Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə–Azərbaycan dostluğu – tariximizin, soykökümüzün əbədiyyət rəmzi

Azərbaycan–Türkiyə birliyi və həmrəyliyi bu gün dünyaya nümunədir. Bu dostluq və qardaşlıq soykökümüzün əbədiyyət rəmzidir. Türkiyə həmişə Azərbaycanla bir olub, bu qardaşlıq daimi olmaq­la yanaşı, həm də sarsılmazdır. Artıq həm tarixə qovuşmuş keçmiş Dağlıq Qarabağ münaqişəsi dövründə, həm də İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə qardaş ölkə son ana qədər Azərbaycanın yanında olduğunu dünyaya nümayiş etdirmişdir. Bu dostluğun tarixi əhəmiyyətini 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə toplantısında “Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır” – fikri ilə diqqətə çatdıran Prezident İlham Əliyevin sözləri artıq reallıqdır.

2020-ci il dekabrın 10-da “Dəmir yumruq” əməliyyatının Qələbə rəmzi olan Zəfər Paradını Prezident İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğan ilə birgə qəbul etməsi Azərbaycan–Türkiyə dostluğunun daha bir nümunəsi idi. Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi missiyanı yerinə yetirdi, ədaləti, ərazi bütövlüyünü bərpa etdi.

Dünyanın tanınmış kütləvi informasi­ya vasitələrinə müsahibələrində Türkiyənin ölkəmizə mənəvi dəstəyini yüksək qiymətləndirən Prezident İlham Əliyevin vurğu­ladığı kimi, bu dostluq döyüş əməliyyatlarının aparıldığı günlərdə bir daha təsdiqləndi. Düşmən Ermənistan üzərində zəfərimiz hər iki xalq tərəfindən təntənə ilə qeyd edildi. Türk dünyasının birlik və həmrəyliyinin lokomotivi olan hər iki dövlət arasındakı siyasi, iqtisadi, hərbi, elmi-texnoloji, kommunikasiya sahəsində olan əlaqələri daha da gücləndirən Şuşa Bəyannaməsinin imzalanması bu qardaşlığın yeni səhifəsi kimi tarixi əhəmiyyəti ilə seçildi.

Müttəfiqlik Bəyannaməsinin imzalan­masına sevinənlər onu Zəfərimizin davamı, əlamətdar hadisə adlandırırlar “Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalan­mış Birgə Bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbir­liyimizin təminatçısıdır” – deyən dövlət başçımız daha sonra bildirdi ki,Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsidir.

Postmüharibə dövründə – işğaldan azad edilmiş əraziələrdə aparılan bərpa-quruculuq işlərində Türkiyə şirkətlərinin iştirakı Ermənistandan səslənən revanşist çağırış­lara qətiyyətli cavab oldu. Zəfər yolunun təməlqoyma mərasimində, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsində hər iki dövlətin başçılarının birgə iştirakı o deməkdir ki, Azərbaycana dost-qardaş yar­dımını əsirgəməyən Türkiyə hazırda dünya siyasətində aktuallığı ilə seçilən və bölgə üçün böyük əhəmiyyətə malik Zəngəzur dəhlizinin bərpasında da qətiyyət göstərəcək. Tarixi, strateji maraqlar, regional əhəmiyyəti baxımın­dan diqqətçəkən, sadəcə, kommunikasiyaların keçəcəyi dəhliz deyil, azərbaycanlıların tarixi Vətəni olan Zəngəzur dəhlizinin bərpasında da orta maraqlar baxımından qətiyyət göstərən hər iki qardaş ölkə Şərqdən Qərbə uzanan və hər kəsin istifadə edə biləcəyi yeni körpünün inşasında da birgə çalışacaqlar.

Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafı beynəlxalq aləmdə də etiraf olunur. Bu, Azərbaycan–Türkiyə qardaşlı­ğının daimi, əbədi və sarsılmazlığının təsdiqidir.

Azər SÜLEYMANOV,

YAP Nəsimi rayon təşkilatının sədri

28 May 2022 03:29 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə