Ən son xəbərlər
“Bloomberg”in məlumatına görə, Fransanın “Total Energes SA” neftqaz şirkətinə məxsus “Moscow Spirit” tankeri ilə Birləşmiş Ərəb Əmirliklərindən Avropaya 1 milyon barel neft ixrac edilib. “Qara qızıl” Qahirədən Niderlandın Rotterdam liman şəhərinə yola salınıb.
Avropa İttifaqına daxil olan dövlətlər Rusiya neft məhsullarından imtina etdikdən sonra Birləşmiş Ərəb Əmirliklərindən neft almağa başlayıblar.
Qeyd edək ki, sonuncu dəfə Birləşmiş Ərəb Əmirliklərindən Avropaya neft ixracı 2020-ci ilin may ayında olmuşdu.
Dünya bazarında isə “qara qızıl”ın qiyməti artmaqda davam edir. Londonun “İCE” (“ Inter Continental Exchange Futures”) Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 1,22 faiz artaraq bir bareli 114,93 dollar olub. “NYMEX” ( New York Mercantile Exchange”) Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 1,23 faiz artaraq bir bareli 111,12, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 0,2 faiz artaraq bir bareli 122,94 dollar olub.
Ekspertlər bildiriblər ki, Rusiya-Ukrayna münaqişəsi davam etdikcə dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edəcək.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə