Ən son xəbərlər
Bir neçə gün əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış bəyannamənin bəndlərindən irəli gələn öhdəliklər, Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsipdən ibarət təkliflər və digər məsələlər geniş müzakirə olundu. Bununla yanaşı, humanitar məsələlər, ərazilərin minalardan təmizlənməsi, müharibə zamanı əsir düşənlərin qaytarılması, o cümlədən itkin düşmüş insanların taleyi haqqında müzakirələr aparıldı.
Məlum olduğu kimi, dövlət başçımız beynəlxalq təşkilatlara minalanmış ərazilərin xəritələrini təqdim etməməsi səbəbindən Ermənistana təsir göstərmələri üçün dəfələrlə müraciətlər edib. Humanitar məsələlərin yerinə yetirilməsinə gəldikdə isə müharibə bitdikdən sonra Azərbaycan tərəfi əsir düşmüş erməni hərbçilərinin hamısını Ermənistana təhvil verib. Lakin, I Qarabağ müharibəsində itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyi barədə Azərbaycan dövləti dəfələrlə Ermənistandan məlumat istəsə də, qarşı tərəf bu haqda heç nə deməyib.
Prezident İlham Əliyev Şarl Mişellə görüşündə Azərbaycan dövlətinin öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyini bir daha Avropa İttifaqının rəsmisinin diqqətinə çatdırdı. Avropa rəsmisi Cənubi Qafqazda, xüsusilə, Azərbaycan – Ermənistan münasibətlərində sülhün bərqərar olmasında göstərdiyi səylərə görə ölkə başçımıza minnətdarlığını bildirdi.
Üçtərəfli görüşdə bir çox digər məsələlərin də həllində razılığa gəlindi. Sərhəd məsələsi ilə əlaqədar yaxın günlərdə yaradılacaq komissiyaların (onlar artıq yaradılıb) dövlətlərin sərhədlərində birinci birgə iclasının keçirilməsi nəzərdə tutulur. İclasda, ilk dəfə, sərhədlərin delimitasiyası məsələsinə baxılacaq. Görüşdə nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycanın Qərb hissəsi ilə Naxçıvan və respublikamızdan Ermənistanın müxtəlif ərazilərinə, habelə, hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarının həyata keçirilməsi barədə razılığa gəlindi. Beynəlxalq daşımalarda təhlükəsizliyin təmin edilməsi, gömrük rüsumlarının tətbiqi barədə də razılıq əldə olundu.
Gələcəkdə imzalanacaq sülh sazişinə gəlincə, Prezident İlham Əliyev və Nikol Paşinyan müzakirələrin davam etdirilməsi barədə də razılığa gəldilər. Bu məqsədlə hər iki dövlətin xarici işlər nazirlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin bu prosesləri davam etdirmələri qərara alındı.
Qarabağda yaşayan etnik ermənilərin təhlükəsizlik məsələsi də görüşdə müzakirə olundu. Prezident İlham Əliyev Vətən müharibəsi zamanı və postmüharibə dövründə verdiyi açıqlamalarda hər zaman qeyd etmişdir ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Ölkəmizdə yaşayan digər xalqların nümayəndələri ilə yanaşı, etnik ermənilərin də hüquqları Azərbaycanın qanunları ilə qorunacaq və gələcəkdə də onların təhlükəsiz yaşamalarına zəmanət verilir.
Avropa rəsmisi Şarl Mişel üçtərəfli görüşün yekunları barədə mətbuata açıqlamasında “Dağlıq Qarabağ” deyil, Azərbaycanın Qarabağ bölgəsi ifadəsini işlətməsi ermənilərə ağır zərbə oldu. Avropalı diplomatın Qarabağın statusu barədə fikir söyləməməsi, həmçinin münasibətlərin normallaşmasına da Minsk qrupunun iştirakı barədə heç bir fikir bildirməməsi də Azərbaycanın növbəti diplomatik uğuru kimi dəyərləndirilməlidir. Görüşün nəticəsi bir daha təsdiqlədi ki, Avropa İttifaqı Şurasının prezidenti dövlət başçımızın irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyir.
Kamilə ƏLİYEVA,
Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, professor
Köhnə versiyamızdan xəbərləri izlə