Ən son xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bu günlərdə ölkəmizdə səfərdə olan Türkiyənin Bank-Maliyyə və Sığorta İşçiləri Həmkarlar İttifaqının (BASİSEN) sədri Mətin Tiryakioğlunu qəbul edib. Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərindən, hər iki ölkənin həmkarlar ittifaqları arasındakı qarşılıqlı-səmərəli əlaqələrdən və əməkdaşlığın perspektivlərindən danışılıb.
AHİK sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri məqsədyönlü siyasət sayəsində ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyəyə çatıb, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə qədəm qoyub. Səttar Möhbalıyev Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun rəhbərinin ölkəmizə göstərdiyi mənəvi-siyasi dəstəkdən təmənnasız qardaşlığın misilsiz nümunəsi kimi minnətdarlıqla səhbət açıb.
Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə danışan AHİK sədri qeyd edib ki, həmkarlar ittifaqları ölkəmizdə vətəndaş cəmiyyətinin möhkəmlənməsində önəmli rol oynayır, sosial siyasətin həyata keçirilməsində yaxından iştirak edir, dövlətin bütün çağırışlarını fəal cavablandırır.
Səmimi qəbula görə təşəkkür edən BASİSEN sədri Mətin Tiryakioğlu Vətən müharibəsində Azərbaycanın qazandığı qələbəni tarixi hadisə adlandırıb və bu münasibətlə azərbaycanlı həmkarlarını təbrik edib. Qonaq qeyd edib ki, Azərbaycan və Türkiyənin həmkarlar ittifaqları arasında münasibətlər inkişaf edir, qarşılıqlı səfərlər təşkil edilir, təcrübə mübadiləsi aparılır. Bütün bunlar iki ölkə arasında qardaşlıq və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
R.TAHİR,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə