Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Müstəqillik Günü Londonda qeyd olunub

London şəhərinin mərkəzində, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinə məxsus məşhur “Lancaster House” kompleksində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi ziyafət keçirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi tərəfindən təşkil olunan rəsmi ziyafətdə 500 nəfərdən çox qonaq, o cümlədən Böyük Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson, Kraliça Ülyahəzrət II Elizabetin diplomatik korpus üzrə marşalı Alistair Harrison, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Bob Blekmen, Böyük Britaniya Lordlar Palatasının üzvü Lord David Evans, Lord Qurban Hüseyn, Lord Risbi, parlament nümayəndələri Afzal Xan, Devid Duquid və digərləri, çoxsaylı səfirlər və diplomatik korpusun təmsilçiləri, eləcə də ictimai xadimlər, biznes dairələri, Azərbaycan, türk və yəhudi diasporlarının nümayəndələri, Britaniya ictimaiyyətindən digər çoxsaylı qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının və Böyük Britaniyanın Dövlət himnləri soprano Oya Ergün tərəfindən canlı ifa olunub.

Sonra çıxış edən səfir Elin Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümünün qeyd edildiyini, müsəlman Şərqində ilk demokratik respublika olduğunu, qadınlara seçki hüququ verildiyini bildirib.

Səfir Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, tarixi hadisə olduğunu və xalqımızın daim müstəqillik prinsiplərinə sadiq qaldığını söyləyib.

O bildirib ki, AXC təsisçiləri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən dövlətimizi görsəydilər, heç şübhəsiz, fəxr edərdilər.

“Dünyada yaranan vəziyyət suverenliyin və ərazi bütövlüyünün nə qədər vacib amil olduğunu sübut edir. 30 il idi Azərbaycan bunu beynəlxalq aləmdə bildirirdi ki, ikili standartlar qəbul edilə bilməz. Azərbaycan məhz gələcək işğalların və münaqişələrin qarşısını almaq üçün həmişə beynəlxalq hüququ dəstəkləyir. Zaman göstərir ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri bu gün Avropanın enerji təhlükəsizliyinə olduqca böyük töhfə verir. Bu isə Azərbaycanın ali rəhbərliyinin yanaşmasının nə qədər strateji olduğunu bir daha sübut edir”, - deyə diplomat qeyd edib.

Səfir ikitərəfli münasibətlərin yüksək səviyyəsindən, Birləşmiş Krallığın Azərbaycanın işğaldan azad olunmuş ərazilərini minalardan təmizləməkdə və şəhərsalmada göstərdiyi dəstəkdən bir daha söz açaraq, Britaniyanın ölkəmizdə ən böyük xarici investor olduğunu xatırladıb və Kraliça II Elizabetin platin yubileyi ilə bağlı təbrik mesajını səsləndirib.

Böyük Britaniya Baş nazirinin ticarət elçisi baronessa Emma Nikolson iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə diqqət çəkib. Bakıya səfərləri barədə danışan E.Nikolson Heydər Əliyev Fondunda keçirilən görüşlərlə bağlı xatirələrini bölüşüb, dünya şöhrətli britaniyalı memarı Zaha Hadid tərəfindən layihələndirilən Heydər Əliyev Mərkəzinin paytaxtımızın gözəlliyinə rəng qatdığını, bu layihənin özlüyündə ikitərəfli münasibətlərin yüksək səviyyəsinin nümayişi olduğunu deyib.

Kraliçanın diplomatik korpus üzrə marşalı Alistair Harrison Birləşmiş Krallığın Nyu-Yorkdakı missiyasında çalışdığı zaman Azərbaycanın BMT-yə üzv olması prosesinin şəxsən şahidi olduğunu bildirib. O, müstəqil güclü Azərbaycanın uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində dayanıqlı inkişafa nail olduğunu diqqətə çatdırıb. Marşal Kraliça Ülyahəzrət II Elizabetin adından tədbir iştirakçılarına təbriklərini çatdırıb və “Royal Vindsor Hors Show”da Azərbaycan Atçılıq Federasiyasının möhtəşəm şou-kompozisiyasının ikitərəfli əlaqələrimizin hansı səviyyədə olmasının təzahürü olduğunu qeyd edib.

Sonra tədbir musiqi proqramı ilə davam edib.

Sonda qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları və şirniyyatları təqdim olunub.

26 May 2022 22:44 -

Köhnə versiyamızdan xəbərləri izlə