Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vatikanla əməkdaşlıq dinlərarası dialoqun inkişafına töhfə verir

Azərbaycan Respublikası ilə Müqəddəs Taxt –Tac ara­sında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar dövlət başçımızın Roma Papası Fransisk Həzrətlərinə göndərdiyi məktubda deyilir: “Biz Müqəddəs Taxt –Tac ilə əlaqələrimizə xüsusi önəm veririk. Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz otuz illik dövr ərzində böyük inkişaf yolu keçmişdir. 2002-ci ilin mayında Papa II İohann Pavelin və 2016-cı ilin oktyabrında Zati – müqəddəslərinizin Azərbaycana tarixi səfərləri həm ikitərəfli əlaqələrimiz, həm də sivilizasiyalararası dialoq baxımından mühüm əhəmiyyət kəsb etmişdi. Mən də Vatikana etdiyim üç rəsmi səfəri, Sizinlə həm Bakıda, həm də Vatikanda keçirdiyimiz görüşləri ən xoş təəssüratlarla xatırlayıram”.

 

Məktubda 2008-ci ildə Bakıda Katolik Kilsəsinin açılışı, 2012-ci ildə isə Vatikanda ilk dəfə müsəlman ölkəsinə – Azərbaycana həsr olunmuş sərgi keçirilməsi xatırlanır və bunla­rın dinlərarası və mədəniyyətlərarası anlaşmanın təşviqi, ümumbəşəri dəyərlərin qorunub saxlanması, in­sanlar arasında həmrəyliyin bərqərar olması istiqamətində əməkdaşlığın və birgə səylərin təzahürü olduğu bildirilir. Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt – Tac arasında formalaşmış səmərəli əməkdaşlığı xüsusi vurğula­yan dövlət başçımız fond tərəfindən Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan layihələrin reallaşdığını qeyd edərək, multikultural dəyərlərə sadiq olan və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın ənənəvi rolunu diqqətə çatdırıb.

Xalqımız tarixən xeyriyyəçilik etməyi, başqa xalqların nümayəndələrinə dayaq olmağı, onlara humanist münasibət göstərməyi sevib. Nə xoş ki, ulularımızın xeyriyyəçilik ənənələri dövlətimiz tərəfindən bu gün də davam etdirilir. Heç kimə sirr deyil ki, bir sıra sosial – mədəni layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun, onun rəhbəri UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse – prezi­denti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Onun rəhbərliyi ilə Heydər Əliyev Fondu nəinki Azərbaycanda, hətta onun hüdudla­rından kənarda irimiqyaslı layihələr həyata keçirir, məktəblər tikir, təmirə ehtiyacı olan binaları təmir etdirir.

Qeyd etdik ki, Heydər Əliyev Fon­dunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə fondun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Bu, həqiqətən danıl­maz faktdır. Artıq on ildən çoxdur ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda və Romada mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa edilir. Həmin layihələr Azərbaycan – Vatikan əlaqələrinin inkişafında xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq dinlər və mədəniyyətlər arasında platformaya mühüm töhfələr verir, Azərbaycanın bu sahədəki fəaliyyəti üçün böyük önəm daşıyır.

Fondla Vatikan arasındakı uğurlu əməkdaşlıq mədəni irsin qorunmasına xidmət etməklə yanaşı, dinlərarası dialoqun inkişafına da töhfə ve­rir. Mehriban xanım Əliyeva dörd il əvvəl Vatikana səfəri çərçivəsində Müqəddəs Taxt – Tac ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində apa­rılan müzakirələr zamanı demişdir: “Azərbaycanda məskunlaşan xalqlar arasında həmişə dostluq və qardaş­lıq münasibətləri olub. Çoxsaylı dini konfessiyaların mövcud olması bizim böyük sərvətimizdir. O cümlədən Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası Müqəddəs Taxt – Tacın və Azərbaycanın müştərək layihəsinin tərkib hissəsidir. Bizim fondumuz bu müştərək işi gələcəkdə davam etdirməyə həmişə hazır olacaq”.

Taxt – Tacla əməkdaşlıq çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa edilib. İctimaiyyət möhtəşəm freskaları res­tavrasiya olunmuş həmin katakomba­ları artıq ziyarət edə bilirlər. Həmçinin Müqəddəs Sebastian Bazilikasında yeni muzey yaradılıb və sarkofaqlar restavrasiya edilərək həmin muzeydə qorunur. Muzey hazırda ziyarətçilər üçün açıqdır. Katakombaların bərpası işlərinə 2016-cı ildə başlanılan Müqəddəs Sebastian Bazilikası IV əsrdə inşa edilib. Ümumilikdə, kata­kombalarda bütün xristian dünyası üçün mühüm əhəmiyyət daşıyan 8 minə yaxın sərdabə yerləşir. İtaliyalı arxeoloq Barbara Matzei katakombala­rın bərpası işlərinin mükəmməl həyata keçirildiyini deyib. Layihələr zamanı bərpa işlərinə beynəlxalq ekspertlər də cəlb olunub. Azərbaycanın Birinci vitse – prezidenti Mehriban Əliyeva burada sar­kofaqların restavrasiya edilərək qorun­duğu muzeyin təşkilinə yaxından dəstək göstərib. 2018-ci ilin sentyabrında isə Mehriban xanım Əliyeva katakombala­rın açılış mərasimində iştirak edərkən deyib: “Dünya mədəniyyəti, xüsusilə də xristianlar üçün böyük mənəvi dəyəri olan katakombaların müsəlman ölkəsi Azərbaycanın Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsi ölkənizin dinlərarası və mədəniyyətlərarası dialo­qa verdiyi töhfədir”.

Hazırda muzeydə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olun­muş 150 sarkofaq və ya onların fraqmentlərindən ibarət eksponatlar nümayiş olunur. Yer altında dörd mərtəbədən ibarət katakombada isə fondun dəstəyi ilə restavrasi­ya olunmuş, eramızın IV əsrinə aid sarkofaq və barelyeflər yerləşir. İncildən səhnələrin yer aldığı barelyef erkən xristianlıq dövrü üçün mühüm abidələrdən sayılır. Onu da qeyd edək ki, əvvəllər Romada Müqəddəs Se­bastian kilsəsinin altında yerləşən dəfn qalereyalarına katakombalar deyilirdi. Buradakı bəzi abidələrin yaşı III əsrə gedib çıxır.

Heydər Əliyev Fondu Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atilla­nın görüşü” barelyefinin bərpası işlərini 2020-ci ildə başa çatdırıb. Layihə 2019-cu ilin fevral ayında fond ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilib. Xatırladaq ki, 2020-ci il fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikana səfər çərçivəsində “Roma Papası I Leon ilə Hun imperatoru Atil­lanın görüşü” barelyefinin də yerləşdiyi Müqəddəs Pyotr Kilsəsinin Bazilikası ilə tanış olublar.

Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə hazırda Vatikanda bu istiqamətdə əməkdaşlığın növbəti mərhələsi icra edilir. Ötən ilin martında Heydər Əliyev Fondu və Müqəddəs Taxt – Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Məqsəd indiyədək ictimaiyyət üçün qapalı olan bu katakombaları bərpa edərək ziyarətçilərin istifadəsinə verməkdir. Bərpa işləri bu tarixi abidəyə ictimaiyyətin və turistlərin marağını ar­tıracaq, eləcə də, bu abidənin gələcək nəsillər üçün qorunub saxlanmasını təmin edəcək. Bu mənada deyə bilərik ki, Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan işlər dini və mədəni irsin qoru­nub saxlanmasında mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın Birinci vitse – pre­zidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr müqəddəs Taxt –Tacda çox yüksək qiymətləndirilir. Bu işlər fondun ümumbəşəri dəyərlərə verdiyi töhfələri bütün dünyaya nü­mayiş etdirir. Bununla yanaşı, həmin layihələr həm də ölkəmizin müxtəlif dinlərin abidələrinə və müqəddəs yerlərinə verdiyi önəmi göstərir. Bütün bunlar isə multikultural dəyərlərə sadiq və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın dünyadakı mövqeyini və yerini, həmçinin dinlərarası dialoqun qurulmasındakı rolunu möhkəmləndirir. Heydər Əliyev Fondunun dünya əhəmiyyətli tarixi, dini, mədəni abidələri bərpa etməsi həm də ümumilikdə ölkəmizin təbliği, dünyada layiqincə təmsil olunması baxımından mühüm əhəmiyyətə malikdir.

Bu gün dünyanın bir sıra ölkələrində ictimai – siyasi həyatda hökm sürən gərginliyin, kütləvi etiraz aksiyalarının və münaqişələrin daha da artdığı, bəzi regionlarda dini amildən bir vasitə kimi istifadə edərək, sülhə və təhlükəsizliyə təhdid törədildiyi gərgin şəraitdə Azərbaycanın, xüsusilə, Heydər Əliyev Fondunun əsl tolerantlıq nümunəsi göstərməsi, mədəniyyətlər və sivilizasiyalararası dialoqa geniş meydan verməsi dünya birliyində də yüksək dəyərləndirilir.

Roma Papası Fransisk də ölkəmizin bu istiqamətdə səylərini yüksək qiymətləndirir. Azərbaycanın Birinci vitse – prezidenti Mehriban Əliyevanın yüksək mükafata – Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə – IX Piy Ordeninin Böyük Xaçına layiq görülməsi də bu dəyərin, eyni zamanda Heydər Əliyev Fondu­nun dünyadakı nüfuzunun, fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. İnanırıq ki, Cənab Prezident İlham Əliyevin Roma Papasına ünvan­ladığı məktubda göstərildiyi kimi, “Azərbaycan ilə Müqəddəs Taxt – Tac arasındakı əməkdaşlıq bundan sonra da sivilizasiyalar və dinlərarası dialo­qun, dünyada tolerantlığın təşviqinə xidmət edəcəkdir”.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

25 May 2022 02:32 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə