Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolu sürətlə tikilməkdədir

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyev hər dəfə bu və ya digər rayona səfər edərkən görülən işlərlə yerindəcə tanış olur, hazır obyektlərin açılışını edir, yenilərinin təməlini qoyur. Dövlət başçısının mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri də istisna təşkil etmədi. Dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış oldu, Cəbrayıl rayo­nunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak etdilər.

Bütün bu işlər, təbii ki, Azərbaycan ictimaiyyəti tərəfindən böyük maraqla izlənilir və yüksək qiymətləndirilir. Digər tərəfdən, 30 il ərzində ev-eşiyindən ayrı salınmış soydaşlarımız da doğma ocaq­larına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bu mənada Prezidentin hər bir səfəri böyük ümid və intizarla izlənilir. Eləcə də yeni obyektlərin və infrastruk­turun tikintisi insanlarda sabaha ümid yaradır.

Dövlətimizin başçısı və birinci xanım səfər çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının və “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə tanış oldular, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak etdilər. Eyni zamanda, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olundu.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış olarkən Prezidentə və birinci xanıma məlumat verildi ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulmuş və ümumi uzunluğu 123,6 kilometr olan bu yolun tikintisi sürətlə davam etdirilir. Başlan­ğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 kilometrlik hissəsi altı, qalan 46,6 kilo­metrlik hissəsi isə dörd hərəkət zolaqlı olacaq. Yol boyunca üç avtomobil tuneli inşa edilir. Tunellərdən birində qazma işləri artıq yekunlaşıb, hazırda beton işləri icra olunur. Digər iki tuneldə isə qazma işləri davam etdirilir. Həmçinin bu yolun üzərində 15 avtomobil körpüsü, 5 yolötürücü və 54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda 14 körpü, 3 yolötürücü və 38 yeraltı keçidin tikintisi aparılır. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Xüsusilə vurğulamaq isrtərdim ki, bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçı­van Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Regionda icra edilən mühüm obyektlərdən biri də Zəngilan Beynəlxalq Hava Limanıdır. Burada aparılan tikinti işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, perronda torpaq işləri tamamlanıb, uçuş-enmə zolağında asfalt-beton işləri davam edir. Zolağın uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək. Aeropor­tun hava hərəkəti qülləsinin tikintisinin iyulda tamamlanması planlaşdırılır. Avqustun sonunda isə terminal bina­sında işlərin başa çatdırılması nəzərdə tutulur. Beynəlxalq standartlara uyğun inşa edilən terminal binası saatda 200 sərnişinə xidmət edəcək. Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları yaradılacaq. Avadan­lıq və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilib.

Qeyd etməliyəm ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Onu da deyək ki, işğaldan azad olunmuş ərazilərdə Füzulidəki və Zəngilandakı hava limanla­rından əlavə, daha bir beynəlxalq status­lu aeroport tikilməkdədir. Bu liman Laçın rayonunun ərazisində inşa olunur.

Bütün bu tədbirlər, təbii ki, vətəndaşlarımızın ləyaqətli şəkildə öz yurdlarına qayıtmasına, onların işlə təmin edilməsinə, eləcə də regionun sosial-iqtisadi inkişafına hesablanıb.

Əziz ƏLƏKBƏRLİ,

Milli Məclisin deputatı

28 May 2022 03:05 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə