Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq strateji xarakter daşıyır

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilmiş görüş sülh danışıqları istiqamətində irəliyə doğru yeni bir önəmli addımdır.

Şarl Mişelin açıqlamasına əsasən, görüşdə sərhədlərin delimitasiyası, kommunikasiyaların bərpası və sülh sa­zişinin hazırlanması ilə yanaşı, həm də Azərbaycan üçün strateji və humanitar əhəmiyyət daşıyan məsələlərin – mina­ların təmizlənməsinin, itkin düşmüş in­sanların taleyinin müzakirəsi də diqqət mərkəzində saxlanılıb.

Azərbaycan ilə Avropa İttifaqı arasın­da əməkdaşlığın inkişafında ölkəmizin xarici siyasətinin əsas prioritetləri üstün­lük təşkil etməklə bərabər, enerji, inves­tisiya, ticarət və s. məsələlər də mühüm önəm daşıyır. Hazırda bu beynəlxalq təşkilat respublikamızın əsas ticarət tərəfdaşlarından biridir. Ölkəmiz Avro­pa bazarlarında xam neft və təbii qaz nəqlini həyata keçirən etibarlı təchizatçı kimi tanınır və bu qurum ilə birgə müxtəlif proqramlar, habelə layihələr də uğurla reallaşdırılır.

Xatırladım ki, Avropa İttifaqının ümumi ticarət dövriyyəsində payı res­publikamızda 36,7, Gürcüstanda 23,9 faiz, Ermənistanda isə 18 faizdir. Avropa İttifaqı pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Azərbaycanda 2,6 milyard, Gürcüstan 1,2 milyard, Ermənistanda isə 1 milyard avro sərmayə qoyuluşu həyata keçirib.

Ölkəmizlə adı çəkilən təşkilat arasında ticarət dövriyyəsinin ötən il 15 milyard dollaradək yüksəlməsi, bütövlükdə ixracatımızın təxminən 48 yaxın hissəsinin İtaliyaya yönəlməsi Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş oldu­ğunu göstərir. Eyni zamanda, qurumun Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i Azərbaycanın payına düşür. Bu ba­xımdan respublikamız Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşı sayılır.

Regionda və eləcə də dünyada formalaşan yeni düzən fonunda Av­ropa İttifaqının Azərbaycana dəstəyi getdikcə artır. Qurum iqtisadi əlaqələri genişləndirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, o cümlədən bərpa və quru­culuq işlərində ölkəmizə daha yaxından dəstək göstərməyi planlaşdırır.

Son Brüssel görüşü də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır. Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan tərəfindən münaqişənin həllində Avropaya etimad göstərilir. Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha intensivləşməsini şərtləndirir.

Azərbaycan hər zaman Avropa ilə əməkdaşlığın genişlənməsinə önəm verir. Azərbaycanla bu qurum arasında iqtisadi əlaqələrin dərinləşməsində, köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasında ölkəmizin rolunun və əhəmiyyətinin daha da artması, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə dövlətimizin başçısı İlham Əliyev arasın­da intensiv dialoq və təmaslar, habelə təşkilatın bölgədə dayanıqlı sabitliyin əldə edilməsində rolunun artması da bundan xəbər verir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyi istiqamətində rolu da ötən illər ərzində xeyli dərəcədə güclənib. Ötən il ölkəmizdə 43,9 milyard kub­metr mavi qaz hasil olub. Bu, 2018-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Azərbaycan, eyni zamanda, 2018-ci illə müqayisədə mavi qaz ixracatını da 2 dəfə artırıb. Artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya mavi qazın nəqlinə başlanılıb.

Ötən il Avropa İttifaqına 9 milyard kubmetrə yaxın mavi qaz nəql edi­lib. Bu il həmin rəqəmin 10 milyard kubmetrdən artıq olacağı gözlənilir. Bu isə ondan xəbər verir ki, Azərbaycan da Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşmasında artıq yeni alternativ mənbədir. Təbii ki, bu, həm də tərəflər arasında əməkdaşlığın strateji xətlə inkişaf edəcəyini göstəririr.

Brüssel görüşünün nəticələrindən də bir daha aydın oldu ki, Cənubi Qafqazda dayanıqlı sülh mümkündür. İrəvandakı revanşistlərin bunu gec-tez qəbul edəcəkləri də qaçılmazdır. Artıq dünya və region düzəninin də dəyişməsi bu əminlikdən xəbər verir.

Vüqar BAYRAMOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

26 May 2022 08:47 -

Köhnə versiyamızdan xəbərləri izlə