Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtidar – müxalifət dialoqu çərçivəsində növbəti görüş Azad Demokratlar Partiyasının sədri ilə keçirilib

Ölkəmizdə həyata keçirilən iqtidar – müxalifət dialoqu çərçivəsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mayın 24-də Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə görüşüb.

Prezident Administrasi­yasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə şöbə müdiri Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə siya­si dialoq mədəniyyətinin yeni mərhələsinin uğurla davam etdirilməsi, aparılan çoxşaxəli islahatların müvəffəqiyyətlə həyata keçirilməsi, bir çox məsələlərlə bağlı qanun­vericilik və institusional tədbirlərin görülməsi və bütün bu islahatlar fonunda ölkəmizdə fikir plüralizminin inkişafı üçün geniş imkanların yaradılması, siyasi baxışla­rından asılı olmadan bütün əhali qrupları arasında ictimai iştirakçılığın genişmiqyaslı tətbiqi barədə və çoxpar­tiyalı sistemin inkişafına dövlət dəstəyindən söz açıb, Azad Demokratlar Partiya­sının dövlət qeydiyyatından keçməsi və bugünkü aktiv legitim fəaliyyəti haqqında fikirlərini bildirib.

Azərbaycanda aparılan iqtidar – müxalifət dialoqu­na töhfə vermək məqsədilə müxtəlif siyasi partiyaların fəaliyyəti üçün münbit şərait yaradılmasından bəhs edən Ədalət Vəliyev ölkədə sabit siyasi mühitin dəstəklənməsi və siyasi partiyaların normal fəaliyyətinin təmin olunması üçün mütəmadi qaydada iş aparıldığını qeyd edib, bu istiqamətdə işlərin davamlı olacağına diqqət çəkib.

Azad Demokratlar Par­tiyasının sədri Sülhəddin Əkbər siyasi dialoq mədəniyyətinin inkişafı üçün yeni yaradılmış partiyalarla əməkdaşlığın digər partiya­larla eyni səviyyədə qurul­ması və ümumi işə töhfə vermək naminə rəhbərlik etdiyi partiya ilə belə bir gö­rüşün keçirilməsinə görə öz təşəkkürünü bildirib, iqtidar­la aparılan siyasi dialoqun dövlətçiliyimizin inkişafına, partiyalarla hakimiyyət arasında və partiyalararası olan siyasi əməkdaşlığın dərinləşməsinə xidmət etdiyi­ni vurğulayıb.

O, həmçinin son illərdə Azərbaycanın siyasi həyatının daha konstruktiv dinamikaya kökləndiyini, siyasi güclər arasında yersiz qarşıdurma, siyasi ittiham, inciklik, süni hüquqi maneələrlə bu və ya digər si­yasi xadimlərin və qüvvələrin marginallaşdırılması, partiya­lar, siyasi qüvvələrarası ifrat qütbləşmənin aradan qaldı­rılması istiqamətində böyük işlər görüldüyünü qeyd edib.

Sonda tərəflər dövlət siyasətinin müxtəlif istiqamətləri ilə bağlı si­yasi partiyaların təklif və təşəbbüsləri, işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işlərinin dövlətimizin iqtisadi gücü­nün göstəricisi olması, xarici siyasətdə qazanılan önəmli qələbələr, Vətən müharibəsi zəfərinin Azərbaycana bəxş etdiyi dividendlər, Azərbaycanla Ermənistan arasında və ümumilikdə regionda baş verən geosiyasi reallıqlar, Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şura­sının prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında ötən ilin sonu və bu il keçirilmiş üç görüşün nəticələri, Azərbaycanın dün­yada artan nüfuzu və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

24 May 2022 20:30 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə