Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bədbinlik, yoxsa depressiya?

Depressiyaya irsi amillər təsir göstərir. Bu, insanda həyatı boyu düşdüyü situasiyalara verdiyi reaksiyanın təsiridir. İnsan böyüdüyü, boya-başa çatdığı mühitdə baş verənləri, ailədəki qarşılıqlı münasibətləri, ümumiyyətlə, öz doğmalarını özünə proyeksiyalayır. Bu məcrada fərd valideynlərinin və ya digər doğma insanların davranışlarını, sanki, sərgiləmiş olur.

Bu fikirləri “Xalq qəzeti”nə açıqlamasında psixoloq Gülər Məmmədova bildirdi.

Onun sözlərinə görə, belə insanlar əzizlərinin ifadələrini, fikirlərini daim təkrarlamağa meyilli olurlar: “Bu cür olduğu təqdirdə də onlar üzləşdiyi hallara özünəməxsus şəkildə cavab verirlər. Hansı aspektdə tərbiyə alır­larsa, o tərbiyənin təsiri ilə də yaşayır­lar. Əgər onlara bu həyat göyqurşağı qədər pozitiv mənada görünürsə, üzləşdikləri neqativ məqamlarda zərər çəkdiklərini düşünürlər. Çünki onların fikrincə, bu hallar olmamalıdır. Elə düşünürlər ki, hər şeyi yaxşı, sağ­lam tərzdə görməlidirlər. Çətinliklərlə üzləşmək istəmədiklərini fikirləşdikcə, bunlardan imtina etmək istəyir və qarşılaşdıqda isə narahatlıq hissi keçirirlər.

Hər bir şəxsin həyatı qavraması özünəməxsus formadadır. Yaşına, təfəkkür potensialına uyğundur. Nə qədər insanın daxilində həyati bilgilər varsa, o, həyatı o qədər qavrayır və dərk edir. Ona görə də biz bütün in­sanlara bir fikri eyni şəkildə izah edə, mənimsədə bilmərik. Hamı hadisəyə eyni aspektdən yanaşa, baxa, rəy verə bilməz”.

Psixoloq vurğuladı ki, bəzən depressiyaya düşmək insanda həyat tərzinə çevrilir: “Belə insanlar düşünürlər ki, çox gülməməlidirlər, yoxsa, bunun sonu pis hadisələrlə nəticələnə bilər. Müəyyən vaxt kədərlənməlidir ki, balans qorunsun. Necə ki, hər Şərin bir Xeyri var. Bu cür insanlara elə gəlir ki, o, xeyir tap­maq üçün əziyyət çəkməlidir. Bu fikir o qədər şüur altına yeridilib ki, ona görə də mütəmadi yaxşı hadisələrlə üzləşəndə, əhvalı yaxşı olanda bunun sonunun pis olacağından qorxur.

Təəssüflər olsun ki, belə mənfi düşüncələr uşaq vaxtlarından qay­naqlanır. Müntəzəm olaraq özünü depressiyaya salır ki, “mən xoşbəxt yaşaya, bunu daşıya bilmərəm”. Bir şeyi bilməliyik ki, gülüş varsa – orada kədər, qəm varsa – orada sevinc də var. Bunların hamısı qarşılıqlı vəhdət təşkil edir. Biz çalışmalıyıq neqativə çox köklənməyək. Həyatda hər cür hadisələr baş verir bunu sağlam təfəkkürümüzlə qarşılamalı, özümüzə hesabat verməli və ətrafa ötürəcəyimiz aura müsbət olmalıdır ki, qarşılaşdığımız həyat hadisələri də bizə neqativlər gətirməsin”.

Şahxanım ƏLİZADƏ,“Xalq qəzeti”

26 May 2022 08:19 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə