Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyəli professor ET Kardiologiya İnstitutunun əməkdaşları ilə görüşüb

Azərbaycan hər sahədə xarici ölkələrlə əməkdaşlıq əlaqələri aparmağa üstünlük verir.  Tibb sahəsində qardaş olkə Türkiyə ilə son dərəcə genişlənən əməkdaşlıq isə xüsusilə məmnunluq doğurur.

 Davamlı olaraq, ölkəmizin tibb mütəxəssisləri qardaş Türkiyənin ünlü xəstəxana və universitetlərində çalışan elm adamları ilə fikir və təcrübə mübadiləsi aparırlar. Mayın 25-də Türkiyə Cümhuriyyəti Səhiyyə Elmləri Universitetinin rektoru, professor Cevdet Erdöl  C.M.Abdullayev adına Elmi–Tədqiqat Kardiologiya İnstitutunun qonağı olub.

Görüş zamanı birgə fəaliyyət və layihə effektivliyi, kadrların yetişdirilməsi və tibbə dair digər məsələlər müzakirə edilib. Həmçinin Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, səhiyyə sahəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Tibb müəssisəsinin fəaliyyəti ilə tanış olduqdan sonra, professor Cevdet Erdöl əməkdaşlar qarşısında çıxış edib. İnstitutun alimləri və həkimləri çox böyük həvəslə professorun maraqlı çıxışını dinləyiblər.

Çıxış zamanı professor ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladıb. Azərbaycan və Türkiyə arasında tibb təhsili sahəsində mövcud olan səmərəli əməkdaşlıq əlaqələrindən söhbət açan professor C.Erdöl rəhbərlik etdiyi təhsil müəssisəsinin təkcə Türkiyədə deyil, bütün dünyada tanındığını bildirib. Qeyd edib ki, Səhiyyə Elmləri Universiteti Məktəbi Tibbiyye-i Şahane Külliyyəsi, Gülhanə Külliyyəsi, Somali Külliyyəsi, Filippin Külliyyəsi və Sudan Külliyyəsində tədris – təhsil verir. Universitet  universal təhsil proqramları üzrə tədris aparır.

Professor universitetin inkişaf tarixindən bəhs edərək söyləyib ki, onların verdiyi diplomlar bir çox ölkələrdə tanınır, məzunları isə dünyanın əksər yerlərində fəaliyyət göstərir. O, həmçinin əlavə edib ki, səhiyyədə informasiya –kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində artıq Türkiyədə hər kəsin sağlamlığı ilə bağlı bütün məlumatlar elektronlaşıb. Bu məlumatlarda vətəndaşların hansı xəstəlikləri keçirməsi, hansı xəstəxanalarda hansı müalicələri alması kimi məlumatlar da yerləşdirilir.

Elmi –Tədqiqat Kardiologiya İnstitutundan aldığımız məlumatda bildirilir ki, professor Cevdet Erdöl Azərbaycan Tibb Universitetində Şuşanın 270 illiyinə həsr olunmuş  “Təbabətin aktual problemləri” adlı beynəlxalq elmi – praktik konfransda da iştirak edib.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

26 May 2022 14:04 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə