Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı regionda sülhün bərpasına çalışır

Vətən müharibəsindən sonra həm xarici dövlət və hökumət başçılarının, vəzifəli şəxslərin Azərbaycana, həm də dövlət başçımızın xarici ölkələrə səfərləri xeyli artıb, intensivləşib. Bu da onu deməyə əsas verir ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə missiyamız tamamlanmayıb. Prezident İlham Əliyevin də dediyi kimi, hələ görüləcək çox iş var. Əlbəttə, ölkəmizin Vətən müharibəsinə qədər qazandığı nüfuz nə qədər önəmli idisə, bundan sonrakı mərhələ üçün də eyni qayə çox böyük əhəmiyyət kəsb edir.

Bu baxımdan dövlət başçımızın Av­ropa Şurasının prezidenti Şarl Mişellə görüşlərini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyev mayın 22-də Brüsselə növbəti dəfə işgüzar səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı Şarl Mişellə əvvəlcə təkbətək görüşüb. Görüşün əsas gündəliyi Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması olub. Dövlətimizin başçısı Şarl Mişelin iki ölkə arasında münasibətlərin normal­laşmasına, eləcə də sülh müqaviləsinin hazırlanmasına, nəqliyyat dəhlizlərinin açılmasına və delimitasiya-demarkasiya prosesinə göstərdiyi xüsusi həssaslığı yüksək qiymətləndirib. Görüşün təşkil edildiyinə görə, cənab Mişelə təşəkkür edən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan tərəfi sülh müqaviləsinin hazırlanması üçün beynəlxalq hüquqa əsaslanan 5 prinsip təqdim edib və bun­lar prosesin sürətlənməsində mühüm rol oynayır.

Şarl Mişel isə öz növbəsində Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin tənzimlənməsində, eləcə də, bu normal­laşmada vasitəçilik etməkdə maraqlı, keçirilən görüşlərin bu mənada olduqca əhəmiyyətli olduğunu qeyd edib.

Ümumiyyətlə, Aİ həm Cənubi Qafqazın lider dövləti, həm də II Qarabağ müharibəsinin qalibi kimi, Azərbaycanla əlaqələri gücləndirməkdə maraqlıdır. Biz buna Şarl Mişelin əvvəlki çıxışlarında da şahid olmuşuq. Bu baxımdan əminliklə söyləyə bilərik ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər tərəflərin qarşılıqlı maraq­ları əsasında inkişaf edir.

Qeyd edək ki, Avropanın Azərbaycan, eləcə də Xəzər neftinə ehtiyacı və ölkəmizin bölgənin lideri kimi rolu Avropa İttifaqı üçün önəmli faktorlardan biridir. Respublikamız isə bu əməkdaşlıq nəticəsində öz xamma­lını Qərb bazarına etibarlı və təhlükəsiz şəkildə çıxarmaq imkanı qazanır.

Heç kəs üçün sirr deyil ki, bu gün Azərbaycan yüksək inkişaf mərhələsindədir. Ölkəmizin bu inkişafı həm xarici dövlətlərin, həm də nüfuzlu beynəlxalq təşkilatların diqqətindən kənarda qalmır. Bu mənada Aİ də Azərbaycanla münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymasında maraqlıdır.

Bölgədə davamlı sülhün təmin olunması, sabitliyin yaranması, nəqliyyat-logistika infrastrukturunun inkişafı, bu istiqamətdə yeni dəhlizlərin açılması bölgə dövlətləri kimi Aİ üçün də olduqca böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın inkişafı, Brüssellə ikitərəfli münasibətlərin gücləndirilməsi təkcə Cənubi Qafqaz üçün deyil, eləcə də Orta Asiyanın inkişafı üçün mühüm təkan deməkdir.

Beləliklə, əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevlə cənab Şarl Mişel arasındakı görüşlər həm tərəflər arasındakı münasibətlərin inkişafına, həm də Ermənistan ilə Azərbaycanın münasibətlərinin tənzimlənməsinə vəsilə olacaq.

Hacı Mehman FƏRZULLAYEV,

Əməkdar jurnalist, naşir

28 May 2022 03:29 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə