaq və əmək naziri kimi çalışmışdı. Parlamentdə sosialist fraksiyasını təmsil edirdi.
Nümayəndə heyətinin üzvü Əhməd bəy Ağaoğlu (1869-1939) tanınmış publisist və ictimai xadim idi. Paris Ali Hüquq Məktəbində və Sorbonna universitetində mükəmməl hüquq təhsili almışdı. XX əsrin əvvəllərində “Həyat”, “İrşad”, “Tərəqqi” qəzetlərinin redaktoru olmuş, 1905-ci ildə Azərbaycanda ilk siyasi partiya sayılan “Difai”ni qurmuşdu. Rusiya gizli polisinin təqibləri nəticəsində 1909-cu ildə Osmanlı imperiyasına – Türkiyəyə mühacirət etdikdən sonra burada “İttihad və Tərəqqi” partiyasının liderləri ilə yaxınlaşmış, “Türk yurdu” və “Türk ocağı” təşkilatlarının qurucuları sırasında yer almışdı. O, eyni zamanda İstanbul universitetinin rus ədəbiyyatı professoru və Osmanlı Məclisi-Məbusanının (Parlament) üzvü kimi elmi-siyasi fəaliyyət göstərmişdi. Ə. Ağaoğlu 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri kimi Azərbaycana gəlmiş, burada Parlamentə üzv seçilmişdi. Lakin İstanbuldakı ingilis işğal qüvvələri “İttihad və Tərəqqi” liderləri ilə yaxınlığına görə Ə. Ağaoğlunun Parisə getməsinə imkan verməmişdi. O, 1919-cu ildə İstanbulda həbs olunmuş və Malta adasına sürgün edilmişdi.
Nümayəndə heyətinin məsləhətçisi Ceyhun bəy Hacıbəyli (1889-1962) Paris Siyasi Elmlər məktəbində və Sorbonnada təhsil almışdı. İstedadlı publisist və gözəl musiqiçi idi. Böyük qardaşı Üzeyir Hacıbəyli (1885- 1948) ilə birlikdə ilk Azərbaycan operası “Leyli və Məcnun”u bəstələmişdi. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra hökumət ofisi özünün-rus dilində çıxan “Azərbaycan” qəzetinin redaktoru olmuşdu. Rus-dilli Bakı və Qafqaz mətbuatında ciddi ictimai-siyasi problemlərə, mədəniyyət, təhsil, qadın azadlığı və s. məsələlərə dair çoxsaylı məqalələri dərc edilmişdi.
Nümayəndə heyətinin məsləhətçisi Məhəmməd Məhərrəmov (1885-1982) İrəvan gimnaziyasını bitirmiş, gənc yaşlarından İrəvan azərbaycanlılarının (eyni adlı xanlığın mərkəzi olan bu Azərbaycan şəhəri 1918-ci ildə yeni yaranan Ermənistan Respublikasının paytaxtı elan olunmuşdu) təmsilçilərindən biri kimi tanınmışdı. 1917-ci ilin noyabrında İrəvan quberniyasından Rusiya Müəssislər Məclisinə nümayəndə seçilmişdi. Transqafqaz Seyminin üzvü olmuş, Milli Xartiyanı – İstiqlal Bəyannaməsini imzalayanlar sırasında yer almışdı. Azərbaycan Parlamentində Sosialist fraksiyasının üzvü idi.
Heyətin başqa bir məsləhətçisi Miryaqub Mirmehdiyev (1887-?) Peterburq Universitetinin hüquq fakültəsini bitirmiş, Bakıda vəkillik fəaliyyəti ilə məşğul olmuşdu. Azərbaycan Parlamentinə “İttihad” partiyasından üzv seçilmişdi. 1919-cu ilin avqustunda Parlamentin Sosialist fraksiyası Nümayəndə heyəti tərkibindəki üzvlərinin rotasiya qaydası ilə əvəzlənməsi barəsində qərar çıxarmış və M. Məhərrəmovun yerinə Abbas bəy Atamalıbəyov (1892-1962) Parisə göndərmişdi. Lakin həmin dövrdə heyətin başqa bir üzvü – M.H. Hacınski artıq Azərbaycana qayıtdığından həm M. Məhərrəmovun, həm də A. Atamalıbəyovun Parisdə qalmaları məqbul sayılmışdı.
Peterburq Kadet korpusunda ali hərbi təhsil almış A. Atamalıbəyov Nümayəndə heyətinin ən gənc üzvü kimi digər işlərlə yanaşı həm də missiyanın katibi vəzifəsini öz üzərinə götürmüşdü. Nümayəndə heyətinin texniki tərkibinə əməkdaşlar – Əli bəy Hüseynzadə (1864-1940), Viktor Marçevski, katiblər – Səfvət Məlikov və Ələkbər bəy Topçubaşov, tərcüməçilər – A. Qafarov (fransız dili), Q. Qafarova (ingilis dili), H. Məmmədov (fransız və türk dilləri) daxil idilər. Rəşid bəy Topçubaşov sədrin şəxsi katibi vəzifəsini yerinə yetirirdi. Lakin Nümayəndə heyətinin əməkdaşı Ə. Hüseynzadə də Ə. Ağaoğlu kimi “İttihad və Tərəqqi” partiyası ilə əməkdaşlıqda təqsirləndirildiyinə görə sülh konfransına viza ala bilməmişdi. S. Məlikov isə Azərbaycanın Osmanlı imperiyasındakı diplomatik təmsilçisi kimi İstanbulda qalmalı oldu.
Azərbaycan heyəti hələ İstanbulda ikən ciddi şəkildə təşkilatlanmış və üzvlər arasında dəqiq iş bölgüsü aparılmışdı. Heyətin tərkibində bölmə-siyasət və milli məsələlər, iqtisadiyyat və kommersiya, təbliğat və məlumat bölmələri yaradılmış, üzvlər ixtisas və maraq səviyyələrinə uyğun şəkildə həmin qurumlarda fəaliyyətə cəlb olunmuşdular. Eyni zamanda Nümayəndə heyətinin hər bir üzvünün görəcəyi konkret iş, məsuliyyət daşıyacağı konkret sahə də müəyyən olunmuşdu.
Sədr Ə. M. Topçubaşov ümumi rəhbərliklə bir sırada siyasi məsələlər və memorandum hazırlanması üçün məsul idi. O, həm də heyətin təşkilati işlərinə və maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsinə nəzarət edirdi. Sədrin müavini M.H. Hacinski missiyanın xəzinədarı idi. Eyni zamanda iqtisadiyyat və maliyyə bölməsinin işinə rəhbərlik edir, Azərbaycan hökuməti adından Fransanın və digər Avropa ölkələrinin biznes dairələri və ayrı-ayrı iş adamları ticari-iqtisadi danışıqlar aparırdı. Ə. Şeyxülislamov daha çox sərhəd məsələləri ilə məşğul olur, Azərbaycana dair statistik göstəricilərin, xəritə və diaqramların hazırlanmasını təşkil edir, nəhayət Nümayəndə heyətinin arxiv və kitabxanasının yaradılması üçün məsuliyyət daşıyırdı. M. Məhərrəmov xalq təsərrüfatı və əkinçiliklə bağlı məsələlər üçün cavabdeh idi, eyni zamanda iclas və danışıqların protokollarının Azərbaycan türkcəsində yazılmasını təmin edirdi.
Ticarət və sənaye məsələləri ilə məşğul olan M. Mirmehdiyevin vəzifələri sırasına heyətin maliyyə hesabatlarının yoxlanması da daxil idi. Ə. Ağaoğlu və C. Hacıbəyli isə daha çox informasiya və təbliğat məsələləri ilə məşğul olmalı, Fransa ictimaiyyəti və fransız mətbuatı ilə əlaqələr qurulmasına kömək etməli idilər. Hər ikisinin Fransada təhsil almaları, fransız dilinə və mədəniyyətinə mükəmməl yiyələnmələri üzərlərinə qoyulan vəzifəni uğurla həyata keçiriləcəyinə təminat yaradırdı.
Nəhayət, Ə. Hüseynzadə Azərbaycanla bağlı tarixi-etnoqrafik və ədəbi materialların seçilməsi və təbliğatda onlardan istifadə edilməsi üçün məsul idi. Təəssüf ki, Nümayəndə heyəti Parisə tam tərkibdə gedə bilmədiyindən iş bölgüsündə müəyyən dəyişikliklər aparılması zərurəti yarandı. Bütövlükdə isə heyətin hər bir üzvü lazım bilinən və tapşırılan hər bir işin öhdəsindən gəlməyə tamamilə hazır idi.
Nümayəndə heyəti nəyə nail oldu?
Sülh konfransı Azərbaycan Nümayəndə heyəti hələ İstanbulda olarkən – 1919-cu il yanvarın 18-də işə başlamışdı. Azərbaycan parlamentarları Müttəfiq dövlətlərin təmsilçiləri ilə uzun və üzücü yazışmalardan sonra yalnız aprelin 22-də Fransa paytaxtına yola düşmüş və mayın 7-də Parisə çatmışdılar.
Əslində, heyət üzəri qoyulan vəzifələrin icrasına hələ İstanbulda başlamışdı. Burada bir tərəfdən çar Rusiyasının süqutundan sonra yaranan yeni müstəqil dövlətlərin Gürcüstan, Ukrayna, Şimali Qafqaz Dağlılar Respublikası nümayəndələri, o biri tərəfdən isə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya təmsilçiləri ilə danışıqlar aparılmış, Azərbaycan Cümhuriyyətinin müstəqil dövlət kimi beynəlxalq miqyasda tanıdılması istiqamətində ilk addımlar atılmışdı.
Parisə gəldikdən dərhal sonra nümayəndə heyəti bir neçə istiqamətdə fəaliyyətə başlamışdı. İstər sədr Ə.M. Topçubaşov, istərsə də missiyanın səlahiyyətli üzvləri fəal siyasi danışıqlar aparır, öz ölkələrinin tarixi, mədəniyyəti, iqtisadi resursları, qonşu dövlətlərlə münasibətləri barəsində təbliğatı xarakterli materiallar yayır, mürəkkəb beynəlxalq münasibətlər sistemində Azərbaycanın müstəqilliyinə müəyyən təminatlar almağa çalışırdılar.
Azərbaycan istiqlalının birinci ildönümü günündə – 1919-cu il mayın 28-də Nümayəndə heyəti ABŞ prezidenti, I Dünya müharibəsindən sonra yeni dünya düzəninin əsasını təşkil edən məşhur prinsiplərin müəllifi Vudro Vilson tərəfindən qəbul olunmuşdu. Həmin görüşdə V. Vilson Rusiya əsarətindən xilas olmuş xalqların dövlət müstəqillikləri ilə bağlı ABŞ-ın öz üzərinə hər hansı bir tərəddüd götürə bilməyəcəyini, ümumiyyətlə, dünyanın kiçik dövlətlərə parçalanmasında lüzum görmədiyini bildirmişdi. Görüşün konkret nəticəsi olmasa da, həmin dövrdə dünyanın super güclərindən biri kimi tanınan ABŞ-ın prezidenti ilə görüş faktının özü ümumən uğurlu başlanğıc sayıla bilərdi.
Gənc Azərbaycan dövlətini Avropada təmsil etmək məsuliyyətini üzərinə götürən Nümayəndə heyəti, ilk növbədə isə daha böyük təcrübəyə malik olan Ə. M. Topçubaşov tezliklə özlərini siyasi proseslərdən yaxşı baş çıxaran, şəraitə uyğun addımlar atmağı və düzgün qərarlar qəbul etməyi bacaran diplomatlar kimi göstərə bildilər. Təsadüfi deyil ki, Ə. M. Topçubaşov Bakıya, Nazirlər Şurasının sədrinə göndərdiyi məlumatlarda təkcə gördükləri işlərdən bəhs etmir, həm də çağdaş Avropa təcrübəsinə dayanaraq ölkəsinin rəhbərliyinə dövlət quruculuğu, xarici və daxili siyasət, idarəçilik, beynəlxalq münasibətlər və s. bağlı qiymətli məsləhət və tövsiyyələr verirdi.
Paris mühitindən və Sülh konfransından yalnız Azərbaycanın dövlət müstəqilliyinin rəsmi tanıdılması üçün yox, həm də ölkədə demokratik, sivil, Qərb standartlarına və demokratik dəyərlərə cavab verən bir dövlət qurmaq üçün istifadə olunurdu. Nümayəndə heyəti Azərbaycanın siyasi və iqtisadi maraqlarından çıxış edərək fəal, mütəhərrik siyasət yürüdürdü. Bu siyasətin əsasını milli müstəqilliyinin böyük dövlətlər tərəfindən mümkün qədər tez tanınması və təhlükəsizliklə bağlı etibarlı təminatın əldə olunması təşkil edirdi.
Konfransa hazırlıq mərhələsində diplomatik missiyamızın səyləri nəticəsində Azərbaycan Cümhuriyyətinin ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İran, Osmanlı imperiyası və başqa dövlətlərlə qarşılıqlı münasibətlər qurması istiqamətində bir sıra ilkin təşəbbüslər göstərilmişdi. Azərbaycanın istiqlalına zəmanətin yalnız Avropada deyil, həm də okeanın o tayında – ABŞ-da olduğunu yaxşı başa düşən Ə.M. Topçubaşov qısa müddət ərzində amerikanlarla işgüzar münasibətlər yaratmağa nail olmuşdu. Vəkil V. Çandler və Amerika yəhudi icmasının nümayəndəsi M. Robinovla müqavilə bağlanmış, onlara ABŞ və Kanadada Azərbaycanın maraqlarını təmsil etmək səlahiyyəti verilmişdi.
Parisdə Azərbaycan haqqında ingilis və fransız dillərində çap olunan kitabların bir qismi hələ 1919-cu ildə bu ölkələrə göndərilmişdi. Uzaqgörən siyasətçi kimi Ə.M. Topçubaşov ABŞ və Avropada Azərbaycan lobbisinin yaradılmasını ölkəsinin dünya miqyasında geniş tanınmasının, habelə onun siyasi və iqtisadi maraqlarının daha etibarlı qorunmasının qarantı sayırdı.
Nümayəndə heyətinin səyi nəticəsində hələ 1919-20-ci illərdə Azərbaycanın tarixi keçmişi, ölkənin zəngin təbii sərvətləri, bölgədə bir əsrdən çox davam edən rus işğalı və onun nəticəsi kimi meydana çıxan erməni zülmü, Qafqazdakı qonşularla münasibət, erməni-azərbaycanlı qarşıdurmasını şərtləndirən amillər, 1918-ci ildə Bakıda daşnak-bolşeviklər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən dəhşətli soyqırım və s. barəsində Avropa ölkələrində müəyyən obyektiv məlumatlar yaymaq mümkün olmuşdu. Bütün bunlar isə öz növbəsində həm Azərbaycanın Qərbdə qismən obyektiv şəkildə tanınmasına imkan yaratmış, həm də ölkəmiz və xalqımız barəsində qərəzli rus-erməni qaynaqlarının təsiri ilə formalaşmış yanlış təsəvvürlərin az da olsa aradan qaldırılmasına kömək etmişdi.
Sülh konfransında Azərbaycan diplomatları yalnız öz ölkələrinin deyil, bütün Qafqazın müstəqilliyi və siyasi-mənəvi birliyi uğrunda mübarizə aparırdılar. İstər İstanbulda, istərsə də Parisdə məhz azərbaycanlı siyasilər bu gün geniş yayılmış ifadə ilə desək, “Qafqaz evi” ideyasının qızğın tərəfdarı kimi çıxış edirdilər. Azərbaycan Nümayəndə heyəti mühüm sənədlərin qəbulu zamanı ümumqafqaz maraqlarına əsaslanaraq Gürcüstan və Dağlılar Respublikasının nümayəndələri ilə əlbir fəaliyyət göstərirdi.
Təəssüf ki, bizim günlərdə olduğu kimi həmin dövrdə də ermənilər “Qafqaz evinə” münasibətdə destruktiv mövqe tutduqlarından region xalqlarının siyasi-iqtisadi və mənəvi birliyi üçün son dərəcə vacib olan bu ideyanı həyata keçirmək mümkün olmamışdı. Nümayəndə heyətinin Parisdəki səkkiz aylıq gərgin və səmərəli fəaliyyəti öz bəhrəsini verdi – 1920-ci ilin yanvarın 11-də Versal konfransının Ali Şurası Azərbaycanın və Gürcüstanın yeni müstəqil dövlətlər kimi de-fakto tanınmaları barəsində qərar qəbul etdi.
Həmin tarixi hadisənin iştirakçılarından olan Miryaqub Mirmehdiyev sonralar yazırdı: “Bu iki ölkənin nümayəndəsi xarici işlər nazirliyinə (Fransa xarici işlər nazirliyi nəzərdə tutulur-V.Q.) dəvət olundu. Orada müsyö Kambon Konfrans adından hörmət əlaməti olaraq onlara öz minnətdarlığını bildirdi. Müsyö Kambon bəyan etdi ki, Azərbaycan və Gürcüstan respublikaları beynəlxalq hüquq normalarına uyğun şəkildə rəsmi olaraq müstəqil dövlətlər kimi tanınmışlar. Bu andan başlayaraq hər iki ölkə rəsmi surətdə Ali Şura ilə əlaqəyə girə bilər, öz ehtiyaclarını, qeydiyyata alınmalarını, konfransın iclaslarında qanuni haqlarını, bərabərhüquqlu üzv olmalarını tələb edə bilərlər. Bundan başqa, Kombon bildirdi ki, bu dövlətlərin hökumətlərinin tanınması aktı, eyni zamanda onların Rusiyadan ayrılmalarının tanınması ilə müşaiyət olunmalıdır.
Buradan çıxış edərək demək olar ki, Azərbaycan və Gürcüstan respublikaları bu gündən etibarən suveren dövlətlər hesab ediləcək”. Bir həftə sonra – yanvarın 19-da Ali Şuranın hökumət başçılarının iştirakı ilə keçirilən iclasında həmin qərar yenidən, bu dəfə daha yüksək səviyyədə təsdiqləndi. İclasda çıxış edən Nümayəndə heyətinin başçısı Ə. M. Topçubaşov və missiyanın müşaviri M. Məhərrəmov Avropa ölkələrinin müəyyən hərbi–iqtisadi yardım göstərəcəkləri təqdirdə Azərbaycan Cümhuriyyətinin dövlət müstəqilliyini qoruyub saxlamağa və qısa müddət ərzində inkişaf etmiş ölkəyə çevrilməyə qadir olduğunu bildirdilər.
Tarixçi alim Cəmil Həsənlinin belə bir fikri ilə razılaşmaq lazımdır ki, “1920-ci ilin yanvarında Paris Sülh Konfransında Azərbaycan Cümhuriyyətinin siyasi cəhətdən tanınması Ə. M. Topçubaşov başda olmaqla Azərbaycan nümayəndələrinin uğurlu diplomatik fəaliyyətinin nəticəsi hesab olunmalıdır”. Beləliklə, Azərbaycan Cümhuriyyəti “de-fakto” tanındı. Qarşıda duran əsas məsələ yeni müstəqil dövlətin “deyure” tanınmasına və beynəlxalq birliyin tam hüquqlu üzvünə çevrilməsinə nail olmaq idi. Lakin bu yalnız Parisdəki Azərbaycan Nümayəndə heyətindən asılı məsələ deyildi. Çox şeyi Qərbin və ABŞ-ın yeni müstəqil dövlətlərə münasibəti həll edirdi.
Birinci Dünya müharibəsi nəticəsində üç imperiyanın – Osmanlı, Rusiya və Avstriya-Macarıstan imperiyalar süqutu dünyanın siyasi xəritəsinin yenidən düzənlənməsini tələb edirdi. Kiçik, lakin geosiyasi baxımdan son dərəcə əlverişli mövqedə yerləşmiş zəngin Azərbaycana bu siyasi xəritədə yer tapılacaqdımı? Dünyanın böyük dövlətləri bolşevik Rusiyasının əski çar imperiyasını öz köhnə sərhədləri daxilində bərpa etməsinə imkan verəcəkdilərmi? Təəssüflər olsun ki, bəzən dövlət müstəqilliyi üçün yalnız xalqın azadlıq arzusu, hətta onun axıtdığı şəhid qanları da kifayət etmir...
Vilayət QULİYEV,
filologiya elmləri doktoru, professor, diplomat
Köhnə versiyamızdan xəbərləri izlə