Ən son xəbərlər
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında siyasi, təhlükəsizlik, enerji, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulmuşdur. Ölkələrimiz beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizə çərçivəsində əməkdaşlıq edirlər.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
ABŞ Prezidenti Cozef R.Bayden tərəfindən Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanlanan təbrik məktubu da ölkələrimiz arasındakı səmimi və sarsılmaz, qarşılıqlı maraqlar üzərində qurulan əlaqələrin tamamilə yeni mərhələyə qədəm qoyduğundan xəbər verir.
Cozef R.Bayden məktubunda cari il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini, bu müddət ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyini, Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığını bildirib. ABŞ Prezidenti bütün bunlarla yanaşı, Azərbaycanın Ukraynanın suverenliyinə və bu ölkəyə göstərdiyi humanitar və enerji sahəsində yardımını yüksək dəyərləndirib, eyni zamanda, dövlətimizin başçısının terrorizmə qarşı qlobal mübarizəyə yönəltdiyi əhəmiyyətli töhfələri müsbət qiymətləndirib.
Göründüyü kimi, sözügedən məktubda ABŞ-ın Azərbaycana münasibəti, iki ölkə arasında əməkdaşlığın mövcud durumu və gələcəyə yönələn ciddi mesajlar öz ifadəsini tapıb. Eyni zamanda, təbrikdə ikitərəfli münasibətlərdə və strateji baxışda respublikamızın gələcək inkişafı ilə bağlı düşüncələr yer alıb.
Yeri gəlmişkən, beynəlxalq aləmdə güclü təsir imkanlarına malik olan, dünyanın super dövləti sayılan ABŞ ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biridir. Etiraf edək ki, ABŞ planetimizin əsas güc mərkəzlərindən biridir və yeni dünya düzəninin formalaşmasında bu ölkənin kifayət qədər böyük rolu var.
Hazırda iki ölkə arasında strateji münasibətlər yüksək səviyyədədir. Siyasi və təhlükəsizlik məsələləri ilə yanaşı, enerji sahəsində də əməkdaşlıq çox müsbət dəyərləndirilir. Təbii ki, ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı təkcə ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə bağlı deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən milli dövlətçilik kursunun dönməzliyi ilə əlaqədardır.
Bu iki dövlətin strateji müttəfiqliyinin getdikcə yaxşılaşması, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. ABŞ Prezidentinin sözügedən təbrik məktubunda bununla bağlı deyilir: “İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır”.
Bu fikirlər Azərbaycanla ABŞ arasında təhlükəsizliyin diqqət mərkəzində saxlanılması ilə bərabər, enerji sektorunda da strateji əməkdaşlığın yüksək səviyyədə olmasından xəbər verir.
Beləliklə, Prezident Cozef R.Baydenin təbrik məktubu ABŞ Adminsitrasiyasnın Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməsi üçün Prezident İlham Əliyevlə bundan sonra da birgə çalışmaqda maraqlı olduğunu, ABŞ-Azərbaycan əlaqələrinin strateji önəm daşıyan münasibətlər səviyyəsinə yüksəldiyini, dostluq və tərəfdaşlıq xarakterini göstərir.
Azərbaycanla ABŞ arasında fəal siyasi dialoq, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur və qarşıdan gələn dövrdə Azərbaycanla müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişaf etdirilməsi ABŞ-ın Cənubi-Qafqaz-Xəzər dənizi regionunda siyasi prioritetləri sırasına daxildir.
Bütün bunlar Azərbaycanın Cənubi Qafqaz-Xəzər dənizi regionunda sülhün və sabitliyin qorunmasında maraqlı olduğunu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynadığını, bu istiqamətdə enerji layihələrinin reallaşdırılması və dayanıqlılığının təmin edilməsinə ciddi əhəmiyyət verdiyini göstərir. Bu baxımda Azərbaycanın liderliyi ilə həyata keçirilmiş Cənub Qaz Dəhlizi layihəsi də Avropanın enerji təhlükəsizliyinə, enerji mənbələrinin şaxələndirilməsinə və bütün iştirakçı tərəflərə fayda gətirən layihədir.
Azərbaycanda energetika sahəsində, xüsusilə bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə həyata keçirilən layihələr və müvafiq sahənin tənzimlənməsi məqsədilə hazırlanan qanun layihələri, həmçinin işğaldan azad edilmiş ərazilərin yaşıl enerji ilə təminatı planları Azərbaycan-ABŞ əməkdaşlıq münasibətlərinin yeni mərhələyə daxil olmasını şərtləndirib.
Azərbaycanla ABŞ arasındakı münasibətlərdən danışarkən, bir məqamı da vurğulamaq istərdik. Əvvəlcə xatırladaq ki, ötən il sentyabrın 27-dən noyabrın 9-dək rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları ilə əldə olunan parlaq qələbə nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz təmin edildi. Hazırda respublikamızın qarşısında duran ən ümdə məsələ bu zəfərin əbədiləşdirilməsi üçün doğma torpaqlarından 30 ilə yaxın bir müddətdə köçkün düşən insanların öz yerlərinə qayıdışını təmin etməkdir. Bu mənada işğaldan azad olunan ərazilərin bərpası zəruri şərtdir.
Artıq yeni reallıqların formalaşması bölgədə yeni beynəlxalq əməkdaşlıq formatının qurulmasını zəruri etməkdədir. İşğaldan azad olunan ərazilərdə sosial infrastrukturun yenidən yaradılması və əhalinin işlə təmin olunması üçün dövlət investisiyası ilə yanaşı, yerli və xarici investisiya da cəlb edilir. Böyük quruculuq işlərinə dost ölkələrin təşviq olunması siyasəti Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.
Dövlətimizin başçısı çıxışlarında dəfələrlə Qarabağın bərpası məsələsinə toxunarkən, bu işə müharibə dövründə, habelə savaşdan sonrakı mərhələdə Azərbaycanı fəal dəstəkləyən qardaş və dost ölkələrin cəlb edilməsinin diqqətdə saxlanılacağını bildirib.
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger də təmsil etdiyi ölkə şirkətlərinin Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpasında iştiraka hazır olduqlarını, xüsusilə su ehtiyatlarının idarə olunmasında, yol və digər infrastrukturun yaradılmasında, rəqəmsal və innovativ texnologiyalar sahəsində əməkdaşlığa maraq göstərdiklərini vurğulayıb.
Cozef R.Baydenin təbrik mətubundan bəhs edərkən, bir məqamı da xatırlatmaq istərdim. Belə ki, burada nə Dağlıq Qarabağ münaqişəsinin həllinə, nə də ATƏT-in Minsk qrupuna heç bir istinad yoxdur. Bu faktın özü də onu göstərir ki, ABŞ Prezidenti bu məsələ ilə bağlı Azərbaycanın məlum mövqeyini qəbul edir və ona hörmətlə yanaşır. Halbuki az bir müddət əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona etdiyi səfər zamanı dövlət katibi Entoni Blinkeni inandırmağa çalışırdı ki, “Dağlıq Qarabağ” münaqişəsi həll olunmayıb və bunun üçün ABŞ-ın ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etməyə ehtiyac duyulur. Ancaq Bayden indiki məktubla Ermənistanın heç bir dəyəri olmayan köhnəlmiş tezislərini deyil, Azərbaycanın real və praqmatik siyasətini müdafiə etməyə üstünlük verib.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə