Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Cənubi Qafqazı sülh və əməkdaşlıq bölgəsi kimi görmək istəyir

Ermənistan üzərindəki tarixi Qələbədən sonra ölkəmizin dünya birliyindəki reytinqi daha da yüksəlmiş və mövqeyi möhkəmlənmişdir. Bu gün respublikamız dünyada qalib ölkə kimi tanınır. İlyarım əvvəl qazandığımız zəfərdən sonra ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artır. Prezident İlham Əliyevin nüfuzlu beynəlxaq tədbirlərdə iştirakı, o cümlədən xarici ölkələrə səfərləri zamanı keçirdiyi görüşlər, imzalanan sənədlər zamanı da bunun şahidi oluruq. Qarabağın işğaldan azad edilməsindən sonra Şuşada, Cıdır düzündə keçirilən tədbirlərdə, həmçinin Suqovuşan su anbarında təşkil olunan beynəlxalq idman yarışında müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ölkəmizlə əməkdaşlığa olan marağın bariz nümunəsidir.

Bir neçə gün əvvəl respublika­mızda səfərdə olmuş Litva prezidenti Gitanas Nauseda ilə Prezident İlham Əliyevin görüşündə və mətbuata bəyanatlarında iki ölkə arasındakı dostluq münasibətlərindən, müxtəlif sahələr üzrə əməkdaşlıqdan söhbət açıldı. Dövlətimizin başçısı Litvanın Azərbaycan ilə uzun illər ərzində strateji tərəfdaş olduğunu, iki ölkə arasında uğurlu əməkdaşlıq həyata keçirildiyini diqqətə çatdırdı. Gö­rüş çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq üzrə Bəyannamənin səmərəli əlaqələrin mahiyyətini əks etdirdiyini, bu səfərdən sonra isə münasibətlərin yeni səviyyəyə yüksələcəyini bildirdi. Bu səfəri dostluq və tərəfdaşlıq əlaməti kimi dəyərləndirən ölkə başçısı Litva ilə Azərbaycanın uzun illərdir ki, strateji tərəfdaş olduğunu diqqətə çatdırdı.

Dövlətimizin başçısı postmüharibə dövründə Cənubi Qafqazda yaranmış reallıqlar, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi vəhşiliklər və hazırda həmin ərazidə aparılan genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri barədə də məlumat verdi. Bildirdi ki, Azərbaycan Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsinə çevrilməsi üçün öz töhfələrini əsirgəmir. Ermənistan isə müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamaqdan ya­yınır. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Təəssüf ki, Ermənistan indiyə qədər üçtərəfli qarşılıqlı fəaliyyət formatı­nın başlanmasına konstuktiv mövqe göstərmir.

Azərbaycanın tarixi Qələbəsindən sonra artıq Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Xatırladaq ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul edib. Ölkəmizin təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hü­quq normalarına tamamilə uyğundur. Ermənistanın həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imza­lanması üçün əsas yaradır. Vətən müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimi­tasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə baş­lamışdır. Sərhədlərin delimitasiyası artıq başlamalıdır. Təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədi, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayon­ları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti yaranıb.

Dövlət başçımız Ermənistanın məsuliyyətsiz mövqe nümayiş etdirməsinin narahatlıq doğurdu­ğunu diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin, apre­lin 29-da Ermənistan artıq razılaş­dırılmış görüşü ləğv etdi və mayın 7-11-də sərhəddə yeni görüşün keçirilməsindən də yayındı. Biz isə işə başlamaq üçün Ermənistandan konkret tarix gözləyirik.

Hazırda işğaldan azad edilmiş ərazlərdə bərpa-quruculuq işləri geniş miqyas alıb. Bu işlərdə bir sıra ölkələrin şirkətləri də fəallıq göstərirlər. Həmin şirkətlərin nümayəndələri, həmçinin işğaldan azad edilmiş tor­paqlarımıza səfər edən diplomatlar, beynəlxalq ekspertlər və aparıcı me­dia nümayəndələri erməni vəhşiliyinin canlı şahidi olurlar. Təsadüfi deyil ki, onlar azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. İşğal nəticəsində hər şey dağıdılmış və yerlə-yeksan edilmişdir.

Dövlət başçımız bir daha diqqətə çatdırdı ki, Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünümüdafiə hüququndan tam yarar­lanaraq torpaqlarını işğaldan azad etdi: “Azərbaycan təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, heç müharibə də olmazdı. Əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksi­ya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT Təhlükəsizlik Şurası­nın Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi”.

Çingiz QƏNİZADƏ,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

25 May 2022 02:25 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə