Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəlbində Vətən sevgisini yaşadan elm fədaisi

Ələddin Allahverdiyev – 75

Xalqımız bu gün öz tarixinin ən məsul dövrlərindən birini yaşayır. Yer üzündə yeni bir nizamlanma gedir. Uzun müddət bəşəriyyətin xilası kimi görünən dəyərlərin bir çoxu öz əvvəlki mahiyyətini itirməkdə, yeni dəyərlər sistemi formalaşmaqdadır. Belə bir zamanda hər bir xalqın gələcək taleyi indiki dövrdə atdığı addımlardan, öz potensialını nə səviyyədə üzə çıxarmasından, dünyanın qabaqcıl, mühüm təcrübələrindən, nailiyyətlərindən nə dərəcədə istifadə etmək bacarığından çox asılıdır.

Artıq tarixi təcrübə, məntiq onu təsdiq edir ki, o xalqlar öz gələcəkləri üçün daha etibarlı fundament ya­radırlar ki, onlar elmin, elmi kadr­ların imkanlarından daha səmərəli istifadə edir, öz mədəniyyətlərinin, mənəvi sərvətlərinin potensialının hərəkətə gətirilməsində elmin köməyindən daha çox bəhrələnirlər. Bunu intensiv inkişafda olan bir çox ölkələrin təcrübəsindən aydın görmək olar. Elə bir təbii sərvətləri olmayan Sinqapur indi öz sürətli inkişafı, hərtərəfli tərəqqisi ilə hər kəsdə heyrət doğurur. Ölkəmizin möhkəm özüllər yaratmaq, sürətli inkişaf edərək gələcəkdə dünyanın ən qabaqcıl ölkələri sırasında yer tutmaq üçün olduqca böyük imkanları var. Vətənimiz bir vaxtlar yer üzünün inkişafına yön vermiş Bəhmənyar, Nizami, Sührəverdi, Tusi kimi onlar­ca alimlər yetirmişdir. Elə tək ötən əsrdə Y. Məmmədəliyev, H. Abdulla­yev, L. Zadə, Ə. Cavan, K. Kərimov, A. Çayxorski, A. Mirzəcənzadə, R. Əliyev kimi dünya şöhrətli alimlərimiz böyük elmi nailiyyətlər qazanmışlar. Bu estafet davam etməkdədir. İndi həm ölkəmizdə, həm də xaricdə fəaliyyət göstərən alimlərimiz müasir elmin inkişafında olduqca əhəmiyyətli rol oynamaqdadırlar. Ölkəmizin elm aləmində nüfuzunu qaldıran alimlərimizdən biri də bu günlərdə 75 illik yubileyini qeyd etdiyimiz, dünya okeanı və kosmik fəzanın tədqiqatlarında, dəniz seysmik kəşfiyyatı, elektron, müdafiə və tibb sənayesində istifadə olunan cihazla­rın və aparatların yaradılmasında dal­ğa və rəqs proseslərinin öyrənilməsi üçün riyazi modellərin və metodların yaradılması sahəsində yüksək elmi nailiyyətlər qazanmış hörmətli profes­sorumuz Ələddin Allahverdiyevdir.

Ələddin müəllimi mən hələ 1966-cı ildən, tələbəlik illərindən tanıyıram. O zaman mən Azərbaycan Dövlət Universitetinin mexanika-ri­yaziyyat fakültəsində birinci kursda oxuyurdum, Ələddin müəllimsə üçün­cü kursda. Elə dərsə başladığımız sentyabr ayından, necə deyərlər, bir “od-alov olan” bu oğlanın tələbələrin, fakültənin, universitetimizin diqqət mərkəzində olduğuna hamımız şahid olduq. Bu bəstəboy, gur qara saçlı oğlan, demək olar ki, fakültəmizin hər tərəfindən görünürdü. Əlaçı və fəal idi. Elə bu fəallığa görə onu fakültə komsomol komitəsinin katibi seçmişdilər. Yaşlı nəsil bilir ki, o zaman komsomol komitəsinin katibi olmaq nə demək idi. Əvvəla, bu vəzifəyə ancaq qabiliyyətli, zəkalı, nümunəvi davranışa malik olan gəncləri seçirdilər. Onların həm də təhsil müəssisələrində xüsusi, mühüm səlahiyyətləri vardı. Tədris prosesinin daha keyfiyyətli getməsi üçün ciddi fəaliyyət göstərirdilər. On­ların tələbələri həm səfərbər etmək, həvəsləndirmək sahəsində, həm də hüquqlarını qorumaqda əvəzsiz xidmətləri olurdu. Ələddin müəllim o zaman öz fəaliyyəti ilə müsbət mənada universitetdəki bütün komso­mol təşkilat katiblərindən seçilirdi. Biz bunu ümumuniversitet tədbirlərində duyur və onunla fəxr edirdik.

Elə həmin dərs ilinin axırında onu bir əlaçı tələbə kimi təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə göndərdilər. Bu, o zaman hər bir tələbə üçün olduqca böyük uğur, fantastik dərəcədə bir xoşbəxtlik sayılırdı. Həmin tələbələr öz ölkələrinin fəxri hesab edilirdi. Ələddin müəllim ona göstərilən bu etimadı çox layiqli şəkildə doğrultdu. Moskva Dövlət Universitetində də əlaçı oldu. Ona görə də təhsili başa vuranda onu həmin universitetin əyani aspiranturasında oxumaq üçün saxladılar. Bu da fövqəladə hadisə idi. Hər əlaçı tələbəni də MDU-da saxla­yıb aspiranturada oxumağı məsləhət görmürdülər. Onun bu uğuru o dövrdə xalqımızın mühüm uğurlarından biri idi. Tezliklə aspiranturanı da vaxtın­da bitirib nəzəri və tətbiqi mexanika sahəsində SSRİ – nin ən gənc və istedadlı alimlərindən biri oldu.

SSRİ – nin olduqca nüfuzlu, mühüm bir elm mərkəzi olan Elektron Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat “FONON” İnstitutunda əmək fəaliyyətinə başlayan Ələddin müəllim ciddi bir alim kimi tanındı. İnstitutda “Riyazi modelləşdirmə” şöbəsinin müdiri vəzifəsinə yüksəldi. Bu da xalqımızın bir mühüm uğuru idi. Mən də o zamanlar Moskvada əyani aspiranturada oxuyurdum. Elmi – tədqiqat institutlarında müxtəlif vəzifələrdə, o cümlədən şöbə müdiri xeyli erməni olsa da azərbaycanlının belə bir mövqedə olması nadir hadisələrdən idi. Ötən əsrin axırların­dan başlayaraq, o, artıq elm aləmində həssas mexanizmlərin yaradılması sahəsində istedadlı bir alim, perspek­tivli professor kimi tanınırdı. Ələddin müəllim bir sıra beynəlxalq, ümumit­tifaq elmi konfrans, simpozium və qurultaylarda 60-dan çox, o cümlədən 12 sifarişli, plenar məruzələrlə çıxış etmişdir. Onun elmi rəhbərliyi altında azərbaycanlılar da olmaqla xeyli alim komandası yetişmişdir.

Ələddin müəllimin ixtiraları, elmi əsərləri, ideyaları elektron (xüsusilə mikro və akustoelektro­nikada), müdafiə və tibb sənayesi müəssisələrində, dünya okeanının və kosmik fəzanın tədqiqatında (sualtı qayıqlarda və tədqiqat gəmilərində, süni peyklərdə və kosmik gəmilərdə) geniş miqyasda istifadə olunmaqda­dır. Professor Ələddin Allahverdiyevin adları çəkilən sahələrdə əldə etdiyi bir neçə mühüm elmi nəticələrini xüsusi qeyd etmək lazımdır. O, əvvəlcədən müəyyən olunmuş, xüsusi tələb olu­nan ayrı-ayrı fiziki xarakteristikalara, minimum kütləyə və ya həcmə malik olan, pyezoelektrik ötürücülərin op­timal formasını müəyyən etmək kimi texniki nöqteyi-nəzərdən çox mühüm olan məsələni nəzəri cəhətdən həll edən ilk alimdir. Bu tipli məsələlərin uğurlu həllinə, o, riyaziyyatda məşhur olan Pontryaginin maksimum prin­sipini ilk dəfə tətbiq etməklə nail olmuşdur. Bu məsələlərin həlli kosmik obyektlərdən müvafiq elmi sahələrin mütəxəssislərini maraqlandıran vacib elmi-texniki məlumatların uçuşları idarəetmə mərkəzinə verilməsi üçün pyezoelektrik ötürücülərin yaradılma­sında xüsusi rol oynamışdır. Onun elektroelastiqiyyət nəzəriyyəsinin iki və üçölçülü dinamika məsələlərinin həllinə ümumiləşmiş variasiya prinsipi əsasında sərhəd və son­lu elementlər metodlarını ilk dəfə uğurla tətbiq etməsi pyezoelektrik elementlərin rabitəli rəqslərinin çoxsaylı məsələlərinin həllinə uğur gətirmişdir. Disk formalı pyezokera­mik membranlarda “kənar effekti”nin mövcudluğunu da nəzəri cəhətdən ilk dəfə professor Ələddin Allahver­diyev aşkar etmişdir. O, SSRİ – nin müdafiə sənayesi sahəsində çox mühüm əhəmiyyət daşıyan, yuxarıda adını çəkdiyimiz “FONON” İnstitutun­da uzun illər boyu riyazi nəzəriyyə sahəsində aparıcı rol oynamışdır. Mü­asir texnikanın müxtəlif sahələrində xüsusi əhəmiyyət daşıyan bir sıra texniki problemlərin həlli məhz onun riyazi təfəkkürünün, məsləhətlərinin və bilavasitə işirakının hesabına mümkün olmuşdur.

Ciddi elmi fəaliyyəti hesabı­na Ələddin müəllim daim diqqət mərkəzində olmuşdur və bu, ona müxtəlif sahələrdə mühüm vəzifələr tutmağa, yeni elmi uğurlar qazan­mağa imkan yaratmışdır. 1994-95-ci illərdə Rusiya ilə ABŞ-ın birgə yaratdığı “Green Star İnternatio­nal” şirkətində baş direktorun elm və istehsalat işləri üzrə müavini, 1995-1996-cı illərdə Moskvanın Zelenoqrad şəhər Orta və Kiçik Biznes Müəssisələri Assosiasiyasının direktoru vəzifəsində işləyərkən ciddi uğurlara nail oldu. Ələddin müəllim 1996-cı ildən etibarən Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasın­da (MDBİA) ali və tətbiqi riyaziyyat kafedrasının müdiri və professoru vəzifələrində çalışmış, 1997-1999-cu illərdə həm də iqtisadiyyat və me­necment fakültəsinin dekanı olmuş­dur. 2000-ci ildən isə həmin aka­demiyanın birinci, tədris-metodika işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Bu illər ərzində ali və tətbiqi riyaziyyat (riyaziyyatın iqtisa­diyyatda və menecmentdə tətbiqinə aid) sahələrinə həsr olunmuş xeyli monoqrafiya, dərslik və dərs vəsaitləri hazırlayıb nəşr etdirmişdir. O, məxfi elmi-texniki işləri də daxil olmaqla 450-dən çox əsərin müəllifidir.

Bu illər ərzində o, eyni zamanda, Rusiya Federasiyası Ali Məktəblərinin Təhsil üzrə Prorektorları Şurasının, Moskva şəhəri Təhsil Departamenti­nin Koordinasiya Şurasının, MDBİA-nın Elmi Şurasının üzvü, həmin aka­demiyanın Tədris-Metodika Şurasının sədri vəzifələrini də yerinə yetirmişdir. İndiki vaxtda “MİET” Milli Tədqiqat Universitetində professor, tədris işləri üzrə prorektor müavini, tədris prosesi­nin keyfiyyəti sahəsinin rəhbəridir.

Ələddin müəllimin elmi-peda­qoji fəaliyyəti dəfələrlə beynəlxalq səviyyədə yüksək nüfuza malik müka­fatlara layiq görülüb. Məmnuniyyətlə o mükafatların bir neçəsini burada qeyd etmək istərdim: “Moskvanın 850 illiyi” dövlət medalı, Ümumru­siya Sərgi Mərkəzinin qızıl medalı, “M.V. Lomonosov adına MDU-nun 250 illiyi” yubiley medalı, 1975, 1977 və 1980-ci illərdə Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Həmkarlar İttifaqı və ÜİLKGİ MK-nin təsis etdiyi “Əməkdə fərqlənməyə görə” döş nişanları, “Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi” adı və döş nişanı, 4 il dalbadal (2001-2004) Moskva hökumətinin təhsil sahəsində elm və texnologiyalara dair təsis etdi­yi “Moskva Qrantı” müsabiqəsinin lau­reatı və pul mükafatları... Tibbi texni­kanın inkişafında xüsusi xidmətlərinə görə Ümumittifaq Elmi Tibbi-Texniki Cəmiyyətinin Mərkəzi İdarəsi Rəyasət Heyətinin baxış-müsabiqəsinin qalibi diplomu (həmmüəllifləriylə birgə hazırladığı pyezokeramik ötürücü süni orqanların yaradılmasında uğurla tətbiq olunmuşdur), SSRİ-nin və Rusi­ya Federasiyasının digər çoxsaylı fəxri fərmanları və diplomları ilə təltif edilib.

Professor Ələddin Allahverdiyev 2019-cu ildə iki, olduqca nüfuzlu mükafatla, Rusiya Elmlər Akademiya­sının nəzəri və tətbiqi mexanika üzrə Milli Komitəsinin görkəmli alim-me­xanik, Sosialist Əməyi Qəhrəmanı, akademik, professor, fizika-riyaziyyat elmləri doktoru, 4 Lenin ordeni laure­atı, bir neçə Dövlət mükafatı laure­atı Xəlil Raxmatulin adına, Rusiya Kosmonavtika Federasiyasının təsis etdiyi Sosialist Əməyi Qəhrəmanı, general-leytenant, Lenin mükafatı laureatı, professor, texnika еlmləri doktoru, Kosmik Proqramlar üzrə Dövlət Komisiyasının sədri Georgi Tyulin adına medallarla təltif olunub.

Ələddin müəllim həm də gözəl ailə başçısı, valideyn kimi də nümunəvi insandır. Xalqımızı o uzaq ellərdə olduqca layiqli şəkildə bir xanım, alim kimi tanıdan, M.V.Lomonosov adına MDU-nun məzunu, kimya elmləri namizədi Məhsəti xanımla birlikdə boya-başa çatdırdıqları oğlu Toğrul bəy və qızı Aytən xanım hər zaman – həm orta məktəbdə, həm də ali məktəbdə dərs əlacısı olmuş, oxu­duqları universitetləri qırmızı diplomla bitirmişlər. İndi hər ikisi öz sahələrinin yüksək səviyyəli mütəxəssisləridir. İqtisad elmləri üzrə fəlsəfə doktoru olan Toğrul bəy Niderlandda məşhur “Eurasian Resources Group” kompa­niyasında icraçı direktoru, Aytən xa­nım Qətərin paytaxtı Dohada plastik cərrah işləyirlər.

Ələddin müəllim artıq 54 ildir ki, Azərbaycandan kənarda yaşa­yır. Uzun illər Vətəndən uzaqda, tamamilə başqa bir mühitdə, elmlə, təşkilati işlərlə ciddi şəkildə məşğul olan başqa bir insan tanımıram ki, öz ana dilində Ələddin müəllim qədər səlis danışıb – yaza bilsin, doğma Azərbaycanını sevsin, onun tarixini, milli-mədəni dəyərlərini bilsin, gözəlliklərini duysun, qəlbində gəzdirsin, onları təbliğ etsin. Öz milli musiqimizə, aşıq sənətinə və poeziyasına, folklorumuza, adət-ənənələrimizə bu qədər bağlı ola bil­sin. Hətta qardaş Türkiyəyə gedənlər belə əksəriyyəti 2-3 ildən sonra qarı­şıq sözlərlə danışır, yazanda səhvlərə yol verirlər. Təsadüfi deyil ki, Ələddin müəllim Vətəndən kənarda yaşadı­ğı uzun illər boyu Nəbi Xəzrinin bu poetik misralarını dönə-dönə təkrar etməkdən yorulmadığını deyir:

Könül ayrılmayır öz baharından,

İlham baharından, söz baharından.

Deyirəm, Vətənin bircə qış günü,

Yaxşıdır qürbətin yüz baharından.

Ələddin müəllim Azərbaycan poeziyasını dərindən bilir. Onunla söhbəti Dədə Qorquddan, Nizamidən, Nəsimidən, Füzulidən başlayıb, bütün görkəmli söz adamlarımıza, Aşıq Alı­ya, Aşıq Ələsgərə, Səməd Vurğuna, Rəsul Rzayadək davam etmək, sonra ən gənc şairlərimizə qədər keçmək olar. Hər birinin yaradıcılığı haqqın­da çox samballı fikirlər eşitmək olar. Ələddin müəllim özü də ilk gənclik illərində şeirlər yazıb. Bu şeirlər mərkəzi qəzetlərdə də dərc olunub. Amma sonradan müxtəlif səbəblər üzündən nadir hallarda qələmə əl atıb.

Onunla aşıq musiqisinin, muğa­mın ən incəliklərinə qədər təhlillər aparmaq, klassik Qərb musiqisinin dərinliklərinə getmək olar. Üzeyir Hacıbəylini sonsuz məhəbbətlə sevir. Ələddin müəllim saz, qara zurna, qar­mon musiqi alətlərində çalınan oyun havalarımızın sədaları altında yaşının bu çağında da çox gözəl rəqs edir. Doğrudur, hər kəs öz doğulub, boya-başa çatdığı yerləri sevir, tez-tez xatırlayır. Amma Ələddin müəllimin Göycəyə məhəbbəti tamamilə özgə bir məhəbbətdir, müqəddəs məhəbbətdir. O Göyçədən danışanda sanki dua oxuyur, ibadət edir. O tor­pağın dağından-daşından, havasın­dan-suyundan, doğulduğu Kəsəmən kəndindən, o yerlərin camaatının mehribanlığından, Oğuz ruhundan elə bir həyacanla danışır ki! Özünün “A Göyçə” şerində yazdığı kimi:

Cismim qucağından uzaq olsa da,

Hicran qəm sazında hava çalsa da,

Ələddin yad eldə yuva salsa da,

Daim səninlədir könlüm, a Göyçə,

Səndən başlayıbdır talem, a Göyçə!

Bu ilin əvvəlində o, məni əsasən göyçəlilərin iştirak etdiyi, Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı yaradılmış “Dədə Ələsgər Ədəbi Məclisi” nə dəvət etdi. Buna görə ona minətdaram. Məclisdə mən həqiqətən də Göyçə əhalisinin, Aşıq Ələsgərin, aşıq poeziyasının, xalqımızın müdrik­liyinin ruhunu hiss edirəm. Göyçəni daha yaxından tanıyıram. Əvvəldən də bilirdim, indi daha çox hiss edirəm ki, Göyçə yer üzünün ən gözəl, ən müqəddəs məkanlarından biridir. Bu yerlərdə Misgin Abdal, Ağ Aşıq Allah­verdi, şair Məmmədhüseyn, Ustad Aşıq Alı, Dədə Ələsgər, Növrəs İman kimi milli ruhumuzun memarlarının yetişməsi, ötən əsrdə Aşıq İmran, Aşıq Müseyib, Aşıq Qara, Aşıq Hacı, Aşıq Rza kimi aşıqların təmsil etdiyi Göyçə Aşıq məktəbinin formalaşması təsadüfi deyil ki! İnsan bədənində hər orqanın öz funksiyası var. Bir xalqın da yaşadığı məkanların hər birinin öz qüdrəti, öz əhəmiyyəti var. Qarabağ muğamın beşiyi olduğu kimi, Göyçə də aşıq musiqimizin beşiyidir. Milli ru­humuzun öz oksigeninin axıb gəldiyi bir yerdir. Orada əsrlər boyu yaşa­yan baba-nənələrimizin müqəddəs ruhlarının dolaşdığı məkandır. Göyçə də Qarabağ, Şuşa qədər bir məbədgahımızdır. Ona görə də o yerlərin düşmən caynağında qalma­sına heç cür yol verməməliyik. Bu gün Ələddin müəllim dünya elmində xüsusi nüfuzu olan elm fədaisi ol­maqla bərabər, doğma Göyçəsinin ən hörmətli, hamı tərəfdən qəbul edilən ağsaqqallarından biridir. O bu ağsaq­qallıq missiyası ilə də Göyçə torpaq­larının qaytarılması, Göçə mədəni irsinin layiqli şəkildə təbliği, inkişafı üçün əlindən gələni edir.

Professor Ələddin Allahverdiyevi 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ömrünün davamının uzun, sağlam, yeni uğurların fərəhi içində keçməsini arzulayıram!

Əhməd QƏŞƏMOĞLU

26 May 2022 08:50 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə