Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın dünya bazarlarının təhlükəsizliyinə töhfələri ABŞ tərəfindən yüksək qiymətləndirilir

Azərbaycanın son təxminən 18-19 il ərzində həyata keçirdiyi dövlət siyasəti istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə geniş rezonans doğurur. Ölkə həyatının bütün sahələrini əhatə edən islahatlar, 2020-ci ilin payızında BMT qətnamələrinin yerinə yetirilməsi ilə ərazi bütövlüyümüzün təmin olun­ması və ardınca Qarabağda genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilməsi, eləcə də Bakının Avropanın enerji təhlükəsizliyinə töhfələr verməsi, şübhəsiz ki, Azərbaycanın beynəlxalq imicinə çox müsbət çalarlar əlavə edib. Bütün bunlar isə, təbii ki, ümummilli lider Heydər Əliyevin formalaşdırdı­ğı, Prezident İlham Əliyevin uğurla həyata keçirdyi daxili və xarici siyasətin bəhrələridir.

Bu günlərdə ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərməsi də rəsmi Bakının həyata keçirdiyi siyasi kursun düzgünlüyünü göstərir. Azərbaycan ABŞ-la daim sıx siyasi-iqtisadi münasibətlərdə olub. Elə ABŞ Prezidentinin təbrik məktubunda da bu barədə də qeyd edilir. Prezident Bayden yazır ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlıq öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır.

Məktubda daha sonra deyilir: “Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi hu­manitar və enerji sahəsində yardımı vacib ismarış verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik. İndi Cənubi Qafqaz­da davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans – Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və in­sanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik”.

ABŞ Prezidenti qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxar­mağa çalışdığı qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiqləyir.

Məktubda, həmçinin ABŞ-ın qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusu ifadə olunub. Təbii ki, Vaşinqtonun rəsmi Bakı ilə münasibətləri gücləndirmək istəyi ölkəmizin demokratiya, insan haqlarına hörmət yolu ilə inamla irəliləməsi, iqtisadi, sosial, idarəetmə və digər sahələrdə genişmiqyaslı islahatlar həyata keçirməsi ilə bağlıdır. Son 30 ildə, Azərbaycan ABŞ-la, eyni zamanda, müdafiə və təhlükəsizlik, enerji təhlükəsizliyi, sülhya­ratma əməliyyatları, terrorizmə qarşı mübarizə və digər sahələrdə də əməkdaşlıq edib. Bu əməkdaşlıq daim qarşılıqlı hörmətə və etima­da əsaslanıb.

Əminik ki, Azərbaycan həmişə olduğu kimi, bundan sonrakı illərdə də həm ABŞ-la, həm də digər tərəfdaş ölkələrlə əməkdaşlığını da­vam etdirəcək və bundan bütün tərəflər fayda görəcək.

Arzuman MURADLI,

politoloq, iqtisad elmləri üzrə fəlsəfə doktoru

25 May 2022 02:38 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə