Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Brüssel prosesi Qafqazda sülhə ümidləri artırır

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə bugünlərdə keçirilmiş sayca üçüncü görüşündə əldə olunmuş razılaşmalar, müzakirə edilmiş digər məsələlər bu format çərçivəsində aparılan danışıqların uğurla nəticələnəcəyinə ümidləri daha da artırdı.

 

Aİ liderinin müzakirələrdən sonra verdiyi bəyanatda, əsasən, əldə olunan anlaşmalar sırasında sərhədlər və sülh sazişi kimi aşağıdakı önəmli məsələlər diqqət mərkəzində dayanıb:

– Birincisi, sərhəd məsələləri ilə bağlı komissiyaların ilk birgə icla­sında dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq və delimitasiya, sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər müzakirəyə çıxarılacaq;

– İkincisi, kommunikasiya, nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılıq əldə edilib və yaxın günlərdə baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər;

– Nəhayət, liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə anlaşıblar və yaxın həftələrdə xarici işlər nazirlərinin başçı­lığı ilə nümayəndə heyətləri bu prosesi həyata keçirəcəklər

Prinsip etibarı ilə olduqca önəmli bu istiqamətlər, ilk baxışdan, bun­dan əvvəlki danışıqlarda toxunulan məsələlərin davamıdır. Burada üzərində dayanılmalı məqam oldur ki, məhz Ermənistanın daxilindəki siyasi qarışıqlıq, baş nazir N.Paşinyana qarşı kənardan idərəolunması şübhə yaratmayan müxalifətin etirazları, həmçinin məhz bu ölkənin məsuliyyətsiz fəaliyyəti nəticəsində bundan öncə əldə olunan razılaşmaları gerçəkləşdirmək mümkün olmayıb. Aİ Şurası prezidenti Şarl Mişelin “biz sıx təmasda qalmağa razılaşdıq və iyul-av­qust aylarına qədər eyni formatda yenidən görüşəcəyik” açıqlaması deməyə əsas verir ki, bu dəfəki görüş daha məhsuldar olub və qeyd olunan razılaşmaların həyata vəsiqə qazanması üçün tezliklə real ad­dımlar atılması gözlənilir.

Planlaşdırılan növbəti görüşə qədər kommunikasiyaların açılması istiqamətində daha konkret ikitərəfli müzakirələr aparılacaq, o cümlədən, Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və başqa məsələlərlə bağlı irəliləyişlər baş verəcək. Eyni zamanda, sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə müzakirələr də intensivləşəcək, əldə olunan razılaşma­ların gerçəkləşməsi ilə bağlı proses fəal fazaya qədəm qoyacaq.

Ermənistan və Azərbaycan ara­sında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin davam etdirilməsi ilə paralel, Avropa İttifaqının hər iki ölkənin əhalisinin uzunmüddətli davamlı sülhə hazırlanmasına dəstəyini ifadə etməsi də təqdir olunmalı məqamdır. Xatırladaq ki, rəsmi Bakı bu məsələ ilə bağlı işlərin aparılmasına həmişə öz dəstəyini verib. Üçtərəfli görüşdə humanitar sahədə işğal­dan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi də yenidən müzakirə olunub ki, bunlar da xüsusi önəm daşıyan məqamlardır.

Onu da bildirək ki, Şarl Mişelin ev sahibliyi ilə gerçəkləşən görüşdə Qara­bağda yaşayan ermənilərlə bağlı hansısa statusdan deyil, bu icmanın hüquqları barədə danışılıb. Avropa İttifaqı preziden­tinin mətbuata bəyanatında da önə çıxan əsas məsələlərdən biri Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması, bu xüsusda qurumun tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcəyi ilə bağlıdır. Məsələyə Azərbaycanın maraqları kontekstindən yanaşsaq, bu müzakirələr zamanı “Dağlıq Qarabağ” ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib.

Bu, bir daha, öncəki görüşlərdə olduğu kimi, bu dəfə də status məsələsinin, ümumiyyətlə, müzakirə olunmadığını, Azərbaycanın bununla bağlı birmənalı mövqeyinin tam qəbul edildiyini təsdiqləyir. Bəyanatdan da göründüyü kimi, bu yöndə məsələlərin müzakirəsi zamanı yalnız Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb. Bunu isə Azərbaycan özü həmişə ifadə edib və 44 günlük Vətən müharibəsindən sonra dəfələrlə Xankəndində olan ermənilərin təhlükəsizliyinə təminat verəcəyini açıq şəkildə ortaya qoyub.

5 saat çəkən Brüssel görüşünün nəticələrini ümumiləşdirsək, bir daha aydın olur ki, Azərbaycanın mövqeyi verilən bəyanatda əks olunub: Azərbaycan postmüharibə dövründə irəli sürdüyü təkliflərə sadiqdir və müzakirələr də bu çərçivədən kənara çıxmır. Sərhədlərin və ərazi bütövlüyünün tanınması, kom­munikasiyaların açılması, Zəngəzur dəhlizi layihəsinin gerşəkləşməsi, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması Azərbaycanın dəyişməyən mövqeyidir. Bu mövqe indiyə qədər beynəlxalq dəstək qazanıb və Avropa İttifaqının timsalında davam etdirilən müzakirələrin detalları da bu dəstəyin real ifadəsidir.

Elman BABAYEV,

Əməkdar jurnalist

25 May 2022 02:24 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə