Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlətin şəhid ailələrinə və qazilərə qayğısı əhatəlidir

Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsinin təmin olunması, onların cəmiyyətə inteqrasiyasına və məşğulluğuna dəstək verilməsi Prezident İlham Əliyevin sosial siyasətinin mühüm tərkib hissəsidir. Ölkəmizdə bütün dövrlərdə, xüsusilə 44 gün­lük müharibə bitdikdən sonra dövlətin şəhid ailələrinə, qazilərə hərtərəfli dəstəyi məmnunluq yaradır. Qazilər, həmçinin şəhid ailələri bütün ehtiyaclarının qarşılanması, problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması baxımından tam qayğı ilə əhatə olunublar. Onlardan ehtiya­cı olanlar son nəsil protezlərlə təmin olunub, bəziləri xarici ölkələrdə müalicə kursu keçib, Prezident təqaüdü, müxtəlif məbləğlərdə müavinət və pensiyalar alırlar.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı çərçivəsində şəhid ailələri və qazilər üçün kiçik təsərrüfat və müəssisələrin yaradılması işləri davam etdirilir. Son bir həftə ərzində bu kateqoriyalardan olan 100-ə yaxın şəxsə proqramın dəstəyi olaraq mal və material­lar formasında aktivlər verilib. Bu kömək hesabına onlar kənd təsərrüfatı və istehsal-xidmət sahələri üzrə kiçik bizneslərini yaradıblar. Qeyd edək ki, özünüməşğulluq proqramına cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.

Ölkəmizdə aztəminatlı və həssas kateqoriyadan olan şəxslərin işlə təmin olunmala­rına, kiçik biznes qurmalarına imkan verən özünüməşğulluq proqramından başqa, Dövlət Məşğulluq Agentliyinin (DMA) icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı da həyata keçirilir. Həmin proqram üzrə son günlərdə daha 546 işsiz şəxsə iş yerlərinə göndərişlər ve­rilib. Qeyd edək ki, proqram üzrə ötən dövrdə 270-dək işəgötürənlə əməkdaşlığa başlanıb və onlarla müqavilələr imzalanıb. Həmin müqavilələr üzrə əsasən şəhid ailəsi üzvləri və qazilərdən ibarət 750 şəxs işlə təmin edilib. İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bununla da onlar gələcək sosial təminat hüquqlarına əsas yaradan sosial sığorta sistemində iştiraka cəlb olunublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “PAŞA Bank” və ADA Universitetinin birgə icra etdiyi, əlilliyi olan şəxslərin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına xidmət edən “PAŞA Bank ilə başla” layihəsinin yekunlarına dair keçirilən tədbirdə ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinin, onların cəmiyyətə inteqrasiya­sına və məşğulluğuna dəstək verilməsinin Prezident İlham Əliyevin sosial siyasətinin mühüm tərkib hissəsi olduğu vurğulanıb. Bildirilib ki, bu istiqamətlərdə ardı­cıl addımlar atılır. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradı­cılıq Mərkəzi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Həmçinin “PAŞA Bank ilə başla” layihəsi də əlilliyi olan şəxslərin bilik və bacarıqlarının, məşğulluq imkanlarının artırılma­sına öz töhfəsini verir. Layihənin ölkəmizdə həssas əhali qrupları, o cümlədən əlilliyi olan şəxslərlə bağlı aparılan dövlət siyasətinin icrasına dəstək məqsədi daşıdığı vurğulanıb.

Qeyd edək ki, layihə üzrə keçirilən təlimlərin yekununda bilik səviyyəsinin yoxlanılması məqsədi ilə təşkil edilən imtahanlardan 68 nəfər uğurla keçib. Layihənin yekun mərhələsində 20 iştirakçı isə bir neçə şirkətdə təcrübə qazanmaq imkanı və iş yeri əldə edib. “Korporativ DOST” könüllü altproqramı çərçivəsində də layihə üzrə 7 sessiyadan ibarət təlimlər təşkil olunub. Təlimlərdə əlilliyin qiymətləndirilməsi strategiyaları və tibbi-sosial reabilitasiya, DOST Agentliyi tərəfindən əlilliyi olan şəxslərə göstərilən xidmətlər, əlilliyi olan şəxslərin işə qəbul pro­seduru, sosial xidmət sahəsində əlilliyi olan şəxslərə göstərilən xidmətlər və s. mövzular tədris olunub. Tədbirdə əlilliyi olan şəxslər layihənin onların peşəkar inkişafına verdiyi dəstəkdən məmnunluq ifadə ediblər.

Həssas qruplara xidmət səviyyəsini daha da artırmaq məqsədilə Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə şəhid ailəsi üzvləri və müharibə iştirakçılarından ibarət 32 729 şəxsə xidmətlər göstərilib. 142 Çağrı mərkəzi tərəfindən isə həmin mərkəzlərə aid məsələlər üzrə 89 334 vətəndaş müraciəti cavablandırılıb. Xatırladaq ki, ötən ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli­yinin tabeliyindəki DOST Agentliyi­nin mərkəzlərində və Dövlət Sosial Müdafiə Fondunun bölgələrdəki filiallarında 50-yə yaxın şəhər və rayonu əhatə edən üzrə vahid əlaqələndirmə mərkəzləri açılıb. Bu mərkəzlərdə 50-dən çox qurum üzrə 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir. Həmçinin 142 Çağrı mərkəzi vasitəsilə və səyyar formada da xidmətlər həyata keçirilir.

Onu da xatırladaq ki, ƏƏSMN tərəfindən başladılan, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi ilə həyata keçirilən “Məşğulluq ma­rafonu” çərçivəsində şəhid ailəsi üzvlərinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı işləri davam edir. Marafona qoşulan işəgötürənlərin sayı artaraq 642-yə çatıb. Həmin işəgötürənlərdən 342-si dövlət, 300-ü özəl sektora aiddir. İşəgötürənlər tərəfindən marafona 4 min 363 vakansiya təqdim edilib. Həmin vakansiyalar üzrə artıq 2 min 275 nəfər işlə təmin edilib. Onlardan 1 min 888 nəfəri qazi, 387 nəfəri isə şəhid ailəsi üzvüdür.

II Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri və müharibənin iştirakçıları (o cümlədən müharibə əlilləri) ilə bağlı dövlət tərəfindən həyata keçirilən sosial dəstək paketinin bir istiqaməti də onla­ra sosial ödənişlərin təyinatıdır. Postmüharibə dövründə həmin kateqoriyalara aid 93 min şəxsə aylıq sosial ödənişlər (Prezidentin aylıq təqaüdü, müavinət və pen­siya) təyin olunub, sosial ödəniş təyinatları üzrə ümumilikdə 104 min xidmət göstərilib. Qeyd edək ki, təyinat prosesi şəhid ailələrinin üzvlərinin və müharibə iştirak­çılarının heç bir müraciəti olma­dan, elektron sistem üzərindən, proaktiv qaydada aparılır. Sosial ödənişlər avtomatik təyin olun­duqdan sonra həmin şəxslərə bu barədə, həmçinin ödəniş kartla­rını nə zaman və hansı bankdan əldə edəcəklərinə dair məlumat göndərilir.

Sosial Xidmətlər Agentliyi postmüharibə dövründə daha 40 nəfər müharibə əlilini peşə reabilitasiyasına cəlb edib. Onlar üçün Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində müxtəlif peşələr üzrə kurslar təşkil olunub. Bir qrupu kursları bitirərək müvafiq peşə şəhadətnamələri əldə ediblər. Digərlərinin isə peşə-reabilitasiya kursları davam edir. Peşə kursu keçən qazilərdən 3 nəfəri Türkiyənin Antalya şəhərində əlilliyi olan şəxslər üçün keçirilən tədbirdə də iştirak ediblər. Məlumat üçün bildirək ki, mərkəzə qəbul olunanlar peşə təlimində olduqları müddətdə burada dövlət hesabına yataqxana, yemək, tibbi–fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar.

Vətən müharibəsində ya­ralanmış və müalicə kursları bitmiş hərbi qulluqçuların əlillik vəziyyətinin qiymətləndirilməsi işləri də davam edir. Həmin hərbi qulluqçuların ilk mərhələdə əyani müayinəsi keçirilməklə, Müdafiə və Ədliyyə nazirlikləri, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Ko­missiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəssisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil edilir. Bundan sonra yekun mərhələ olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir­liyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi qiymətləndirir.

Qeyd edək ki, Vətən müharibəsində yaralanmış 2 min 885 hərbi qulluqçuya ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub. Sonra onlara əlilliyə görə aylıq sosial ödənişlər (Prezidentin təqaüdü, pensiya, müavinət) təyin olunub, habelə birdəfəlik sığorta ödənişləri verilib.

Dövlət tərəfindən bu qədər qayğı ilə əhatə olunmuş şəhid ailəsi və qazilərin bütün problemləri həm də ayrı-ayrı xeyriyyəçi təşkilatlar, fondlar tərəfindən həll edilir, məişət qay­ğıları aradan qaldırılır. Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, uğrunda qan tökdüyü torpağının işğaldan azad edilməsi yolun­da bədən üzvlərini itirib, şərəfli qazi adını qazananlar, həmçinin qəhrəman şəhid ailələrinin bəziləri bu müqəddəs adları ucuzlaşdırırlar. Qazi, şəhid ailəsi adından istifadə edib, qanu­nazidd hərəkətlər edir, sosial şəbəkələrdə kimlərinsə fitvasına uyaraq, dövlətin onlara biganə olduğunu, problemlərinə laqeyd yanaşıldığını dilə gətirirlər.

Cəmiyyət olaraq hamı bu işdə birləşməli, istər real həyatda, istərsə də sosial şəbəkələrdə belə hallara yol verilməməsi üçün ne­qativ hallarla rastlaşdıqda, həmin şəxslərə hərəkətlərinin doğru olmadığını başa salmalıyıq. Onlar anlamalıdırlar ki, qan bahasına qazanılan şərəfli ad ayaqlar altına atılmamalıdır. Dövlətin onlara göstərdiyi diqqət və qayğını heç etmək nankorluqdur. Əziz qazilərimiz, baş tacımız olan şəhid ailələri, yanlışlığı özünüzə yaraş­dırmayın. Sizin adınız bütün fəxri adlardan və titullardan üstündür!

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

26 May 2022 09:45 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə