Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaşinqton – Bakı əməkdaşlığı regionda sülhə və sabitliyə stimul yaradır

Azərbaycan ilə Birləşmiş Ştatların ikitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində birgə fəaliyyəti təqdirəlayiqdir. Bu baxımdan enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə tərəfdaşlığımızı səciyyələndirən aparıcı sahələr sırasındadır.

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Cozef Baydenə 22 mart 2022-ci il tarixli məktubundan

 

İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans–Xəzər regionunun çiçəklənməsinə im­kan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır.

ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubundan

20 may 2022-ci il.

 

Azərbaycanın sivil, dünyəvi, demokratik dövlət quruculuğu yolunu uğurla davam etdirməsi, müstəqil xarici siyasət yürütməsi, heç bir ölkənin daxili işlərinə qarışmaması, cəmiyyətin daha da demokratikləşdirilməsi üçün köklü islahatlar aparması gənc müstəqil dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu gündən-günə artırır. Dünyanın aparıcı beynəlxalq təşkilatlarının və böyük dövlətlərin müasir Azərbaycan həqiqətlərini yüksək qiymətləndirməsinin əsas səbəbləri də məhz bu prinsiplərdir.

 

Təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən əlamətdar günlərin hamısın­da Prezident İlham Əliyevə məktub göndərir, onu və xalqımızı təbrik edir, hərtərəfli əməkdaşlığın, ölkələrarası münasibətlərin böyük perspektivi oldu­ğunu dilə gətirir.

Fikrimizcə, cənab Baydenin dövlət başçımıza göndərdiyi 20 may tarixli təbrik məktubu onun əvvəlki məktublarına nisbətən daha geniş­miqyaslı məsələləri əhatə etdiyinə, eləcə də, Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların yüksək qiymətləndirilməsinə görə xüsusi əhəmiyyət kəsb edir. Ağ ev rəhbəri xatırladır ki, ötən 30 il ərzində ener­ji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anın­da öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının enerji təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır.

Təbii ki, bu gün dünyanın bütün siyasi və hərbi mərkəzlərinin diqqəti postsovet məkanının ən dəhşətli münaqişəsinə çevrilmiş Rusiya – Ukray­na müharibəsinə yönəlib. Azərbaycan da bu münaqişənin tezliklə və sülh yolu ilə həll edilməsinə çalışanların yanındadır. Yeri gəlmişkən, dövlət başçımız ötən ay ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans­da Böyük Britaniyanın Henri Cekson Cəmiyyətinin strateji münasibətlər üzrə meneceri Alyona Hlivkonun “Bu gün Sizin Ukrayna üçün şəxsi məsləhətiniz nə ola bilər?”– sualını cavablandırarkən bütün dünyanın məmnun qaldığı fikirləri səsləndirmişdi: “Bizim Rusiya ilə yaxşı münasibətlərimiz var. Eyni zamanda, Ukrayna ilə də yaxşı münasibətlərimiz var. Beynəlxalq hüququn prinsipləri siyasi seçimlərə əsaslanaraq təfsir edilməməlidir... Özünü müdafiə etmək əzmi olan ölkənin xalqını sən heç vaxt məğlub edə bilmərsən. Bu, yalnız müvəqqəti ola bilər. Biz bunu nümayiş etdirdik. İndi mən fəxr edirəm ki, biz Ukraynanın və digər ölkələrin ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyirik, böyük ağacların arxasında gizlətmirik. Nə demək istədiyimizi deyirik”.

Dövlət başçımızın bu qətiyyətini yüksək qiymətləndirən ABŞ Prezidenti yazır: “Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukray­naya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarıc verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edi­rik... Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarma­ğa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştat­ları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq”.

Xatırladaq ki, cənab Bayden Azərbaycan Prezidentinə 20 mart 2022-ci il tarixli təbrik məktubunda da Cənubi Qafqazda sülhün bərqərar olunması məsələsini qaldırmışdı: “Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda administrasiyam Cənubi Qaf­qazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahat­lıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”.

Bəli, Ağ ev rəhbəri gələcək illərdə də Azərbaycanla birgə işləmək istəyini dilə gətirir. Çünki Azərbaycanın indiki müstəqil dövlətinin yaşı az olsa da, bizim uzun əsrlərin yaddaşına yazılmış dövlətçilik tariximiz vardır. Yəni ermənilər kimi ordan-burdan yığışıb özgə torpaqlarında dövlət yaratma­mışıq. Bu isə indiki Azərbaycanın mükəmməl siyasətə, diplomatiyaya, parlamentarizmə, demokratiyaya, sədaqətli əməkdaşlıq təcrübəsinə malik olduğunun göstəricisidir. Bu faktları beynəlxalq aləmdə hamının bilməsinin və yüksək qiymətləndirməsinin nəticəsidir ki, ölkəmizin nüfuzu durma­dan artır.

ABŞ rəhbərliyi onun fərqindədir ki, Azərbaycan heç bir ölkənin da­xili işlərinə qarışmır və heç kəsə ərazi iddiası yoxdur. Üstəlik, rəsmi Bakı beynəlxalq aləmdəki müharibə və münaqişələrin sülh yolu ilə həll edilməsinə daim öz töhfələrini vermiş­dir. Bundan başqa, dünyanın hansı guşəsində baş verməsindən asılı olma­yaraq, bütün antiterror aksiyalarda daim haqqın, ədalətin tərəfində olmuşuq. Mövcud olduğu bütün dövrdə xəyanət, satqınlıq, terror, təxribat, separatçı­lıq və istənilən dövlətə düşmənçilik edən Ermənistan isə regionun bütün ölkələrinə qarşı ərazi iddialarından əl çəkə bilmir. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artmasının əsas səbəblərindən biri də məhz Bakı ilə İrəvanın yeritdiyi xarici siyasətdəki bu fərqlərdir.

Tarixi materiallardan da məlum olduğu kimi, son 30 il ərzində Azərbaycan və ABŞ arasındakı münasibətlər qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri çərçivəsində inkişaf yolu keçib. Konkret bir faktı yada salaq. 1994-cü ildə imzalanan tarixi “Əsrin müqaviləsi”ndən sonra ABŞ və Azərbaycan arasında iqtisadi əlaqələr dərinləşib. 44 günlük müharibədən son­ra yaranmış mərhələdə azad olunmuş ərazilərdə böyük layihələrin icrasında ABŞ şirkətlərinin fəal iştiraka göstərdiyi maraq da xüsusilə qabardılmalı məqamlardandır.

Xüsusilə qeyd etmək istədiyimiz məqamlardan biri də odur ki, dövlət başçımızın Amerika Birləşmiş Ştatları­nın Prezidenti cənab Cozef Baydenə 22 mart 2022-ci il tarixli məktubunda da Bakı – Vaşinqton əməkdaşlığının çoxvektorluluğundan söz açılmışdır: “Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən otuz ildə ölkələrimiz arasında uğur­lu ikitərəfli münasibətlər formalaşmışdır. Bu dövr ərzində çoxşaxəli səmərəli fəaliyyətimiz qarşılıqlı investisiya yatırı­mı, ölkənizi təmsil edən yüzlərlə şirkətin Azərbaycanın iqtisadi həyatında fəal iştirakı ilə müşayiət olunmuşdur”.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

25 May 2022 02:37 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə