Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regionda möhkəm sülhə doğru daha bir addım

Dünyada hansı geosiyasi proseslərin getməsindən asılı olmaya­raq, Azərbaycan inamla irəliyə addımlamaqda, Cənubi Qafqaz re­gionunda yaratdığı yeni reallıqlar sayəsində mövqelərini daha da möhkəmləndirməkdədir. Ölkəmizin beynəlxalq nüfuzunun artması əsas etibarı ilə Prezident İlham Əliyevin yürütdüyü fəal diplomatiyanın, sülhpərvər xarici siyasətin nəticəsidir. Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə ötən ilin dekabrından start götürən "Brüssel prosesi"nin uğura doğ­ru getməsi də bunun əyani sübutudur.

Bəri başdan bildirək ki, mayın 22-də artıq üçüncü dəfə baş tutan Brüssel görüşünün gündəliyi tamamilə Azərbaycanın regionda təhlükəsizliyin və rifahın təmin edilməsini diktə edən təşəbbüsləri əsasında formalaşmışdı. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin yekun bəyanatı da elə Azərbaycanın konstruktiv mövqeyi, əməli təşəbbüsləri ruhunda idi. Həmin çıxış yüksək qurumun Azərbaycanla Ermənistan arasında sərhədlərin deli­mitasiya və demarkasiyasına, iki ölkə arasında sülh müqaviləsinin hazırlanma­sına, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına və iqtisadi təmasların gücləndirilməsinə verdiyi dəstəyin, önəmin daha da gücləndiyini göstərdi. Azərbaycanın təkliflərinin Avropa İttifaqı tərəfindən birbəbir nəzərə alınması ölkəmizin düzgün seçilmiş strateji xəttinin bəhrəsidir.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bəyanatında müzakirələrin səmimi və məhsuldar keçdiyini vurğu­layaraq bildirdi: “Biz bütün məsələlər toplusunu nəzərdən keçirdik. Biz humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, məhbusların azad edilməsi və itkin düşmüş şəxslərin taleyinin həlli istiqamətində səylər barədə ətraflı müzakirə apardıq... Aİ dəstəyini gücləndirməyə hazırdır. Biz yaxın təmasda qalmağa razılaşdıq və iyul-avqustadək yenidən eyni formatda görüşəcəyik”.

Hələ ötən çıxışlarının birində Avropa İttifaqını Azərbaycan üçün yaxın tərəfdaş sayan dövlətimizin başçısı İlham Əliyev bunun uğurlu perspektivlər vəd etdiyini söyləmişdi: “Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox geniş­dir və bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır”.

Azərbaycanın əsas üstünlüyü bundadır ki, münasibətlərin normallaş­dırılması ilə bağlı bizim təşəbbüslərimiz mahiyyətcə sırf beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Rəsmi Bakı Qafqazda qarşılıqlı münasibətlərin yeni, tərəflərin hamısı üçün sərfəli modelini ortaya qoyur. Bölgədə aydın, buludsuz ab-hava yaradılması üzrə səylərimizə beynəlxalq təsisatların və siyasi güclərin dəstək göstərməsi olduqca zəruridir. Dövlətimizin başçısı Qarabağ münaqişəsinin artıq qapan­mış səhifə olduğunu, münasibətlərin normallaşmasına xidmət edən birgə fəaliyyətin vacibliyini öz çıxışlarında, bəyanatlarında dönə-dönə ifadə edib. Vacib olan budur ki, beynəlxalq güclər Ermənistana da məsələyə konstruktiv münasibət bəsləməli olduğunu anlatsın­lar. Bəllidir ki, bu ölkənin rəhbərliyi sözdə yola gəlsə də, əməldə sapıntılara rəvac verməklə prosesləri yubadır.

Məlum olduğu kimi, aprelin 6-da Brüsseldə keçirilmiş ikinci görüşdə Azərbaycan və Ermənistan rəhbərləri sülh sazişi üzərində işləməyə razılaşmış­dılar. Ondan bir qədər əvvəl Azərbaycan münasibətlərin normallaşdırılması üçün beş prinsip irəli sürmüş və Ermənistan onlara loyal cavab vermişdi. Lakin qarşı tərəfin bu barədə bəyanatlarından nikbin ton duyulsa da, sonradan ermənilər İrəvanda süni ajiotajlar yaradaraq məsələni, necə deyərlər, ertələmişdilər. Üçüncü Brüssel görüşündə isə yenidən gündəmə gələn bu məsələlər ətrafında bir daha işgüzar müzakirələr aparılıb, konstruktivlik işartıları daha qabarıq görünüb.

Sözsüz ki, bölgədə sülhə nail olun­masına çalışmaq bütün tərəflərin bor­cudur. Azərbaycan Vətən müharibəsini şanlı Zəfərlə başa vurduqdan sonra regionda sülh yaradılmasına intensiv səylər göstərir. Ermənistan isə 10 no­yabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda əks olunmuş və sonrakı bəyanatlarla bir daha möhkəmləndirilmiş öhdəliklərini yerinə yetirməyib. Kommunikasiyala­rın açılması, sərhədlərin delimitasiyası yubadılır, Birinci Qarabağ müharibəsində əsir düşmüş minlərlə azərbaycanlının taleyi və kütləvi məzarlıqlar haqda məlumat verilmir, işğal altında saxladığı ərazilərin mina xəritələri təqdim edilmir və s. Bu aspektdə Brüssel görüşlərinin, nəhayət, səmərəli olacağına, sözün əməli işə çevriləcəyinə ümidlər artır.

Prezident İlham Əliyev Brüsseldə qeyd etdi ki, Azərbaycan münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü beş baza prinsipi siyasi konsensusa gəlməkdə başlıca rol oynayır və qarşı tərəf yekun sülh danışıqları üzrə düşdüyü ətalət ov­qatından qurtulmalıdır. Çünki Ermənistan Rusiyanın iştirakı ilə imzalanmış məlum Bəyanatın bütün müddəalarını yerinə yetirməyə borcludur.

Brüsseldə Avroşura başçısı Şarl Mişel vasitəçilik və dəstək səylərini sonadək davam etdirəcəyini bəyan etməklə bərabər, bu prinsipial məsələyə daim konstrukliv yanaşma sərgilədiyinə görə Azərbaycan rəhbərinə təşəkkürünü bildirdi. Göründüyü kimi, Aİ həqiqətən də vasitəçilik təşəbbüsünü əldən vermək istəmir və hər vasitə ilə sülh razılaşması­na nail olmağa çalışır.

Beşsaatlıq üçtərfli görüşdə bir daha sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması və sülh müqaviləsi ilə bağlı zəruri nəticələrə gəlindi. Razılığa görə, tezliklə Azərbaycanla Ermənistanın sərhəd komissiyalarının ilk birgə iclası keçiriləcək. Həmçinin nəqliyyat xətləri ilə bağlı bir sıra mübahisəli məsələlər də öz həllini tapdı. Məsələn, sərhəd idarəçiliyi, təhlükəsizlik, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük rüsum­ları və qaydaları barədə tərəflər arasın­da razılıq əldə olundu. Bu, Zəngəzur dəhlizinin açılması istiqamətində vacib bir mərhələni təşkil edir.

Sammitdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev delimitasiya üzrə milli komissiyanın yaradılması haqqın­da sərəncamı imzaladı. Ermənistanın baş naziri Nikol Paşinyan da həmin gün müvafiq komissiyanın yaradılmasını öz fərmanı ilə təsdiqlədi. Göründüyü kimi, üçüncü Brüssel görüşü artıq öz bəhrəsini verir. Bu baxımdan mayın 24-də Avro­pa İttifaqı Şurasının Prezidentinin öz “Twitter” hesabındakı paylaşımı diqqəti cəlb edir. Şarl Mişel həmin seqmentdə yazıb ki, bu gün Ermənistan-Azərbaycan sərhədində dövlətlərarası sərhədin deli­mitasiyası və vəziyyətin təhlükəsizliyinin ən yaxşı şəkildə təmin edilməsi ilə bağlı müzakirələrin aparılması üçün Sərhəd Komissiyasının ilk iclasını səmimiyyətlə qarşılayır: “Bu, Azərbaycan Prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən son­ra nəzərəçarpacaq irəliləyişdir”.

Ümid var ki, proses lazımi axara düşəcək və bu yöndə əməli addımlar davam edəcək. Reaksiyalardan görü­nür ki, dünya da bunu istəyir. Məsələn, əksər vaxtlar aşkar ermənipərəst mövqe nümayiş etdirmiş Fransa Avropa Şura­sının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mayın 22-də Brüsseldə təşkil olunmuş görü­şün nəticələrini alqışlayır. Fransa Xarici İşlər Nazirliyinin yaydığı kommunikedə bildirilib ki, bu görüş tərəflərə sərhəd məsələləri üzrə ikitərəfli komissiyanın sürətli iclası barədə razılığa gəlməyə imkan verdi. Fransa isə Avropa İttifa­qının himayəsi altında Ermənistan və Azərbaycan arasında başlanmış dialoqu dəstəklədiyini bir daha təsdiqləyir və bu dialoqa öz imkanları daxilində töhfə verməkdə davam edəcək.

Burada ermənilərin, deyəsən, real­lıqla barışmaqda olduqlarına dair xırda bir detalı da qeyd etmək istərdik. “New Armenia” TV-də yayımlanan süjet zama­nı lentə alınmış bir görüntü diqqət çəkib. Orada arxa fonda əks olunan xəritədə Azərbaycanın bölgələri göstərilib və maraqlı məqam həmin bölgələr ara­sında Xankəndinin adının da məhz elə Azərbaycan dilində qeyd olunması olub. Özləri demişkən, “kamas-kamas” (ya­vaş-yavaş) düzəlirlər, deyəsən.

Prezident İlham Əliyevin dedi­yi kimi, biz münasibətləri gerçəklik müstəvisində normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik. Əlbəttə, bütün bunlar o an­lama gəlmir ki, Azərbaycan onilliklər boyunca Ermənistandan çəkdiklərini asanlıqla unudacaq və Ermənistana dostluq əli uzadacaq. Belə düşünmək sadəlövhlük olardı. İndilikdə biz yalnız münaqişəyə son nöqtə qoymaq və dinc yanaşı yaşamaq məramı nümayiş etdiririk. Erməni işğalçılarının Qara­bağda törətdiyi cinayətlər isə cəzasız qalmamalıdır. Ermənistan mətbuatının ötən günlərdə yazdığına görə, Brüsseldə Azərbaycan Prezidenti Ermənistanın baş nazirindən Birinci Qarabağ savaşı, ən əsası isə Xocalı qətliamında iştirak etmiş yüksək çinli erməni hərbçilərinin cinayət məsuliyyətinə cəlb edilməsini, habelə onların Azərbaycana təhvil verilməsini tələb edib. Revanşist yönümlü “Hrapa­rak” qəzeti yazır ki, İlham Əliyevin Nikol Paşinyandan tələb etdiyi şəxslər gene­rallar Manvel Qriqoryan, Aşot Minasyan, Yuri Xaçaturov, Seyran Ohanyan və Qnel Manukyandır. Bundan başqa, daha bir neçə polkovnik və polkovnik leyte­nantın da Azərbaycana təhvil verilməsi istənilib. (Qeyd edək ki, yalnız Qnel Ma­kukyan istisna olmaqla, adları sadalanan erməni generallarının hamısı sağdır)...

Brüssel görüşü kifayət qədər əhatəli müzakirələrlə yadda qaldı. Sammitin konkret detalları da nikbinlikdən xali deyil. Məsələn, razılığa görə, tezliklə Azərbaycanla Ermənistan sərhəd komis­siyalarının ilk birgə iclası keçirilməli idi və bu, baş tutdu. Həmçinin nəqliyyat xətləri ilə bağlı bir sıra mübahisəli məsələlər də öz həllini tapmalıdır. Buraya sərhəd idarəçiliyi, təhlükəsizlik, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük rüsumları və qaydaları barədə tərəflər arasında razılıq əldə olunması daxildir. Bunlar Zəngəzur dəhlizinin açıl­ması istiqamətində vacib bir mərhələni təşkil edir.

Yadda qalan və rəğbət doğuran qarşılanan məqamlardan biri heç bir halda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi oldu ki, bu da İkinci Qarabağ müharibəsində qazandığı­mız tarixi qələbənin reallıqlarından biridir. Beləliklə, Nikol Paşinyan real­lıqla barışmaq məcburiyyətində qalıb. Artıq erməni revanşistlərinin “xalqların müqəddəratını təyin etmə hüququ” deyərək ətrafında hay-küy saldıqları “status” məsələsi də gündəmdə yoxdur. Ermənilərin müqəddəratı isə məlum olduğu kimi, ötən əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarında respublika yaradılması ilə öz təyinatını tapıb. Şarl Mişelin yekun bəyanatında Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi, hüquqları və digər məsələlərin müzakirə edildiyini bildirməsi o deməkdir ki, yalnız onların bir icma olaraq Azərbaycanın digər vətəndaşları kimi hüquqlarından söhbət gedə bilər.

Brüsseldə tərəflərin böyük sülh sazişinin imzalanması üçün mün­bit şəraitin təmin edilməsi naminə prosesləri sürətləndirilmək barədə razılıq əldə etməsi məhz cənab İlham Əliyevin diplomatik uğuru sayılır. Avropa İttifaqının Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması naminə əməli addımlar atır. Mötəbər beynəlxalq təsisat əlindən gələni edir ki, iki ölkə arasında sülh müqaviləsi imza­lansın və xalqlar arasında etimad mühiti formalaşsın. Bu isə həyatın və zamanın tələbidir.

Bir sözlə, sayca üçüncü Brüs­sel görüşü Azərbaycan–Ermənistan münasibətlərinin sağlam bazis üzərində intişar tapması istiqamətində atılmış daha bir uğurlu addımdır.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

26 May 2022 08:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə