Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Azərbaycanın təşəbbüslərini yüksək dəyərləndirir

Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən qüdrətli ölkələrindən biri olan ABŞ-la münasibətlərin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir. Rəsmi Bakı bu dövlətlə əməkdaşlığın inkişafına hər zaman xüsusi önəm verir. Ölkələrimiz arasında enerji, nəqliyyat, infrastruktur, kommunikasiya və digər sahələrdə güclü təmaslar mövcuddur. Azərbaycanın Amerika ilə münasibətlərinin son illərdə strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlməsi diqqət çəkir.

Qeyd edim ki, son 18 il ərzində dünyanın fövqəldövlətinə rəhbərlik edən prezidentlər və onların administrasi­yaları tərəfindən Azərbaycana yüksək ehtiramla yanaşılıb.

ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda da bu, aydın nəzərə çar­pır. Belə bir diqqət, eyni zamanda, iki ölkə arasında sıx münasibətlərin yüksək səviyyəsinin göstəricisi hesab olunur. Rəsmi Vaşinqton Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edərək, həm regional, həm də qlobal problemlərin həllində onu yaxın tərəfdaşı kimi yüksək qiymətləndirir.

Yeri gəlmişkən, ABŞ Prezidenti Cozef Bayden ölkəmizə hər zaman xoş münasibət nümayiş etdirib. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarının birində hələ 2016-cı ildə Vaşinqtonda olarkən, o zaman vitse-prezident vəzifəsində çalışan Cozef Baydenlə görüşünü, ikitərəfli gündəliyə daxil olan mövzuların müzakirəsini xatırlayaraq, onun həmin vaxt regionun problematikasına dair dolğun məlumatı olduğunu və ölkəsi ilə Azərbaycan arasında münasibətlərə böyük dəyər verirdiyini vurğulayıb. Belə bir yanaşma Cozef Baydenin Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə Amerika xalqı adından təbrik məktubunda da öz ifadəsini tapıb.

ABŞ Prezidenti məktubunda bildirib: “Biz bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır...”.

Cozef Baydenin bu fikirləri onu göstərir ki, respublikamızla ABŞ arasında strateji əməkdaşlıq davamlı inkişafdadır və beynəlxalq aləmdə güclü təsir imkanlarına malik olan, dünyanın super dövləti sayılan ABŞ-la qarşılıqlı əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətində zəruri istiqamətlərdən biridir.

Dövlətimizin başçısı İlham Əliyev ayrı-ayrı vaxtlardakı çıxışlarında Ameri­kanın Azərbaycanın enerji layihələrinə verdiyi dəstəyi yüksək dəyərləndirib. Ölkə rəhbəri ötən əsrin 90-cı illərinin ortalarında Türkiyə ilə birgə ABŞ-ın Bakı – Tbilisi – Ceyhan neft boru xəttinə verdiyi dəstəklə Azərbaycanın müstəqillik illərində ilk böyük enerji layihəsinin həyata vəsiqə qazanma­sını sürətləndirdiyini qeyd edib. Yeri gəlmişkən, sirr deyil ki, o zaman bu layihə ilə bağlı dövlətimizə qarşı açıq və gizli təhdidlər olub. Buna baxmaya­raq, ümummilli liderimiz Heydər Əliyev həm “Əsrin müqaviləsi”ni, həm də Bakı –Tbilisi – Ceyhan boru xəttinin tikintisi ilə bağlı zazişi imzalayıb. Prezident İlham Əliyev isə ulu öndərin uzaqgörən siyasətini davam etdirərək, Bakı – Tbilisi – Ceyhan boru xəttinin fəaliyyətə başlamasını, o cümlədən, “Əsrin müqaviləsi”nin növbəti 25 il üçün də uzadılmasını gerçəkləşdirib. Rəsmi Vaşinqton isə Prezident İlham Əliyevin Azərbaycan dövlətinin gücləndirilməsinə xidmət edən bu siyasətini dəstəkləyib.

ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiya­ya söykənən milli dövlətçilik kursu­nun dönməzliyi ilə əlaqədardır. Bu iki dövlətin strateji müttəfiqliyinin getdikcə yaxşılaşması, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.

Cozef Bayden məktubunda, həmçinin bildirib ki, indi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştat­ları bütün Qafqaz və Trans – Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır.

Beləliklə, ABŞ-la münasibətlərin yüksək səviyyəyə qaldırılmasında şübhəsiz ki, ölkəmizin demokratik dün­yaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar mühüm rol oynayır. Digər tərəfdən, ölkəmizin Avropanın enerji təchizatı sahəsində əhəmiyyətli rolu da Azərbaycanla ABŞ arasındakı münasibətlərin daha da dərinləşməsinə önəmli təsir göstərir.

Qasım HACIYEV,

AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru

25 May 2022 02:34 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə