Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Delimitasiya prosesinin yekunlaşması Qarabağın bərpasını sürətləndirəcək

Görünür Ermənistan tərəfi gec də olsa, Prezident İlham Əliyevin və Azərbaycanın bu çağırışına müsbət cavab vermək niyyətindədir. İstər me­diada, istər rəsmi dövlət qurumlarının və Prezidentimizin açıqlamalarında Azərbaycanın bu məsələ ilə bağlı qətiyyətli mövqe nümayiş etdirdiyini, ilk gündən nə deyibsə, həmin şərtlərə əməl etdiyini aydın şəkildə görmək müm­kündür. Delimitasiya prosesinin hətta müharibədən il yarım keçməsinə baxma­yaraq, nəinki tamamlanmaması, heç başlamamasının səbəbi isə Ermənistan tərəfinin göstərdiyi qətiyyətsizlik idi. Belə ki, ermənilər öz xislətlərinə uyğun olaraq, bu prosesin onların öhdəsinə düşən hissəsinə gah razılıq verir, gah da tərəddüd edirdilər.

Ermənistandan gələn müsbət siqnallar isə yaradılacaq delimitasiya komissiyasının tərkibinin müəyyən edilməsidir. Məlum olduğu kimi, Prezident İlham Əliyev mayın 22-də Brüsselə səfər edib, orada Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri ilə görüş keçirib. Dövlətimizin başçısı Azərbaycanın yaradılacaq birgə komissiyanın tərkib hissəsini, eyni zamanda, sülh müqaviləsinin hazırlanması üçün işçi qrupun heyətini müəyyən etdiyini, danışıqlara tam hazır olduğunu bildirib.

Ümumiyyətlə, Azərbaycan həm üçtərəfli bəyanatın, həm də verdiyi sözlərin, imzaladığı müqavilələrin müddəalarını icra etmək niyyətində olduğunu artıq sübut edib. Belə ki, Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılması, delimitasiya prosesinin başlanması, eləcə də regionda davamlı sabitliyi təmin edəcək sülh müqaviləsinin hazırlanması məsələsində üstünə düşən bütün öhdəlikləri yerinə yetirib.

Əlbəttə, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarını bərpa etdiyini nəzərə alsaq, deyə bilərik ki, delimitasiya prosesinin tez bir zamanda yekunlaşması bu işlərin də sürətlənməsinə imkan yaradacaq. Təbii ki, qarşıda görüləcək çox iş var. Təsəvvür edin, dünya son 30 ildə özünün ən sürətli inkişaf mərhələsində olarkən, Cənubi Qafqazda erməni işğalı altında olan torpaqlarımız nəinki bu inkişafdan geri qalıb, hətta, sözün həqiqi mənasında, viran edilib. Biz işğaldan azad edilən ərazilərimizdə qarşılaşdığımız mənzərəni, əsrlər əvvəl tərk edilən qədim yaşayış məntəqələrinə bənzədirik. Bu isə o deməkdir ki, yeniləşmə prosesi həm də aradan keçən 30 ilə yaxın müddəti kompensasiya etməlidir. Bu baxımdan işlərin uzadılması, delimitasiya prosesinin ləngiməsi bir çox cəhətdən ölkəmizin və regionun, o cümlədən, Ermənistanın əleyhinədir.

Bütün bu səbəbləri nəzərə aldıqda Ermənistanın üçtərəfli bəyanatın müddəalarına əməl etməsinin nə qədər önəmli olduğunu anlaya bilirik. Prezident İlham Əliyev birgə komissiyanın yaradılması, prosesin tezliklə yekunlaşması və davamlı sülhün təmin edilməsi üçün xarici dövlətlərin, xüsusən də region ölkələrinin, o cümlədən, nüfuzlu beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməli olduğunu qeyd edərək bildirir ki, bu, təkcə bizdən asılı deyil. Burada qeyd edilməli ən önəmli məsələlərdən biri də odur ki, delimitasiya prosesinin uzadılması, ləngidilməsi həm də bölgədə sülhün təmin edilməsinə əngəl törədir. Bu fürsətdən istifadə edib zaman-zaman səslərini yüksəltməyə çalışan revanşistlər isə “dəmir yumruğun” kölgəsində itir-batır, səslərini kəsirlər. Bu da bizə Vətən müharibəsindən əvvəl erməni əsgərlərinin atəşkəsi pozması zamanı tez-tez eşitdiyimiz o məşhur cümləni xatırladır: “Düşmən cavab atəşi ilə susdurulub”.

Qeyd edək ki, mayın 23-də Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib, Brüsseldə keçirilən görüşlər barədə qardaş ölkənin liderinə məlumat verib.

Ümumiyyətlə, budəfəki Brüssel görüşünün gündəliyində olan əsas məsələlər Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təmin edilməsi üçün müqavilənin hazırlanması, Azərbaycanın təklif etdiyi 5 prinsip, nəqliyyat-logistika dəhlizlərinin açılması və ən önəmlisi sərhədlərin delimitasiyası prosesi olub.

Dövlətimizin başçısı bu görüşün nəticələrini yüksək qiymətləndirdiyini qeyd edərək bildirib ki, tərəflər Zəngəzur dəhlizinin açılması, eləcə də dəmir yolu və avtomobil yollarının çəkilməsi barədə razılığa gəliblər.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Ermənistn Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Telefon danışığı zamanı bu barədə də məlumat verən dövlət başçısı qeyd edib ki, bu sayədə proses daha da sürətlənəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da, öz növbəsində, görüşdə əldə edilən müsbət nəticələrdən məmnun qaldığını bildirib.

Qeyd etdiyimiz kimi, delimitasiya prosesi nə qədər tez yekunlaşsa, bölgədə davamlı sülhün təmin edilməsi də bir o qədər tezləşər və asanlaşar. Bu isə təkcə Azərbaycanın deyil, ümumilikdə regionun nəqliyyat-logistika perspektivlərini artıracaq, iqtisadiyyata mühüm töhfə verəcək.

İmran ƏLİYEV,

“Xalq qəzeti”

25 May 2022 02:36 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə