Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan – Litva əməkdaşlığı yeni mərhələdə

Litva Prezidenti Gitanas Nausedanın bugünlərdə ölkəmizə baş tutmuş səfəri əməkdaşlığımızın strateji mahiyyətini bir daha təsdiqləmiş oldu. “Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz. Mən Sizi bizim ölkədə qəbul etməkdən çox məmnunam. Azərbaycana rəsmi səfər etdiyiniz üçün çox sağ olun. Biz bunu dostluq və tərəfdaşlıq əlaməti hesab edirik. Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir.” Bu sözləri mayın 18-də Azərbaycan Prezidenti İlham Əliyev litvalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında söyləmişdir.

Litva Prezidentinin Azərbaycana uğurlu səfərinin yekunları ilə bağlı mətbuata ve­rilmiş bəyanatlarda hər iki ölkə, eləcə də, Azərbaycana, Litvaya qonşu, tərəfdaş, dost olan ölkələr üçün maraqlı, mühüm məqamlar vardır. Prezidentlərin bəyanatlarında ikitərəfli əlaqələrlə yanaşı, çoxtərəfli əməkdaşlıq pa­latformaları, bir sıra beynəlxalq mövzular da yer aldı. Biz onu da görürük ki, Azərbaycan Prezidentinin bölgədə yaranmış yeni reallıqla­rı, tarixi zəfərimizi və hazırkı sülh gündəliyini əhatə edən bəyanatı 18 mayda – Laçının işğal günündə, daha dorğusu, keçmiş işğal günündə verilirdi. “Keçmiş işğal günü” deyiriksə, deməli, yeni səhifə başqa siyasi iqlimdə cərəyan etməlidir. Bölgə üçün, yaxın–uzaq ölkələr üçün, hər kəs üçün beynəlxalq hüquq normalarına, birgəyaşayış qaydalarına, mehriban qonşuluq, bir–birinin daxili işlərinə qarışmamaq və s. vacib prinsiplərə sadiqlik alternativlərin ən yaxşısıdır.

Azərbaycan Prezidenti mətbuat konfran­sında demişdir: “Biz bu gün Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti də müzakirə etdik. Mən bir daha Azərbaycanın mövqe­yini ifadə etdim ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq forma­tını yaratmaq üçün imkan var. Biz, həmçinin gürcüstanlı həmkarlarımız ilə bu barədə fikir mübadiləsi apardıq və onlar da bu seçimi çox müsbət qiymətləndirdilər. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin ola­raq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilməli deyil”.

Azərbaycanla Litva da məhz alternativlərin ən yaxşısı üzrə əlaqələrdə maraqlıdır və bu maraq, Litva Prezidentinin ölkəmizə səfəri əsnasında aparılmış müzakirələrlə bir daha təsbit olunmuş, qüvvətləndirilmişdir. Litva ilə Azərbaycan strateji tərəfdaşlardır və bu tərəfdaşlıq uzun illər əvvəldən başlayıb. Dövlət başçımız dedi: “İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialo­qun təzahürüdür”. Azərbaycan Prezidentinin bəyanatında özəlliklə sülh, əməkdaşlıq və qarşı­lıqlı fəaliyyət istiqamətində dövlətimizin niyyəti, planları, prinsipial mövqeyinə dair mövzular əsas yer tutdu. Bu, əlbəttə, təsadüfi deyildir. Birincisi, ona görə ki, Azərbaycan Qafqazda Litvanın önəmli – Litva Prezidenin öz sözləri ilə desək, çox önəmli tərəfdaşıdır. Çox önəmli tərəfdaşla ikitərəfli ticarət həcmlərini artırmaq­da maraqlı olan Litva, Cənubi Qafqazın bu, ən böyük, ən güclü ölkəsində sabitlikdə, istiqrarda maraqlı olması çox məntiqlidir. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə böyük quru­culuq işlərinə başlayıb və ölkəmizə yatırımda maraqlı olan dost, tərəfdaş ölkələr üçün bu böyük quruculuq işləri də, əlbəttə, cazibədardır.

Başqa bir mövzu, Avropa və onun təhlükəsizlik arxitekturasıdır. Litva həm Avro­pa İttifaqının üzvü, həm vaxtilə bizimlə birgə keçmiş Sovet İttifaqının üzvü olması baxımın­dan önəmli yerə malikdir. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olması təsadüfi deyil. Azərbaycan Avropa İttifaqı­nın 9 ölkəsi ilə strateji tərəfdaşlıq haqqında razılaşmalar imzalayıb. Yəni, Avropa İttifaqı da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. “Avropa İttifaqı –Azərbaycan əməkdaşlığı uğur­la inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft – qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb”. – Azərbaycan Prezidentinin sözləridir. Nəzərə alsaq ki, Azərbycan – Litva ikitərəfli münasibətləri 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatın ruhu­na uyğun şəkildə inkişaf etməkdədir, deməli, bu əməkdaşlıq ruhunu digər platformalarda da qorumaq, daha da inkişafına nail olmaq maraq­larımıza daxildir.

Nəhayət, onu da vurğulayaq ki, Litva Prezi­denti Bakıdan sonra İrəvana getdi. Bu isə onun üçün hər iki paytaxtda, dövlət rəhbərliyində, ümumən, ölkələrdəki vəziyyət, sülh gündəliyinə münasibət və digər mövzulara vaqif olma imkanı yaradacaq. Azərbaycanın mövqeyi aydındır: “Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik”. Avro­pa İttifaqının üzvü olan keçmiş Sovet İttifaqının üç respublikasından birinin rəhbəri olan Gitanas Nauseda, Azərbaycandan Ermənistana aydın təsəvvürlərlə yollanmışdır.

Bizim mövqeyimizin çox aydın olması, Ermənistanın Litva ilə, Avropa İttifaqı ilə, digər ikitərəfli, çoxtərəfli münasibətlər zəminində hər hansı formada “suyu bulandırmaq” cəhdlərini əhəmiyyətsizləşdirir.

Azərbaycan Prezidentinin 18 may bəyanatındakı ismarıcları yığcam şəkildə ifadə etməyə çalışaq:

– Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. Bunun üçün real imkanlar yaranıb və məhz Ermənistan sülh, əməkdaşlıq üçün real addımlar atmır, yaxud ata bilmir. Bu isə Cənubi Qafqaz üçün sülh, təhlükəsizlik və sabitlik mühitinin yaranmasını gecikdirir, vaxt itkisi yaradır.

– Azərbaycanın sülh danışıqlarının baza prinsipləri olaraq irəli sürdüyü 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına tam uyğun­dur və Ermənistanın onlardan imtinası məhz beynəlxalq hüququ saymamasının ifadəsi olacaq.

– Sərhədlərin delimitasiyası artıq baş­lamalıdır, bunun üçün real vaxt, şərait yeti­şib. Ermənistan hakimiyyətinin bacarıqsız, məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. Azərbaycan müvafiq işçi qrupunu vaxtında ya­radıb və nümayəndə heyətini ezam etməyə ha­zır olsa da, qarşı tərəf görüşün keçirilməsindən artıq iki dəfə imtina edib, üstəlik, görüş üçün hər hansı yeni tarix verməyib.

– Azərbaycan son iki ildə nə edib? İlk növbədə, BMT Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan yararlanaraq, ərazilərini işğaldan azad edib, ikincisi, azad edilmiş ərazilərdin minalardan təmizlənməsi, infrastrukturun bərpası, əhalinin öz yurd – yu­vasına dönməsi, şəhərlərin, kəndlərin sıfırdan yenidən qurulması üçün genişmiqyaslı işlərə başlayıb.

Bütün bunlar işğalçı ilə işğala məruz qalan, vandallıq edənlə abidələri dağıdılan tərəflərin fərqini, durumun gündəliyini müqayisə etməyə geniş imkan yaradır. Belə bir keçmiş üzərində sülhü bərqərar etmək nə qədər çətin olsa da, Azərbaycan yenə irəli baxır, ədalətli gələcək quruculuğuna çalışır. Avropa İttifaqı da, bütün beynəlxalq aləm də, bu durumu, gerçəkliyi, imkanları görməli, adekvat münasibət göstərməlidir.

Dövlətimiz var olsun!

Qənirə PAŞAYEVA,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

25 May 2022 02:32 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə