Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Estoniya parlamentinin nümayəndə heyəti Şuşa şəhərində olub

Ölkəmizdə rəsmi səfərdə olan Estoniya Respublikası parlamentinin (Riiqikoqu) sədri Yuri Ratasın başçılıq etdiyi parlament nümayəndə heyəti mayın 24-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, qonaqları Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan – Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova, Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov, Estoniyanın Azərbaycandakı səfiri Anneli Kolk və digər rəsmi şəxslər müşayiət ediblər.

Şuşada qonaqları qarşılayan Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov onlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə danışıb. Parlament nümayəndələrinin diqqətinə çatdırılıb ki, şəhərdəki tarixi abidələr və məscidlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa nəzarəti altında bərpa olunur.

Qonaqlar Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidləri, Karvansaray ilə tanış olublar. Bildirilib ki, bu məscidlərdə təmir-bərpa işləri Heydər Əliyev Fondunun dəstəyi ilə aparılır. Diqqətə çatdırılıb ki, bu yaxınlarda Prezident İlham Əliyev Şuşa şəhərində tikiləcək yeni məscidin təməlini qoyub.

Estoniya parlament nümayəndə heyətinin üzvləri Şuşa şəhərində aparılan sürətli bərpa-quruculuq və rekonstruksiya işləri ilə yaxından tanış olublar.

Səfər zamanı qonaqlar Şuşanın Qala divarlarını, Xan qızı Natəvanın sarayının qalıqlarını seyr ediblər, Şəhər meydanına baş çəkiblər. Onlara Şəhər meyda­nı, orada Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri barədə məlumat verilib.

25 May 2022 02:39 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə