Ən son xəbərlər
1918-ci il 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixidir. 104 il öncə bugünkü müasir Azərbaycanın təməli qoyuldu. Xalq Cümhuriyyəti türk dünyasında demokratik, hüquq dövləti olaraq tanındı. Bütün Dünya Azərbaycan xalqının mədəniyyətinin nə qədər zəngin olduğunun o tarixdə şahidi oldu.
Bu fikirləri “Xalq qəzeti”nə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç bildirdi.
Hulusi Kılıç vurğuladı ki, bu gün Azərbaycan illər öncə qurulan Cümhuriyyətin təməlləri üzərində yüksəlir və həm Qafqazda, həm də dünyada güclü yerini qoruyub saxlayır: “Azərbaycanın bayramı Türkiyənin bayramı olaraq qəbul edilir. İnsanlıq var olduqca Türkiyə və Azərbaycan bayraqları sonsuza qədər yan-yana səmalarda dalğalanacaq. Bu, artıq Qarabağın düşmən tapdağından azad edilməsindən sonra keçirilən ikinci bayram olacaq. Azərbaycanın 1918-ci ildə dövlət quruculuğuna başladığını və 1991-ci ildə yenidən cümhuriyyəti bərpa etdiyini, sürətli bir şəkildə inkişafda olduğunu və dünyada barmaqla göstəriləcək, parlayan ulduza bənzədiyini görməkdəyik”.
Diplomat həm də qeyd etdi ki, 44 gün davam edən Qarabağ savaşındakı xalqın göstərdiyi qəhrəmanlıq, cənab Prezidentin qüsursuz liderliyi, müasir və güclü ordunun varlığı Azərbaycanı beynəlxalq miqyasda yüksəltdi: “Eyni zamanda, Türkiyənin Azərbaycana verdiyi siyasi, diplomatik və informasiya dəstəyi də bu istiqamətdə böyük önəm kəsb edir. Bu gün iki qardaş ölkə çiyin- çiyinə dünyadakı yerini alıb. 15 iyun 2021-ci il Şuşa Bəyannaməsi iki xalqı bir-birinə daha da yaxınlaşdırdı. Müttəfiqlik münasibətləri quruldu. Şuşa Bəyannaməsi bu müttəfiqliyin çıxarışıdır. Bununla belə, soydaşlarımızı 28 May Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Yaşasın Azərbaycan- Türkiyə birliyi. Azərbaycan Şərqdə qadınlara seçib-seçilmə hüququ verən ilk dövlətdir, demokrat bir ölkədir biz bununla qürur duyuruq”.
Şahxanım ƏLİZADƏ,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə