Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Brüsseldə sülhə doğru daha bir addım

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində əldə edilən parlaq qələbə ilə ədalətin bərpa olunmasından sonra ordusu və iqtisadiyyatı acınacaqlı duruma düşən Ermənistana vəziyyətdən çıxmağın yeganə yolunu sülh müqaviləsinin bağlanmasında gördüyünü dəfələrlə xatırladıb, Qarabağın təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərini önə çəkib. Dövlətimizin başçısı ayrı-ayrı çıxışlarında bu istiqamətdə göstərilən bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləyib, Azərbaycanın sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə daim hazır olduğunu diqqətə çatdırıb. Ölkə rəhbəri, həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupunun, birgə komissiyanın tez bir zamanda təşkilinin vacibliyini də dönə-dönə qeyd edib. Prezident İlham Əliyev bütün bu məsələlərlə bağlı konkret fikirlərini Ermənistanın baş naziri Nikol Paşinyanla, habelə ayrı-ayrı dövlət başçıları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə söhbətlərində açıq-aydın vurğulayıb.

 

Ötən il dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində dövlətimizin başçısı İlham Əliyev regional məsələləri daim gündəliyində saxladığına, bu proseslərə verdiyi töhfəyə və dəstəyə görə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə təşəkkürünü bildirib. Bu xüsusda Şarl Mişelin təşəbbüsü ilə sammitdən bir gün əvvəl-dekabrın 14-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında davam edən müzakirələrin konstruktiv mühitdə keçdiyini, Av­ropa İttifaqı Şurasının prezidentinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına verdiyi töhfəni vurğulayıb. Həmçinin Şarl Mişe­lin təşəbbüsü ilə aparılan bu danışıqla­rın çox praktiki olduğunu və təfsilatlı xa­rakter daşıdığını, burada Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimi­tasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirə olunduğunu, nəticə etibarilə səmərəli və praqmatik keçdiyini diqqətə çatdırıb.

Beləliklə, dövlətimizin başçısı­nın görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni bir format – Brüssel sülh gündəliyi yaranıb. Bir daha xatırladaq ki, ilk üçtərəfli görüş Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitindən bir gün əvvəl–dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüsseldə sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar apa­rılıb, telefon danışıqları reallaşdırılıb.

Azərbaycan Prezidentinin bu il aprelin 6-da Brüsselə səfəri, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyan­la görüşləri və əldə olunmuş müsbət nəticələr də dövlətimizin başçısının sözügedən sülh sazişinin imzalanması istiqamətindəki yorulmaz fəaliyyətinin bariz ifadəsi, respublikamızın milli maraqlarının təmin olunması yönündə gerçəkləşdirdiyi ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir.

Göründüyü kimi, Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsinə daim konstruktiv yana­şıb, hər zaman əsas diqqəti Cənubi Qafqazda postmüharibə vəziyyətinə yönəldərək, Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiq­liyini bəyan edib. Dövlətimizin başçısı regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsinə nail olmağa xüsusi önəm verib. Bu, ölkə rəhbərinin nüfuzlu dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə söhbətlərində də öz aydın ifadəsini tapıb.

Ölkə rəhbəri bütün çıxışlarında Azərbaycanın üzərində dayandığı beş prinsipin beynəlxalq hüququn norma­larını, səmərəli beynəlxalq davranışı əks etdirdiyini xatırladaraq, onların istənilən ölkələr arasında dövlətlərarası münasibətlərin təməl prinsipləri oldu­ğunu vurğulayıb. Dövlətimizin baş­çısı fikirlərinə qarşılıqlı şəkildə ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması, həmçinin sərhədlərin delimitasiyası ilə Qafqa­za sülh gələcəyini əlavə edib: “Bu, Azərbaycanın istəyidir. Azərbaycan Cənubi Qafqazın üç ölkəsi arasında fəal əməkdaşlıq üçün potensialın mövcudlu­ğunu görür. Bu, eyni zamanda, Cənubi Qafqaz ölkələr ilə bərabər, daha geniş region üçün mühüm önəm daşıyır. Lakin bütün bu məsələləri ehtiyatla, həssaslıqla nəzərdən keçirmək və vax­tında həll etmək zəruridir”.

Onu da qeyd edək ki, Azərbaycan regionda sülh tərəfdarı, iqtisadi güc mərkəzi, eyni zamanda, Cənubi Qafqazda beynəlxalq layihələrin təşəbbüskarı olan ölkə kimi tanın­dığından Avropa İttifaqı üçün vacib, etibarlı və perspektivli tərəfdaşdır. Bu amil respublikamızla münasibətlərin davamlı inkişafını şərtləndirir. Digər tərəfdən, İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbə əldə etməsi ilə geosiyasi reallıq yaranması adı çəkilən təşkilatla bu əməkdaşlığın dərinləşdirilməsi zərurətini qarşıya çıxarır.

Yeri gəlmişkən, hazırda təkcə Avro­pa İttifaqı deyil, həm də nüfuzlu ölkələr və digər beynəlxalq siyasi mərkəzlər Cənubi Qafqazda Azərbaycanın ədalətli zəfəri fonunda geosiyasi reallığı təqdir edir və Ermənistanla sülh sazişinin imzalanmasını önəmli məsələ kimi dəyərləndirir. Çünki bölgədə sülh və əmin-amanlığın bərqərar olması Azərbaycan və onun qonşularının mənafeyinə fayda gətirməklə bərabər, həm də bu coğrafiyada kommunikasi­ya bağlantılarının bərpası sayəsində region dövlətlərinin dünya iqtisadiyya­tına inteqrasiyasını gerçəkləşdirir, son nəticədə isə xalqların sosial şəraitinin yaxşılaşmasına müsbət təsir göstərir. Əlbəttə, bu mənada Avropa İttifaqının rəsmi Bakının təklif və təşəbbüslərini yüksək dəyərləndirməsi və bunu dəstəkləməsi aydın başa düşülür.

Qeyd edilən bu fikrin həqiqətdən qaynaqlanması Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin sonuncu görüşünün yekunlarına dair mətbuata açıqlamasında aydın nəzərə çarpır. Həmin açıqlamada deyilir: “Bu gün mən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşə bir daha ev sahibliyi etdim. Bu, bizim bu formatda üçüncü müzakirəmiz idi. Biz Cənubi Qafqaz­da vəziyyət və hər iki ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına, habelə sərhəd regionuna əsas diqqəti yönəltdik.

Müzakirə səmimi və məhsuldar oldu, biz bütün məsələləri nəzərdən keçirdik. Bizim humanitar məsələlər, o cümlədən, minaların təmizlənməsi və saxlanılanların azad edilməsi ilə bağlı səylərlə əlaqədar ətraflı müzakirəmiz oldu və biz itkin düşmüş insanların taleyinə də toxunduq”.

Şarl Mişel açıqlamasında görüş zamanı aşağıdakı nəticələrə nail olun­duğunu da diqqətə çatdırıb:

–Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə reallaşacaq. Həmin iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq;

–kommunikasiya ilə əlaqədar liderlər Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri ara­sında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılı­ğa gəldilər;

–liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirməyin zərurətini bildiriblər.

Avropa İttifaqı Şurasının Prezidenti mətbuata açıqlamasında daha sonra bildirib: “Sosial-iqtisadi inkişafa gəlincə, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Mən, həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğu­ladım və Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır.

Biz sıx təmasda qalmağa razılaş­dıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik”.

Prezident İlham Əliyev Brüssel səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə keçirdiyi təkbətək görüşündə Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdı­rılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demar­kasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Bu formatda Av­ropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə üçüncü dəfədir ki, görüşün keçiril­diyini qeyd edən dövlətimizin başçısı bu görüşün təşkilinə görə Şarl Mişelə təşəkkürünü bildirib.

Beləliklə, Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının əsas komponentində ölkəmizin irəli sürdü­yü 5 maddədən ibarət təklif bir daha öz əksini tapıb. Burada əsas məqam Azərbaycanın ərazi bütövlüyünün şərtləndirilməsi olub. Ümumiyyətlə, sülh razılaşmasının əsas komponentində iki dövlət arasında münasibətlərin nor­mallaşması üçün ölkələrin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanı­ması məsələsi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi priori­tet istiqamətlər kimi seçilib. Bununla bərabər, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinilməsi qarşıya önəmli vəzifə kimi qoyulub.

Nəhayət, sülh razılaşmasının əsas komponentində dövlət sərhədinin deli­mitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasının, nəqliyyat və digər müvafiq kommunikasiyaların açılması, qurulması, habelə qarşı­lıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın yaradılmasının zəruriliyi diqqətə çatdırılıb.

Bu məqamda xatırladaq ki, Brüssel görüşünün səhəri günü Azərbaycan Prezidenti və Ermənistan baş naziri tərəfindən ayrı-ayrılıqda iki ölkə ara­sında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında müvafiq sənədlər imzalanıb.

Beləliklə, Brüsseldə reallaşan üçüncü üçtərəfli görüş də Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi-dip­lomatik müstəvidə möhkəmləndirildiyini göstərir. Azərbaycan qətiyyətli mövqe­yini davam etdirir, prinsipial yanaşma ortaya qoyur və strateji məqsədlərinə doğru qətiyyətlə addımlayır. Prose­sin gedişi regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir. Bu isə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik, qar­şılıqlı faydalı əməkdaşlıq mühitini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır.

Onu da deyək ki, sonuncu Brüssel razılaşmasında əldə olunan müsbət nəticələr sırasında ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərilməsi də öz əksini tapıb.

Bir daha xatırladaq ki, Brüssel ra­zılaşmasında “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT Minsk qrupu həmsədrlik institutina istinad da yoxdur. Bu, göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

25 May 2022 02:41 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə