Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağ evin Azərbaycana diqqət və marağının artması təbiidir

Məlum olduğu kimi, ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayaraq, ölkəmizi və xalqımızı 28 May – Respublika Günü münasibətilə təbrik edib. Məktubda iki ölkə arasında mövcud əlaqələrə yüksək qiymət verilib və gələcəkdə hərtərəfli əmakdaşlığı daha da gücləndirmək niyyəti açıqlanıb.

Fikrimcə, çağdaş dünyanın super dövləti olan Birləşmiş Ştatların müstəqil Azərbaycana diqqət və marağının artması təbiidir. Çünki bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan regionun iqtisadi və hərbi cəhətdən ən güclü ölkəsinə çevrilib. Ölkəmiz olduqca vacib geosiyasi məkanda yerləşir və son illər mühüm kommunikasiyaların mərkəzinə çevrilib.

Xatırladaq ki, Azərbaycan ilə ABŞ arasında tərəfdaşlığın 30 ildən artıq bir tarixi vardır. Bu illər ərzində ölkələrimiz arasında bərabərlik, qarşılıqlı hörmət və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq ənənələri formalaşıb.

Qeyd edək ki, iki ölkə arasında siyasi əlaqələr dinamik olaraq inkişaf edir. Belə ki, ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb, diplomatik münasibətlər isə 28 fevral 1992-ci ildə qurulub. Azərbaycanın ABŞ-da səfirliyi 6 mart 1992-ci ildən, ABŞ-ın Azərbaycanda səfirliyi isə 16 mart 1992-ci ildən fəaliyyət göstərir.

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında bu vaxta qədər 86 sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan – ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1997-ci ildən fəaliyyət göstərir.

Azərbaycanla ABŞ arasında müdafiə və təhlükəsizlik sahələrində də əməkdaşlıq durmadan inkişaf edir. Belə ki, 31 iyul 1997-ci il tarixli “Azərbaycan Respublikası ilə ABŞ arasında müdafiə və hərbi sahələrdə gələcək münasibətlərə dair Birgə Bəyanat” və 30 iyun 2000-ci il tarixli “Azərbaycan Respublikası ilə ABŞ arasında müdafiə və hərbi sahələrdə əməkdaşlığa dair Birgə Bəyanat” ikitərəfli hərbi əlaqələrin inkişafına təkan verib.

Təqdirəlayiq haldır ki, Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələr daim yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan hazırda Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır. Regionda birbaşa xarici sərmayələr ən çox Azərbaycana yatırılıb. Ölkəmizdə 300-dən çox Amerika şirkəti qeydiyyatdan keçib.

2020-ci ilin payızında Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz torpaqlarını işğalçı Ermənistandan azad edərək regionda tarixi ədaləti bərpa edib. Bununla da Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Ağ ev Azərbaycan dövlətinin regionda sülhün bərqərar olunması istiqamətindəki gərgin səylərini dəstəkləyir.

Düşünürəm ki, Azərbaycanla ABŞ arasında əməkdaşlıq qarşıdakı illər ərzində daha da güclənəcək. Bu, hər iki dövlətin və xalqlarımızın mənafeyinə uyğundur.

Əfrahim TƏHMƏZOV,

politoloq, ehtiyatda olan ədliyyə polkovniki

25 May 2022 02:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə