Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

General-mayor Abbasəli Novruzovun 85 illik yubileyi qeyd olunub

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında istefada olan sərhədçi general-mayor Abbasəli Ramazan oğlu Novruzovun anadan olmasının 85 illik yubileyi münasibətilə tədbir keçirilib.

Bu barədə DSX Mətbuat Mərkəzindən xəbər verilib.

Bildirilib ki, yubiley tədbirində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər şəxslər, qurumun şəxsi heyəti, həmçinin istefada olan sərhədçi general-leytenant İnayət Xəlilov və general-mayor İsgəndər Allahverdiyev iştirak ediblər.

Tədbirdə çıxış edənlər həyatını Vətənimizin hüdudlarının qorunmasına həsr etmiş general-mayor Abbasəli Novruzovun keçdiyi şərəfli ömür və xidmət yoluna nəzər salmış, ömrünün 57 ilini sərhədlərin mühafizəsi işinə həsr edən Abbasəli Novruzovun xidmət etdiyi bütün vəzifələrdə ona göstərilən etimadı ləyaqətlə doğrultduğunu vurğulayıblar.

Hələ sovetlər dönəmində ölkəmizin sərhədlərinin qorunması üçün milli sərhədçi kadrların yetişdrilməsinə xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində sərhəd mühafizəsində azərbay­canlı zabitlərin sayının artması, onların yüksək vəzifələrə irəli çəkilməsi qeyd olunub.

1979-cu ildə Abbasəli Novruzovun Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanın "Əməkdar hüquqşünas"ı fəxri adına və "SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin fəxri əməkdaşı" adına layiq görüldüyü, 1993-cü ildə Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra təcrübəsinə və yüksək peşəkarlığına yaxşı bələd olduğu Abbasəli Novruzovu yenidən xidmətə qaytararaq Azərbaycanın Milli Təhlükəsizlik nazirinin müavini - Sərhəd Qoşunlarının komandanı vəzifəsinə təyin etdiyi və az sonra general-mayor hərbi rütbəsinə layiq gördüyü vurğulanıb.

General-mayor Abbasəli Novruzovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2017-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunması qeyd edilib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik E.Quliyev yubilyarı təbrik edib

Abbasəli Novruzovun ömrünü sərhəd təhlükəsizliyinin təminatına həsr edərək sərhədlərimizin etibarlı mühafizəsinin təşkili sahəsində uğurla fəaliyyət göstərdiyini vurğulayan general-polkovnik E.Quliyev onun şərəfli xidmət yolunun gənc sərhədçilər üçün örnək və nümunə olduğunu qeyd edib.

Tədbirin sonunda 85 illik yubileyi münasibətilə yubilyara xatirə hədiyyəsi, həmçinin general-mayor Abbasəli Novruzova, general-leytenant İnayət Xəlilova və general-mayor İsgəndər Allahverdiyevə “Şücaətə görə” medalları təqdim olunub, xatirə fotoşəkilləri çəkdirilib.

25 May 2022 16:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə