Ən son xəbərlər
Bakıda Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest” həyəcanı yaşanır. 2018-ci ildən etibarən hər il keçirilən aerokosmik və texnologiya festivalı ikinci dəfədir ki, Azərbaycanda təşkil olunur. Mayın 26-27-də “TEKNOFEST Azərbaycan” Festivalı çərçivəsində keçiriləcək “Take Off Baku” Startap Sammitində beynəlxalq ekspertlər, mentorlar, investorlar iştirak edəcəklər. Sammit çərçivəsində yerli və beynəlxalq tərəfdaşlardan ibarət münsiflər heyəti 50 startap arasından yarım final və final mərhələsinin qaliblərini seçəcəklər. “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində keçirilməsi planlaşdırılan festivalın bu dəfə də böyük maraqla qarşılanacağı şübhə doğurmur.
Festivalın təşkilatçıları “Türkiyə Texnologiya Komandası”-T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir. Yarışlarda beynəlxalq iştirakçıların da iştirak edəcəyi bilinir. Dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar texnologiya müsabiqələrinə qatılacaqlar. Akademik tərəfdaşlar isə ADA Universiteti, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasıdır.
Festivalın məqsədi aviasiya, kosmik sənaye və rəqəmsal iqtisadiyyat kimi sahələrin populyarlaşdırılması, sahibkarlığın bu sahələrdə təşviq edilməsi, gənc mühəndislərin festival çərçivəsində təşkil olunan müsabiqələr vasitəsilə bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim edilməsidir. Bununla yanaşı, festivalı, həmçinin gənc nəslin dizayn, mühəndislik, ixtiraçılıq fəaliyyətinə hazırlanmasına, Azərbaycanın innovativ iqtisadiyyatı üçün intellektual potensialın qorunmasına və inkişafına yönəlmiş texniki və texnoloji yaradıcılıq sahəsində kompleks müsabiqə kimi də qiymətləndirmək olar.
“Teknofest” mühəndislik ixtisaslarını gənclər arasında populyarlaşdırmaq, tələbələrin elmi-texniki yaradıcılığını inkişaf etdirmək baxımından da çox əhəmiyyətlidir. Eyni zamanda, festival gənclərin yüksək texnologiyalara və tədqiqat fəaliyyətlərinə davamlı marağının inkişafına, onların informasiya və texnoloji mədəniyyətinin təkmilləşdirilməsinə, texniki vasitələrdən və texnoloji üsullardan gündəlik həyatda istifadə bacarıqlarının formalaşdırılmasına öz töhfəsini verir.
Festivalın böyük maraqla izlənəcəyi indidən məlumdur. Belə ki, festivalda, ümumilikdə, 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır. Festival çərçivəsində keçiriləcək müsabiqələr böyük maraqla qarşılanır. Məsələn, “Baku Skills” müsabiqəsi iştirakçıların 3D çap texnologiyasında istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir. Məlum olduğu kimi, 3D çapın akademik sahələr üzrə bir çox istifadə üsulu var: biologiya tələbələri orqanları çap edə, kimya tələbələri 3D çap ilə molekulları öyrənə, qrafik dizayn tələbələri 3D versiyası ilə öz məharətlərini sərgiləyə, tarix tələbələri tarixi əsərləri çap edə və memarlıq tələbələri də binaların 3D model dizaynını hazırlaya bilərlər. 3D çap mahiyyətcə yaradıcıdır, tələbələrə CAD proqram təminatından istifadə edərək 3D çap, dizayn vasitəsilə problemləri necə həll etmək barədə düşünməyə fürsət verir. Təşkilatçılar bildirirlər ki, bu müsabiqə 3D çap üzrə həvəskarların işə başladıqlarında qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək.
Festival çərçivəsində keçiriləcək “Yaşıl texnologiyalar” müsabiqəsinin də maraqla keçəcəyi bildirilir. “Resursların qorunması – davamlılığın açarıdır”,– deyən festival təşkilatçıları vurğulayırlar ki, bu gün istifadə olunan texnologiyalar ətraf mühitə, qlobal ekologiyaya və gələcək nəsillərin sağlamlığına təhlükə yarada bilər. Əlbəttə, hazırda təbii sərvətlərin ehtiyatlı istifadəsi və gələcək nəsillərə ötürülməsini təmin edə bilən uyğun layihələr dəstəklənir və bu baxımından “Yaşıl texnologiyalar” müsabiqəsində bərpa olunan enerji mənbələrindən istifadə etmək, bərpa olunan enerji mənbələrinin həssaslığını artıracaq texnologiyaları aşkarlamaq və istifadəsində müasir texnologiyalarının təkmilləşdirilməsi, sıfır tullantı hədəfinin həyata keçirilməsini asanlaşdıracaq texnologiyaların aşkar edilməsi məsələləri diqqət mərkəzində saxlanılacaq. Bütün bunlar sənaye sahəsində enerji səmərəliliyini artırmaq baxımından böyük əhəmiyyət əhəmiyyət daşıyır.
Təşkilatçılar “TEKNOFEST Azərbaycan” Festivalı çərçivəsində “Smart Qarabağ” Hakatonu müsabiqəsi üzrə Azərbaycandan 131 nəfərin beynəlxalq tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçdiyini bildirirlər. Azərbaycan vətəndaşları ilə yanaşı, “Smart Qarabağ” Hakatonunda iştirakla bağlı Türkiyə Respublikasından 57 müraciətin daxil olduğu da qeyd edilir.
Belə bir müsabiqənin keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyəti var, çünki hazırda azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələri həyata keçirilir. “Bir şəhəri nə ağıllı edir?” sualına cavab axtaran təşkilatçılar bildirirlər ki, ümumilikdə, “ağıllı şəhər” “şəhər daxilində olan əməliyyatları daha yaxşı başa düşmək, onları idarə edə bilmək və məhdud resursların optimallaşdırılması” kimi şərhləndirilir. Bununla yanaşı, “ağıllı şəhər” əməliyyat səmərəliliyini artırmaq, məlumatı ictimaiyyətlə bölüşmək və daha keyfiyyətli dövlət xidmətləri və vətəndaşların rifahını təmin etmək üçün informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi kimi qiymətləndirilir. Buna görə də, Qarabağın dirçəliş proqramında yaxından iştirak etmək istəyən və “ağıllı şəhər” konsepsiyasına dair innovativ layihələri olan tələbələr, startaplar və sahibkarlar üçün “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində unikal təqdimat imkanı yaradılır. “Əşyaların interneti”, bulud texnologiyaları, süni zəka, maşın öyrənməsi və digər aparıcı texnologiyaları özündə cəmləşdirən “ağıllı şəhər” konsepsiyası üzrə keçiriləcək “Smart Qarabağ” Hakatonu təhsil, kənd təsərrüfatı, nəqliyyat, ev təsərrüfatı, enerji sərfiyyatı, su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrini əhatə edir. “Smart Qarabağ” Hakatonunda müvafiq sahələr üzrə ən səmərəli həll yollarını təqdim edən gənclərə pul mükafatları da təqdim olunacaq.
Festival çərçivəsində “Take Off Baku” adlı beynəlxalq startap sammiti də keçiriləcək. Bu sammit Azərbaycan startaplarının qlobal inteqrasiyasına dəstək istiqamətində beynəlxalq ekspertlər, mentorlar, investorlar və Vençur fondlarla birgə əməkdaşlıq üçün əlverişli mühit formalaşdıracaq. Sammit çərçivəsində yerli və beynəlxalq tərəfdaşlardan ibarət münsiflər heyəti 50 startap arasından yarımfinal və final mərhələsinin qaliblərini seçəcəklər. Bundan başqa, “Take Off Baku” startap sammitdə startapçılara təqdimatla çıxış etmək, B2B formatda görüşlər keçirmək və panel müzakirələrdə iştirak etmək imkanları yaradılacaq. “Planer” adlı müsabiqənin isə gənclərin təyyarə modeli hazırlamasına və təyyarə konstruktoru qabiliyyətinin inkişafına yönəldildiyi bildirilir. İştirakçılara əfsanəvi “ASW 28” planerinin dəqiq surətinin yığılması, ona elektron sistemlərin, naviqasiya sistemlərinin, xüsusi kameralar və qurğuları göyərtə yükü şəklində əyləncəli, yarı peşəkar müsabiqə təklif olunur. Bütün bu proses iştirakçılardan hər qrama qədər həllərin dəqiqliyinə diqqət yetirməyi tələb edəcək, eləcə də təyyarənin dizaynını necə düzəltməyi, bort avadanlığı və telemetriyanı başa düşməyi, proqramlaşdırmağı və avtonom uçuş yaratmağı, həmçinin müxtəlif sensorlar və faydalı kameralar vasitəsilə uçuş zamanı ərazi məlumatlarını toplamağı öyrədəcək.
Xüsusilə qeyd etmək lazımdır ki, Ikinci Qarabağ müharibəsində Azərbaycan fəal şəkildə pilotsuz uçuş aparatlarından istifadə etdi. Azərbaycan Ordusu tabeliyində olan müasir silahları tətbiq etməklə döyüşlərin ilk saatından başlayaraq, düşmənə ağır zərbələr endirdi. Düşmənin çoxlu sayda texnikasını, artilleriya sistemini, ilk olaraq hava hücumundan müdafiə sistemini məhv etdi. Bununla yanaşı, hücum dronlarının istifadəsinin miqyası və intensivliyi baxımından Azərbaycanın yürütdüyü əməliyyat dünya tarixinə yenilik kimi düşdü. Döyüş meydanında belə miqyasda dronlardan istifadə edilməsi canlı qüvvə itkisinin də minimuma endirilməsinə şərait yaratdı. İkinci Qarabağ müharibəsində Azərbaycan hərbçilərinin yüksək peşəkarlıq nümayiş etdirməsi, PUA-ların Qarabağda mükəmməl tətbiqi barədə dünya mətbuatında geniş işıqlandırıldı. Həmin xarici məqalələrdə Vətən müharibəsində Türkiyə istehsalı olan zərbə dronlarının (“Bayraktar TB2”), İsrail istehsalı olan kamikadze dronların (“HAROP”) çoxunun təəccübünə səbəb olduğu vurğulandı. Yazılarda digər münaqişələrdən fərqli olaraq, Qarabağda PUA-ların “Yer-Yer” sinfinə aid olan artilleriya və raket sistemləri ilə koordinasiya şəklində tətbiq edilməsi də bildirildi. Hərbi ekspertlər də xüsusi olaraq Azərbaycan hərbçilərinin göstərdiyi peşəkarlıq nəticəsində Ermənistan tərəfinin ağır itkilər verdiyini vurğuladılar. Bu mənada festival çərçivəsində keçiriləcək “Planer” müsabiqəsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.
Bir sözlə, Bakı növbəti möhtəşəm tədbirə evsahibliyi edəcək. Dörd gün ərzində keçiriləcək festivalda həm Azərbaycan, həm də Türkiyənin texnoloji yenilikləri təqim olunacaq. Azərbaycanda texnologiyaların inkişafının prioritet məsələlərdən biri olduğunu nəzərə alsaq, o zaman qeyd etmək olar ki, “TEKNOFEST Azərbaycan” Festivalı gənclərin texnologiyaya marağının artırılması baxımından böyük əhəmiyyət daşıyır. Bu, eyni zamanda, Azərbaycanın texnoloji biliklərinin daha geniş müstəvidə müzakirə olunmasına və yayılmasına zəmin yaradacaq.
Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə