Ən son xəbərlər
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Qərbdən ərazilərin verilməsi ilə bağlı siqnalların gəldiyini açıqlayıb. UNİAN agentliyi yazır ki, M.Podolyak bu barədə “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, Avropada rusiyayönümlü lobbilər yavaş-yavaş başlarını qaldırmağa başlayıblar. “Bu gün müəyyən siyasi dairələr bizə atəşkəs, dondurulmuş münaqişə və sülh naminə ərazilərin bir hissəsinin təhvil verilməsi kimi təkliflərlə çıxış edir”, - deyə M.Podolyak bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri ölkəsinin bu qəbildən olan müzakirədə iştirak etməyəcəyini vurğulayıb.
Bu arada Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib ki, rəsmi Kiyev Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketinin tətbiqini hələ də təsdiqləməməsindən məyusdur.
Ukrayna XİN başçısı deyib ki, Macarıstan bu addıma “de-fakto” veto qoyub və sanksiyalar “havada asılı” qalıb.
D.Kuleba tərəfdaşlarına Kiyevin daha çox silaha ehtiyacı olduğunu vurğulayaraq deyib ki, Ukrayna və Rusiya orduları arasında ən böyük fərq məhz çoxtutulmalı raket sistemləri (MLRS) ilə bağlıdır. O bildirib ki, əsas diqqət bu sistemlərin təminatına yönəldilməlidir. Kuleba həmçinin qeyd edib ki, Ukrayna bu silahları almaq üçün müxtəlif ölkələrlə danışıqlar aparır.
Mahmud QƏRİBOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə