Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“TEKNOFEST Azərbaycan” çərçivəsində “Smart Qarabağ” Hakatonuna start verilib

Azərbaycan və Türkiyədən ümumilikdə 30 komanda final mərhələsinə vəsiqə qazanaraq mübarizəyə başlayır.

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 26-29-da Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Smart Qarabağ” Hakatonu təşkil olunur. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycan və Türkiyə təmsilçilərindən ibarət 30 komanda finalda mübarizə aparmaq hüququ qazanaraq işğaldan azad olunmuş Qarabağın normal regiona transformasiyası istiqamətində “ağıllı həllər” təklif edəcəklər.

“AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov iştirakçıları salamlayaraq “Smart Qarabağ” Hakatonunun əhəmiyyəti barədə ətraflı məlumat verib.

Elxan Əzizov bildirib ki, bu hakatonun keçirilməsində əsas məqsəd işğaldan azad edilmiş Azərbaycan ərazilərində “ağıllı şəhər” həllərinin tətbiq edilməsi, bu ərazilərin rahat, qənaətcil, ekoloji təmiz regiona transformasiyası, sakinlər və sahibkarlar üçün münbit ekosistemin yaradılması və kənd təsərrüfatı üçün daha səmərəli şəraitin qurulmasına töhfə verməkdir.

Qeyd edilib ki, hakatonun finalçıları arasında 20 Azərbaycan və 10 Türkiyə komandası mübarizə aparır. Hər bir komandaya hakatonun anbarında mövcud olan avadanlıqların və  proqramların spesifikasiyası təqdim olunub və fasiləsiz olaraq 50 saat davam edəcək marafona start verilib.

Finalçılar iş prosesində əşyaların interneti (Internet of things), tətbiqi proqramlaşdırma interfeysi (Application Programming  Interface), süni intellekt (Artificial Intelligence), bulud hesablama xidmətləri (Cloud Computing Services), idarəetmə panelləri (Dashboards), maşın öyrənməsi (Machine Learning), maşınlararası qarşılıqlı əlaqə (Machine-to-Machine Communications), “Mesh” şəbəkələr (Mesh Networks) və digər texnologiyaların  üstünlüklərindən faydalanırlar.

Tərlan SÜLEYMANOV,

“Xalq qəzeti

25 May 2022 14:57 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə