Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndərin yarımçıq qalmış planlarını tamamlayan müzəffər lider

Onun adı milli tariximizə ən böyük qələbəmizi təmin edən Ali Baş Komandan kimi yazılmışdır

O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolun­da çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

Heydər ƏLİYEV

ümummilli lider

1 oktyabr 2003-cü il

 

 

Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Fəxri Xiyabanı ziyarət etdikdən sonra elə oradan xalqımıza müraciət etmişdi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm”.

Mən bu müraciəti ustad bəstəkarımız, Xalq artisti “Şöhrət” və “Şərəf” ordenli Tofiq Bakıxanovun evində eşitmişdim. Professor elə o andaca de­mişdi: “Bu, ilk növbədə, Heydər Əliyevin qələbəsidir”. Necə? – deyə soruşdum. Ustad ulu öndərin xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətini yada salaraq dedi ki, ölkədə Şuşanın düşmən tapdağından azad edilməsini hamıdan çox Heydər Əliyev arzulayırdı. Ancaq o, həmin planı başa çatdıra bilməmiş, həmin işi öz siya­si varisinə etibar etdiyini bildirmişdi: “İna­nıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Ulu öndər inandı, İlham Əliyev isə həmin arzunu reallaş­dırdı.

Mən bu qəbildən olan növbəti arqu­menti 2020-ci il dekabrın 10-da, Bakıda keçirilən Zəfər Paradının tribunasın­dan eşitdim. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün azərbaycanlılar və ümumilikdə, türk dün­yası üçün heç zaman unudulmayacaq fikirlər səsləndirmişdi: “Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri, şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetir­mişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək”.

Bəli, ulu öndərdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Prezident İlham Əliyev həm Azərbaycanın bugün­kü və gələcək inkişafını planlaşdırmış, həm də həmin planların icrasını təmin etmişdir. Mütəxəssislər yazırlar ki, İlham Əliyev Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı.

Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunub-saxlanılmasına nail olmuşdu. İlham Əliyev isə nəinki ölkəmizin sürətli inkişafını, həm də gənc müstəqil dövlətimizin dünya miqyasın­da əsas aktorlardan birinə çevrilməsini təmin etdi.

Həm 2003-cü ilin oktyabrında, həm də ondan sonrakı bütün seçkilərdə xalqın böyük etimadını qazanan İlham Əliyev ölkəmizin ərazi bütövlü­yü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunu, Av­ropa və dünya strukturlarına inteqra­siyanı davam etdirdi. İqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılı­lığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürüldü. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün tapılması nəticəsində Azərbaycan hətta dünya iqtisadi-maliyyə böhranı illərində analoqu olmayan iqtisadi inkişaf tempinə nail ola bildi. Bütün bunlar idmançıların dili ilə desək, İlham Əliyevin aktivinə yazılmış­dır.

Görkəmli siyasətçi və dövlət xadimi olan İlham Əliyevin ölkədə apardığı hərtərəfli islahatlar Azərbaycanın dünya­nın nəhəng universal beynəlxalq təşkilatı olan BMTəhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilməsi ilə nəticələnmişdi. Xatırladaq ki, 2011-ci il oktyabrın 24-də BMT TŞ-yə keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nın qeyri-daimi üzvü seçildi. Bundan başqa, üzvlərinin sayına görə BMT-dən sonra dünyada ikinci mövqedə dayanan Qoşulmama Hərəkatına (QH) (120 dövlət) üzvlük və sədrliyimiz ölkəmizin beynəlxalq nüfuzunu qat -qat artırmışdır. Xatırladaq ki, 2011-ci il oktyabrın 24-də BMT TŞ-ya keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nın qeyri-dai­mi üzvü seçildi. Azərbaycan Respublika­sı müstəqilliyinin 20-ci ildönümündə ta­rixinin növbəti şanlı səhifəsini yazdı. Bu uğurun müəllifi də böyük intellekt, iradə və qətiyyət sahibi olan Prezident İlham Əliyev idi. Elə Azərbaycanın beynəlxalq kosmik ailənin üzvü olması da ölkəmizin son illərdəki uğurlarındandır.

Bu gün Azərbaycan dövlətinin və Prezidentimizin qarşısında çox böyük vəzifələr durur. Qardaş ölkənin Prezi­denti Rəcəb Tayyib Ərdoğanın Bakıda dediyi kimi, Azərbaycanın torpaqlarını iş­ğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir: “Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir. Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük. Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tar­mar edilmiş, bütün kəndlər yerlə-yeksan olunmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tarmar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorul­malıdır”.

Fəxrlə xatırlatmaq istəyirik ki, işğaldan azad edilmiş ərazilərimizdəki bərpa-quruculuq işlərinin tempi həmin bölgələrimizə səfər edən hər kəsi hey­ran edir. Eləcə də, cənab Prezidentin sərhədlərin delimitasiya və demarka­siyası, sonra isə sülh müqaviləsinin hazırlanması istiqamətində həyata keçirdiyi layihələr öz müsbət nəticələrini verməkdədir.

Məmnunuq ki, Prezident İlham Əliyevin tutduğu ədalətli mövqeyi Ağ Ev, Kreml və Brüssel birmənalı olaraq dəstəkləyir. Həm ABŞ Prezidenti Cozef Baydenin, həm də Rusiya Federasiya­sının Prezidenti Vladimir Putinin dövlət başçımıza göndərdikləri məktublar, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ardıcıl zəngləri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişe­lin prinsipial mövqeyi sübut edir ki, bu məsələlərdə də uğura imza atacağımız gün uzaqda deyil.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

28 May 2022 03:26 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə