Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərpa-quruculuq işlərinin vüsəti Qarabağ və Şərqi Zəngəzurun işıqlı gələcəyindən xəbər verir

Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən sa­lınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğ­ma diyara qaytarmaqdır.

İlham ƏLİYEV

 Azərbaycan Respublikasının Prezidenti

 

Prezident İlham Əliyev Vətən müharibəsindən sonra işğalçılardan azad olunan rayon və şəhərlərimizə mütəmadi səfərləri zamanı vəhşicəsinə dağıdılan ərazilərimizdə aparılan tikinti, abadlıq-quruculuq işlərinin gedişi ilə maraqlanır, müvafiq tapşırıqlarını verir. Bu, dövlətimizin başçısının İkinci Qarabağ savaşında möhtəşəm qələbəmizdən ötən müddət ərzində erməni faşizminin yerlə bir etdiyi yaşayış sahələrimizin bərpasına prioritet istiqamət kimi yanaşdığını göstərir.

Qarabağ və Şərqi Zəngəzurda tikin­ti-quruculuq işləri getdicə geniş vüsət alır. İnfrastruktur obyektlərinin sürətlə inşası, tarixi-mədəni abidələrin bərpası, minatəmizləmə əməliyyatlarının miqya­sının genişləndirilməsi bu torpaqlarda yaşayış məhəllələrinin, inzibati binala­rın tikilməsinə əlverişli imkan yaradır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri də bərpa-quruculuq prosesinin davamlı xarakter almasından, gündən-günə daha geniş ərazini əhatə etməsindən xəbər verir.

Dövlətimizin başçısı və Birinci Vit­se-prezident səfər çərçivəsində əvvəlcə Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayılda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stan­siyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər. Sonra Zəngilan rayonuna gələrək, burada Beynəlxalq Hava Limanının və məscidin inşasında işlərin gedişi ilə maraqlanıb, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub və Zəngilan şəhərinin Baş planı haqqında məlumat alıblar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yo­lunun (Zəngəzur dəhlizi) tikintisi ilə bağlı verilən məlumatda Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan bu magistralın inşasının sürətlə davam etdirildiyi bildirilib. Eyni zamanda, baş­lanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən bu yolun birinci texniki dərəcəyə uyğun inşa olunduğu, magist­ralın ilk 77 kilometrlik hissəsinin 6, qalan 46,6 kilometrlik hissəsinin isə 4 hərəkət zolaqlı olacağı diqqətə çatdırılıb. Bütün bunlarla bərabər, yol boyunca inşa edilən üç avtomobil tunelindən birində qazma işlərinin artıq yekunlaşdığı, digərlərində isə davam etdirildiyi xatırladılıb.

Qeyd edək ki, bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublika­sı ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl rayo­nuna səfərləri çərçivəsində isə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində yerləşən Soltanlı stan­siyasının və “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimləri keçirilib.

Mərasimdə Soltanlı stansiyasından keçən və tikinti işləri qardaş Türkiyənin “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İş­letmesi” şirkəti tərəfindən həyata keçirilən dəmir yolu ilə bağlı verilən məlumatda xəttin uzunluğunun 110,4 kilometr olduğu, layihəyə əsasən yol boyunca 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltan­lı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 tunel, 41 körpü, 7 yolötürücü, 300-ə yaxın süni mühəndis qurğusu, rabitə və işarəvermə sistemi və elektrik təsərrüfatı tikintisinin planlaşdırıldığı qeyd edilib.

Bütün bunlarla bərabər, indiyədək yol boyunca 85 kilometr ərazinin minalardan təmizləndiyi, prosesin hazırda da davam etdirildiyi, dəmir yolu xəttinin yan yollarla birlikdə 60 kilometrlik hissəsinin tamam­landığı və bu məsafədə yük qatarlarının hərəkətinin gerçəkləşdiyi də diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin təməlini qoyduğu Soltanlı stansiyasında isə sərnişinlər üçün gözləmə zalı, rabitə, işarəvermə və digər xidməti otaqların yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci il fevralın 14-də dövlətimizin başçısı tərəfindən qoyulub. Layihənin gələn ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yolun inşasına 312 mil­yon 700 min manat vəsait ayrılıb.

“Cəbrayıl” enerji qovşağı­nın təməlqoyma mərasimində isə “Azərenerji” ASC-nin 330/110 kilovolt­luq bu infrastrukturu haqqında verilən məlumatda bildirilir ki, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyalarına, oradan isə Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, 1000 meqavat yükötürmə qabiliyyətinə malik olmaqla ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerjisisteminə qoşmaq, “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının, o cümlədən “BP Cəbrayıl” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyasını reallaş­dırmaq üçün 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının tikilməsi mühüm önəm daşıyır.

Bir çox dövlətlərin marağında oldu­ğu və beynəlxalq əhəmiyyət kəsb edən Azərbaycan-Türkiyə-Avropa ölkələrarası layihənin həyata keçirilməsi üçün üçmərhələli planlaşdırma aparılıb. Bunun üçün birinci mərhələdə istismar müddəti başa çatan və işğaldan azad edilən ərazilərə ən yaxın məsafədə yerləşən 330 kilovoltluq “Ağcabədi” və “İmişli” yarıms­tansiyaları genişləndirilərək, tamamilə yenidən qurulması nəzərdə tutulub.

Məlumatda, həmçinin qeyd edilib ki, “Ağcabədi” yarımstansiyasından 132 kilometr, “İmişli” yarımstansiyasından isə 130 kilometr məsafədə Cəbrayıla yüksək gərginlikli 330 kilovoltluq ötürmə xətti çəkiləcək. Ən əsası isə Cəbrayılda 330 kilovoltluq qovşaq yarımstansiyası tikiləcək. “Cəbrayıl” enerji qovşağının inşası nəticəsində Qarabağ və Şərqi Zəngəzurun yeni yaradılmış ötürücü elektrik şəbəkəsinin etibarlılığı və da­yanıqlılığı artırılacaq. İkinci mərhələdə Naxçıvanın ölkənin əsas enerjisistemi ilə əlaqələndirilməsi üçün “Cəbrayıl” qovşaq yarımstansiyasından Zəngəzur dəhlizini keçməklə muxtar respublikanın Şahtaxtı kəndinə 255 kilometr məsafədə ikidövrəli olmaqla 330 kilovoltluq ötürmə xətti çəkiləcək və 330 kilovoltluq “Şahtaxtı” ya­rımstansiyası tikiləcək. Üçüncü mərhələdə isə Azərbaycan, Naxçıvan, Türkiyə və Av­ropa enerji qovşağının yaradılması üçün Naxçıvanın Türkiyəyə yaxın ərazisində 330 kilovoltu 400 kilovolta keçirmək üçün Avropa enerji standartlarına uyğun əlavə çevirici yarımstansiya inşa ediləcək və Naxçıvandan Türkiyəyə 230 kilometr məsafədə ikidövrəli 400 kilovoltluq elektrik verilişi xətti çəkiləcək.

Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq prosesi çərçivəsində Zəngilanda görülən işlər də diqqət çəkir. Prezident İlham Əliyev və birinci xa­nım Mehriban Əliyevanın mayın 26-da bu rayona səfərləri zamanı Zəngilan Beynəlxalq Hava Limanında, Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış­lıq, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasiminin reallaşdırılması bunun parlaq ifadəsidir.

Xatırladaq ki, Zəngilan Beynəlxalq Hava Limanında da qısa müddətdə xeyli iş görülüb. Bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək bu aeroportun uçuş-enmə zolağı­nın uzunluğunun 3 min metr, eninin isə 60 metr olacağı nəzərdə tutulub.

Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşa­ğına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Həmçinin bu aeroport Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımın­dan strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın tezliklə beynəlxalq nəqliyyat-logistika habına çevriləcəyindən xəbər verir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın “Paşa Hol­ding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış­lıq zamanı isə bildirilib ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində digər ərazilərimizdə olduğu kimi, bu rayonda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən tövlə kimi istifadə olunub.

Yeri gəlmişkən, Zəngilan məscidinin bərpasının təməl daşı dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə ötən il aprelin 26-da qoyulub.

Dövlətimizin başçısı və birinci xanım Zəngilan rayonuna səfər çərçivəsində İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində də iştirak ediblər.

Zəngilan İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntıları əks etdirən Memorial Park­dan ibarət olacaq. İşğal Muzeyində ətraf mühitə vurulan ekoloji zərərlər, xüsusilə Zəngilan şəhərində ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara qarşı törədilən ekoloji terror aktları barədə məlumatlar diqqətə çatdırılacaq. Muzeyin ekspozisiyası müxtəlif audio və vizual texnologiyalardan istifadə etməklə təşkil olunacaq. Muzey binasının şüşədən hazırlanacaq fasadı­nın üzərindəki təsvirlər və naxışlar çinar yarpağına bənzəyəcək ki, bu da Zəngilan şəhərinin təbiətlə sıx əlaqəsini tərənnüm edəcək.

Zəngilan Zəfər Muzeyi isə Azərbaycan xalqının və şanlı ordumuzun 44 gün­lük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı əbədiləşdirən kompleks, həmçinin qazanılmış qələbəni müasir təqdimat metodları ilə insanlara çatdıran məkan olacaq. Muzeyin binasının çinar meşəsini xatırladacaq fasadı dünyada sahəsinə görə ikinci ən böyük təbii çinar meşəsi olan Zəngilan meşələrinə həsr olunacaq. Muzeyin foyesi vizual texnologiyalar vasitəsilə zəfərə həsr olunan məlumatları nümayiş etdirmək üçün sərgi məkanı kimi fəaliyyət göstərəcək.

Azərbaycanın ərazi bütövlüyü uğ­runda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə Zəfər Muzeyi binasının yanında qəhrəmanlarımızın adlarının qeyd olun­duğu beton hasar formasında “Memorial lövhə” yaradılacaq.

Hər iki muzey Azərbaycan xalqının ifti­xar və qürur mənbəyinə çevrilən şanlı or­dumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edən, beynəlxalq hüquqa uyğun ərazi bütövlüyünü gerçəkləşdirməyə nail olan Azərbaycanın haqq səsini dünyaya çatdı­ran təşviqat və informasiya mərkəzi kimi fəaliyyət göstərəcək.

Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı da təqdim olunub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev məlumat verərək qeyd edib ki, Baş plan komitənin sifarişi əsasında bu sahədə böyük təcrübəyə malik nüfuzlu beynəlxalq şəhərsalma qrupu–İsveçrənin “sa_partners” şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanıb.

Layihəyə əsasən, Zəngilan şəhəri beynəlxalq əhəmiyyətli Zəngəzur nəqliyyat dəhlizi ilə sıx əlaqələri olan stra­teji əhəmiyyətli yaşayış məntəqəsi kimi inkişaf etdiriləcək. Belə ki, Araz vadisinin yaxınlığında, həm Zəngəzur nəqliyyat dəhlizindən, həm də Zəngilan Beynəlxalq Hava Limanından cəmi 10 kilometr məsafədə yenidən qurulacaq şəhər yara­dılacaq əhəmiyyətli nəqliyyat şəbəkəsini müasir infrastrukturu ilə tamamlayacaq.

Şəhərin strateji əhəmiyyəti nəzərə alı­naraq Baş planda Zəngilanın beynəlxalq nəqliyyat dəhlizi ilə əlaqəsi olan logistika, turizm və ticarət mərkəzi, bərpaolunan enerji məkanı kimi inkişaf etdirilməsi də nəzərdə tutulur.

Baş planın konseptual əsasını “rahat yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi in­novasiyalar” kimi şəhər yanaşmaları təşkil edir. Gələcəyin şəhəri mənzərəli landşaftı, çayətrafı ictimai məkanları, sağlam ətraf mühiti sayəsində sakinləri və qonaqları üçün rahat həyat şəraiti ilə seçilməsi nəzərdə tutulur.

Şəhərin yerləşdiyi Oxçuçayın sahilində geniş parkın, həmçinin dağüstü parkın və daxili yaşıl dəhlizlərin salınması əhalinin asudə vaxtının səmərəli və maraqlı təşkili ilə yanaşı, təmiz ekoloji mühitin forma­laşmasına imkan yaradacaq. Burada “ağıllı şəhər” yanaşmasının tətbiqi, müasir texnologiyalardan və bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsi isə Zəngilanın yaşayış üçün əlverişliliyini artıracaq, nəqliyyat sistemini ekoloji təmiz, müasir və davamlı edəcək, onu iqtisadiyyatın inkişafı baxımından region səviyyəsində nümunəvi şəhərə çevirəcək.

Yuxarıda vurğulananlara əsaslanıb qeyd edə bilərik ki, Azərbaycan hazır­da özünün ən şərəfli, məsuliyyətli və tarixi dövrünü yaşayır. Prezident İl­ham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq layihələri xalqımızı tərəqqiyə, daha parlaq gələcəyə apa­rır. Bununla da dövlərimizin başçısının Prezident seçilərkən vəd etdiyi “hər bir azərbaycanlının Prezidenti olaca­ğı” sözlərinin dövlət başçısının titanik fəaliyyəti ilə artıq təsdiqləndiyi sübut edilir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

28 May 2022 03:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə